Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır - ARAŞDIRMA
Dil insanlar arasında təbii ünsiyyət vasitəsi, öz qanunları olan və yalnız bu qanunlar çərçivəsində inkişaf edən canlı varlıqdır. Dil mürəkkəb quruluşa malikdir, lakin insanlar arasında razılığı təmin edən yeganə vasitədir. İnsanı digər canlılardan fərqləndirən ən böyük xüsusiyyətlərdən biridir. Düşünən və danışan insanı yaradan varlıqdır.
İnsanlar bir hadisə ilə bağlı hisslərini, düşüncələrini, fikirlərini və hisslərini dil vasitəsilə çatdırırlar. O, həm bioloji, həm də mənəvi varlıqdır. İnsanlar dünyada yaşamağa başladığı ilk gündən bir dil quruluşu yaradaraq ünsiyyətə ehtiyac duymuşlar. Dil sayəsində təbiətdəki varlıqlara məna verib, hər birinə ayrıca ad qoyublar.
Bəs, dillər necə yaranıb? İlk danışılan dil hansıdır? Bu suallar illərdir dilçilərin beynini narahat edir. Lakin bu hissə hələ də həllini tapmayıb. Dilin yaranması ilə bağlı bir neçə nəzəriyyə var. Qısaca ümumiləşdirsək: dildə ilk sözlər əks sözlərdir. Bunlar təbiətdə baş verən hadisələri təqlid edərək ortaya çıxıb. Tırtıltı, xırıltı, xoruldama, tıqqıltı kimi. Yəni mərhəmət (aaah), təəccüb (aaa) kimi duyğulardan yaranan səslər həmin duyğuları təqlid etmiş və dildə həmin duyğu uyğun səslə danışılmağa başlamışdır. Hər bir nəzəriyyə dilin yaranmasının səbəblərini araşdırmış və izah etməyə çalışmışdır.
İnsanlar müqəddəs mətnləri düzgün oxumaq və nəsildən-nəslə ötürmək üçün çox səy göstərmişlər. Bunu edərkən də həmin dilin dilini və ümumi xüsusiyyətlərini yaratmışlar. Məlumdur ki, eramızın IV əsrində Aristotel dillə bağlı müəyyən araşdırmalar aparmış və bu gün isim, fel və ön söz dediyimiz elementləri ilk müəyyən edən şəxs olmuşdur.
Dünya dillərinin necə yarandığı hələ də böyük sirr olaraq qalır. Müşahidələr nəticəsində məlum olub ki, bir-birini tanımayan kar insanlar bir cəmiyyətdə bir araya gəldikdə çox qısa müddətdə öz işarə dilini inkişaf etdirə bilirlər. Bunun ən məşhur nümunəsi 1980-ci illərdə ortaya çıxan Nikaraqua işarə dilidir. Maraqlıdır ki, uşaqlar bu yeni dilin inkişafında mühüm rol oynayıblar. Bununla belə, Manuel Bohn dediyi kimi, bunun tam olaraq necə baş verdiyi məlum deyil.
Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.
Ulu Öndərimiz Heydər Əliyev dilimiz haqqında bu kəlamlardan istifadə edib: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir”, “Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm”, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”, “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir”, “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”.
SİA Beynəlxalq Ana Dili Günü ilə bağlı təhsil ekspertlərinin, deputatların və dilçi alimlərin fikirlərini öyrənib.
Təhsil eksperti Kamran Əsədov: “Hər bir dövlətin var olma səbəbləri, ən vacib atributları sırasında onun dili gəlir. Təbii ki, dil xalqı formalaşdıran bir amildir. Biz fəxr edirik ki, Azərbaycanın qədim tarixindən bugünə qədər dil tariximiz, dil mədəniyyətimiz var.
Qeyd edim ki, Azərbaycanda “Dövlət Dili Haqqında” qanun tam şəkildə dövlət dilindən istifadəni, eyni zamanda onun qorunmalı olduğu kimi vacib amilləri özündə əks etdirir. Bu gün Azərbaycan dili dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsidir. Türk dilləri ailəsinə daxil olan bir dil kimi özünün sadəliyinə, dilə yatımlığına görə daima fərqlənib, hətta ən məşhur şəxslərin belə Azərbaycan dili ilə bağlı çox müsbət fikirləri var. Bu gün Azərbaycan orta ümumtəhsil məktəblərində tədris Azərbaycan dilindədir və bu keyfiyyətli formada həyata keçirilir. Bu çox vacib bir amildir. Yəni, hər bir xalqın formalaşması üçün onun dili ən zəruri bir haldır və biz bugün fəxr edə bilərik ki, Azərbaycanın özünün ana dili, doğma dili var. Bu dil qorunur, sevilir. Oxunaqlı dildir, hətta bir sıra təşkilatlarda və rəsmi görüşlərdə belə Azərbaycan dilindən istifadə etmək olur.
Eyni zamanda bu bizim üçün böyük bir dəyərdir. Azərbaycan dilinin özünə qaytarılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var, hətta cənab Prezidentimiz İlham Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən bütün kiril hərflərinin qrafikasında olan kitablar dəyişdirildi, Azərbaycan dilində çap olunmağa başladı. Bu Azərbaycan dövlətinin Azərbaycan dilinə verdiyi dərin bir nəticəsidir. Qeyd edim ki, dil vacib bir amildir və o mütləq şəkildə qorunmalıdır”.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi: “Son dövrlər təəssüflər olsun ki, ana dilinə qarşı qeyri- ögey münasibət müşahidə edirik. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, daha çox vətəndaşlar demək olar ki, artıq məişət üslubunda belə rus və yaxud da ingilis dilində danışığa üstünlük verirlər. Bu isə yolverilməzdir o baxımdan ki, yəni, biz yalnız müvafiq dairələrdə və yaxud da müvafiq tələb olunan sahələrdə yalnız əlavə əcnəbi dildən istifadə edə bilərik. Amma gündəlik məişət üslubunda biz əgər ana dilini kənara qoyub başqa dillərdən istifadə ediriksə, bu birbaşa dilimizə qarşı hörmətsizlikdir, Ana dilinə qarşı həqarətdir. Ona görə də düşünürəm ki, vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar. Bu bizim Konstitusiyada da öz təsdiqini tapıb. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikasının da bütün danışıq dili sırf Azərbaycan dilində olmalıdır. Amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız bu kimi qadağalara məhəl qoymurlar, hətta aidiyyəti dövlət orqanları var ki, onların üzvləri, onların əməkdaşları bəzən brifinqlərdə, bəzən ümumi vətəndaşların qəbulunda müvafiq olaraq bir cümlədə əlavə iki dəfə, üç dəfə ingilis dilində istinad edir, ingilis dilində sözlərdən istifadə edir və yaxud da rus dilində sözlərdən istifadə edir. Təbii ki, dövlət rəsmisi bu şəkildə danışırsa, biz adi vətəndaşın da dövlət rəsmisindən örnək alırıq və o şəkildə danışması bizim üçün xoş deyil. Yəni, ona görə də dövlət rəsmiləri xüsusilə də bu məsələdə diqqətli olmalıdırlar ki, onların o danışıqları digər şəxslər üçün örnək olmasın.
Ümumiyyətlə, təkcə bunlar deyil. Son dövrlər bəzi mağaza adları, eyni zamanda şirkət adları və s. Böyük əksəriyyəti artıq xarici dilə istinadən adlar tətbiq edirlər. Burada daha çox üstünlük ingilis dilində sözlər təşkil edir. Bizim ana dilinə qarşı bu cür biganə yanaşmamız gələcək nəsillərin də tədricən dildən uzaqlaşması ilə nəticələnə bilər. Ona görə də yaxşı olar ki, müvafiq olaraq aidiyyəti dövlət orqanları bu məsələdə diqqətli olsunlar. Xüsusilə televiziyalar vasitəsilə digər qeyri-hökumət təşkilatları vasitəsilə yəni, ana dili ilə bağlı nə qədər qeyri-hökumət təşkilatları varsa, onlar maarifləndirmə işləri görməlidirlər və bu sahədə işlər aparmalıdırlar.
Xüsusi olaraq da əsas biz orta ümumtəhsil müəssisələrində sırf Azərbaycan dilinə üstünlük verilməliyik. Yəni, dərslərin böyük əksəriyyəti Azərbaycan dilində keçirilməlidir və müvafiq olaraq bu üstünlükdür. Mən demirəm hər hansı bir vətəndaş xarici dil öyrənməsin. Hər kəs öyrənə bilər. Amma yenə də müvafiq olaraq məişət üslubunda danışıq zamanı mütləq ana dilindən istifadə olunmalıdır və hər bir vətəndaşımız da buna qarşı mübarizə aparmalı, tələb etməlidir ki, müvafiq idarələrə, təşkilatlara və yaxud da müvafiq şirkətlərə daxil olduqları zaman əgər orda hər hansı bir vətəndaş sırf işgüzar üslubda başqa xarici dildə danışırsa ondan ana dilində danışmağı tələb olunmalıdır. Çünki Konstitusiya özü bunu tələb edir”.
Deputat Ceyhun Məmmədov: “21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. 21 Fevral - Beynəlxalq Ana Dili Günü Azərbaycanda da hər il qeyd olunur.
Azərbaycan dilinin dövlət dili səviyyəsində tanınması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi.
Eləcə də, müstəqillik illərində dahi rəhbərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin hərtərəfli inkişafına, zənginləşməsinə, onun diplomatik aləmə yol açmasına göstərdiyi qayğı və fədakarlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri oldu.
Ümummilli lider Heydər Əliyevin 2001-ci il tarixli Fərmanına əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Hər bir azərbaycanlının müqəddəs və mənəvi borcu ana dilimizi qorumaq, inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir. Dilimizi sevək, göz bəbəyimiz kimi qoruyaq”.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, fiolologiya elmləri doktoru, professor Sevinc Əliyeva: “Biz KİV vasitəsilə dilimizin bugünkü vəziyyəti ilə tanış oluruq. Beynəlxalq Ana Dili Günü daha çox azsaylı xalqlar üçün əhəmiyyət daşıyır. Azərbaycan dili qədim tarixi köklərə malik olan dildir. Bizim dilimiz özünün lüğət tərkibi ilə seçilir.
Beynəlxalq Ana Dili Günündə də mən bu dildə danışan, dil açan hər bir kəsi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dilimizin gözəlliklərini sevə-sevə Azərbaycan dilində daha peşəkar danışıb-yazmağı bacaraq.
Ümummilli Liderin təbirilə desək “Bu dildə danışmağımızla fəxr edək, qürur duyaq”. Bu dil həqiqətən mükəmməl dildir. Bu dil müxtəlif təsirlərə baxmayaraq özünün lüğət tərkibini qorumağı bacaran dildir. Bizim ata-babalarımız özlərindən sonra bizə böyük bir dil miras qoyublar. Biz də çalışmalıyıq ki, bu dili qoruyaq və gələcək nəsillərə ərməğan edək.
Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin sərəncam və fərmanlarında Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiq məsələləri həmişə gündəmdə olub. Burada 9 aprel 2013-cü il və 1 noyabr 2018-ci il tarixli fərmanları xüsusilə qeyd etmək istəyirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə