Ətraf mühitin çirklənməsi daha çox insan ölümünə səbəb olur

Ətraf mühitin çirklənməsi daha çox insan ölümünə səbəb olur

Ətraf mühitin çirklənməsi bir il ərzində yeni növ koronavirusdan (Covid-19) daha çox insan ölümünə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramı mövzu ilə bağlı yaydığı hesabatda qeyd olunub.

Hesabatla bağlı yazılı açıqlama verən BMT-nin xüsusi məruzəçisi Devid Body "Covid-19" ilə mübarizənin başlanmasından bəri qlobal ətraf mühitin çirklənməsi risklərinin idarə edilməsinin uğursuz olduğunu bildirib.

D. Body qeyd edib ki, "Covid-19" indiyədək 5,9 milyon insanın ölümünə səbəb olsa da, pestisidlər, plastik və elektron tullantıların yaratdığı ətraf mühitin çirklənməsi hər il ən azı 9 milyon insanın vaxtından əvvəl ölməsinə səbəb olur və ətraf mühitin çirklənməsi "Covid-19" epidemiyasından daha ölümcüldür.

"Covid-19" ilə mübarizənin ətraf mühitin çirklənməsi gündəmini arxa plana keçirməməsinin vacibliyini vurğulayan Body teflon qablar kimi məişət məhsullarında istifadə edilən və xərçəngə səbəb olan poliftoralkil və perfluoroalkil kimi xammalın qadağan edilməsi lazım olduğunu bildirib.

BMT-nin Ətraf Mühit Proqramının ətraf mühitin çirklənməsi ilə bağlı hesabatı BMT-nin İnsan Hüquqları Şurasının gələn ay keçiriləcək iclaslarında müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə