İctimai nəqliyyatda mədəni davranışlar təhlükəli halların qarşısını alır

İctimai nəqliyyatda mədəni davranışlar təhlükəli halların qarşısını alır

“Hər bir ölkənin, hər bir xalqın inkişaf səviyyəsi həm də onun ictimai yerlərdə sərgilədiyi davranışı ilə müəyyən olunur. Yəni, ictimai yerlərdə davranış həm də xalqın inkişafının müəyyən bir göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, ictimai yer dedikdə ictimai nəqliyyat vasitələri də nəzərdə tutulur: “İnsanların ictimai nəqliyyatdakı davranışları da təbii ki, mühim bir göstəricidir. Əvvəla hər bir insanın ictimai nəqliyyatda özlərini mədəni aparması ölkə əhalisinin rahatlığını təmin edir. Çünki insanlar bilir ki, ictimai nəqliyyatda başqa insanlar tərəfindən narahat edilməyəcəklər. Bu, təbii ki, ölkədə də müəyyən rahatlığa səbəb olur. Eyni zamanda mədəni davranışlar təhlükəli halların qarşısını alır. Hörmətsizlik, kobudluq xoşagəlməz hallara səbəb olur. Hətta bu kimi hallar bəzən əlbəyaxa vuruşla da nəticələnir. Təbii ki, bu öz növbəsində də sürücüyə də təsir edir. Digər bir tərəfdən isə ictimai nəqliyyatda bizim davranışımız ölkəyə gələn qonaqların, turistlərin gözü qarşısında baş verir. Çünki onların da bir çoxu bu və ya digər bir ictimai nəqliyyat növündən istifadə edir. Bizim davranışımız ölkəyə gələn turistlərin ölkə, xalq haqqında fikirlərinin müəyyənləşməsində mühim rol oynayır. Buna görə də insanlar ictimai nəqliyyatda özlərini mədəni aparmağa məcburdurlar. Amma təbii ki, bu proses də bir günün içərisində qaydaya düşə bilməz. Bu cür mədəni davranışların formalaşması üçün də təhsil sistemində, ailədə, iş yerlərində bununla bağlı ciddi maarifləndirmə işi aparılmalıdır. Filmlər, tele-seriallarda bununla bağlı müəyyən məsələlərə toxunulmalıdır. Televiziyalar xüsusi maarifləndirmə işi aparmalıdırlar. Yəni bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə