AQTA bu kimi halların öhdəsindən tam olaraq gələ bilmir - MÜSAHİBƏ

AQTA bu kimi halların öhdəsindən tam olaraq gələ bilmir - MÜSAHİBƏ

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Sağlam qidalanmaq üçün süni yolla hazırlanmış qidalardan və yarımfabrikatlardan tamamilə imtina etməliyikmi?

- Bildiyimiz kimi bu gün müasir dünyanın tələblərinə görə qidaların çoxlu sayda çeşidləri artır. Qida çeşidləri artdıqca, qidaların bir ölkədən başqa bir ölkəyə daşınması üçün qidanın rəf ömrünü uzatmağa çalışırlar. Qidanın rəf ömrünün uzatmaq üçün ona müxtəlif kimyəvi qatqı maddələri qatırlar. Bu maddələr də daha sonrakı mərhələdə insan sağlamlığı üçün çox böyük təhlükəyə səbəb olur. Təbii ki, bu qatqı maddələri bir qidada yox, digər qidalarda olduğu üçün insan artıq bir neçə qida qəbul etdikdə bu da bir sonrakı mərhələdə müxtəlif xəstəliklərlə ortaya çıxır. Biz hər zaman təbliğ edirik ki, insanlar marketlərdən alış-veriş edərkən mütləq şəkildə uzun rəf ömrü olan qidaları almasınlar. İnsanlar daha çox mövsümi meyvə-tərəvəzlərə üstünlük verməlidir. Çünki bu sağlamlıq cəhətdən çox vacibdir.

- Arıqlamaq və sonra yenidən kökəlmək üçün nə etmək lazımdır?

- Azərbaycan mentaliteti olaraq bu gün biz çay içməyə daha çox meylliyik. Nə qədər çayı sevsək də, gün ərzində kifayət qədər, insan çəkisinə uyğun su qəbuluna üstünlük verməyimiz daha yaxşıdır. Keçmiş dövrdə gündə iki dəfə yemək yemək tövsiyə olunurdu. Amma indiki dövrdə gün ərzində 3 dəfə, hətta 4 dəfə qida qəbul etməliyik.

- Bildiyimiz kimi “üç zəhər” kimi qeyd etdiyimiz un, şəkər və duz kimi qidalardan imtina etdikdə həmin qidalara alternativ olaraq hansı qidalarla əvəz edə bilərik?

- Təbii ki, bu gün biz “üç zəhər” kimi adlandırdığımız ağ qidalardan davamlı olaraq istifadə edirik. Bu qidaların əvəzləyici qidalar kimi xurmanı tövsiyə edə bilərik. Bildiyimiz kimi xurma tərkibinə görə, çox zəngin qidadır. Səhər yeməyində isə daha çox təbii baldan istifadə edə bilərlər. Emal olunmuş duzdan ümumiyyətlə imtina etmək lazımdır. Bu duzların əvəzinə Naxçıvan duzlarından istifadə etmək daha yaxşıdır. Bundan əlavə duz istehlak edərkən duzu miqdarı da çox önəmlidir. Duzdan həddindən çox istifadə etmək gələcəkdə müəyyən xəstəliklərə səbəb ola bilər.

- Bəs, hansı qidalardan və içkilərdən uzaq durmaq lazımdır?

- Xüsusilə, "fast-food" adlandırdığımız qidalardan uzaq durmalıyıq. Həmçinin “kartof fri” adlandırdığımız, daha çox da uşaqların yediyi qida var ki, bu qidanın qızardılmasında çox ciddi təhlükələr yaranır. Çünki bir yağı bəlkə də 200-300 dəfə dəyişmədən qızardırlar. Bu kimi qidalar gələcəkdə insan orqanizmində xəstəliklərin gətirib çıxardır.

- Məktəblilərin qida rejimi necə olmalıdır?

- Təəssüflər olsun ki, məktəblərdə mənşəyi bilinməyən ətlərdən hazırlanan dönərlər satırlır. Bu çox təhlükəlidir. Bu kimi qidalar daha sonradan insan orqanizmi üçün çox zərərlidir. Eyni zamanda məktəblərdə satılan hazır şirniyyatlar, peçenyelər, xüsusilə də qazlı içkilər uşaqlar üçün çox təhlükəlidir. 2018-ci ildə Azərbaycan Qida Təhlükəsizliyini Agentliyi fəaliyyətə başladı. Lakin çox təəssüflər olsun ki, bu gün nəzər yetirdikdə AQTA bu kimi halların öhdəsindən tam olaraq gələ bilmir.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə