"Şuşa ili" ilə bağlı mövzu artıq köhnəlib - DEPUTATDAN "ORİJİNAL" CAVAB - İRAD

"Şuşa ili" ilə bağlı mövzu artıq köhnəlib - DEPUTATDAN "ORİJİNAL" CAVAB - İRAD

Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqların mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğuna görə işğaldan əvvəl də Şuşanın harasına baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Ona görə də Şuşaya qayıdışımız mədəniyyətimizin qayıdışından başlanıb.

Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində daşlaşmış yeri və bir çox hallarda müqəddəsliyi hər kəsə məlumdur. Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə cəlb edə və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də Şuşanın təsis olunmasının 270 illiyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi hamımızın ürəyincə oldu.

Lakin təəssüflər olsun ki, son günlər bəzi ekspertlərə, deputatlara 2022-ci ilin "Şuşa ili"nin elan edilməsi ilə bağlı Prezidentin Sərəncamının əhəmiyyəti, Şuşanın ölkəmiz üçün tarixi haqqında suallar ünvanladıqda ya cavab vermək istəmirlər, ya da cavab verdikləri təqdirdə bu mövzunun köhnə, “çeynənilmiş” mövzu olduğunu dilə gətirirlər. Buradan sual ortaya çıxır. Bəyəm, Prezidentin imzaladığı hər bir Sərəncam əhəmiyyətsizmi sayılır?

Bu gün Səs İnformasiya Agentliyinin əməkdaşı Səbinə Hüseynli Milli Məclisin deputatı Sahib Alıyevlə əlaqə saxlayıb. Onun cavabını isə sizə olduğu kimi təqdim edirik: “Bu mövzu ətrafında artıq 3 aydır ki, danışılır və köhnəlmiş mövzudur. Mən özüm də jurnalistəm və proseslərin içindəyəm. Axı niyə hər dəfə köhnəlmiş mövzular barədə işlənilir. Bu barədə Milli Məclisin saytında çıxışım var və əlavə də fikir bildirməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə