Heç kəs qatil doğulmur - SORĞU

Ailə sosioloji baxımından evlilik, ya da qohumluq xətti ilə gələn həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq isə xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir.

Lakin dövrümüzdə ailə sözü öz mənasını itirməyə başlayıb. Hazırda gündəmdəki mövzuların bir çox ailə daxili qətllərlə bağlıdır. SİA bütün bunları nəzərə alaraq şəhər sakinlərinin mövzu ilə bağlı münasibətini öyrənməyə çalışıb.

Şəhər sakini Vüqar Rüstəmov:
“Təbii ki, ailədəki problemlərin həlli ilk öncə elə ailədə həll olunmalıdır. Valideynlər daimi olaraq uşaqların tərbiyələri ilə məşğul olmalıdırlar. Bundan əlavə əgər problem böyüyüb qətl səviyyəsinə çatırsa artıq bu hüquqi cəhətdən dövlət tərəfindən tənzimlənməlidir”.

Şəhər sakini Sadiq İbrahimov:
“Düşünürəm ki, ailə daxilində qətl hadisələrinin baş verməsi sırf uzun müddət davam edən münaqişələrdən qaynaqlanır. Buna görə də ailə qurarkən bizi başa düşən insanı seçməliyik. Qarşı tərəfin bizi dinləyə bilməsi çox vacibdir. Lakin vəziyyət qətl səviyyəsinə çatırsa ailəyə artıq qıraqdan müdaxilənin olması vacibdir”.

Şəhər sakini Səbuhi Paşayev:
“Qanun birdir. O da Allahın qoyduğu qanundur ki, buna riayət etmək vacibdir. Lakin insanın qoyduğu qanunu hər an pozmaq mümkündür. Ailədə baş verən qətl hadisələri də buna bir nümunədir. Düşünürəm ki, bir insanın elmi və mənəviyyatı yoxdursa o hər şeyi etməyə qadirdir. Çünki bu cür insanlar düzgün düşünməyi bacarmırlar. Lakin hər bir halda insanın öz ailəsini qətlə yetirməsi ağlasığmazdır. Bu hadisə hüquqi baxımdan tənzimlənməlidir”.

Şəhər sakini Sona Şixəmirli:

“Əvvəla bu problemi yaradan faktorlar, mənim fikrimcə, vəhdət təşkil edir. Məsələn, uşaqlıqdan yaşadığın mühit, aldığın tərbiyə, uşaqkən sevginin aşılanması, həmçinin böyüyəndə oturub-durduğun ətraf, psixoloji problemlər və s. Çünki heç kəs qatil olaraq doğulmur, ümumiyyəylə heç kəs qətl törətdiyi ana qədər qatil psixologiyasına sahib olmur. Əsas onu qeyd etmək istəyərdim ki, az da olsa, medianın da burada öz təsiri var. Sadəcə qətl yox, ümumiyyətlə intihar mövzuları da açıq-aşkar şəkildə işıqlandırılır. Bunun özü də psixoloji olaraq bu kimi halların artmasına gətirib çıxara bilir. Hətta psixoloq Elnur Rüstəmov da məhz bu fikri təsdiqləyib. Media, Kütləvi İnformasiya Vasitələri də bu məsələdə həssas və diqqətli olmalıdır”.

Şəhər sakini Fuad Səmədzadə:

“Ailə daxili qətl hadisələrinin əsas səbəbi fikrimcə, tərəflərin biri-birini başa düşməməsi və seçim edərkən ani qərarın verilməsidir. Eyni zamanda ailələrin istəyi ilə evlənən cütlüklərin də münasibəti adətən yaxşı olmur. Bu prosesi tənzimləmək üçün isə sırf ailəyə dəstəklə bağlı müəyyən qurumların yaradılması vacibdir. Bundan əlavə hər iş yerində məcburi olaraq ailə münasibətlərini dəstəkləyən psixoloqlar yetişdirilməlidir. Beləliklə həm psixoloqlar işsiz qalmamalıdır, həm də ailə daxili problemlərin tənzimlənməsində böyük rol oynayacaq”.

Şəhər sakini Sona Zeynallı:
“İnsanların bir birini sevmədən, tanımadan ailə qurmaları yaranan problemlərin ən böyük səbəbidir. Tibbi yoxlanış zamanı psixoloqla da ayrı ayrı söhbət edilməlidir ki, bu insanlar evliliyə hazırdılar ya yox. Amma təbii ki, heç bir səbəb bir cinayət üçün keçərli ola bilməz”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə