“Sərgüzəşti-qlavpoçt” - FELYETON

“Sərgüzəşti-qlavpoçt” - FELYETON

Ey mənim müsəlman qardaşlarım, inanın ki, bu zamanədə, bu şəhr içrə hərdən elə sərgüzəştlərlə adam qarşılaşır ki, dərhal “Danabaş kəndinin əhvalatları” yada düşür. Çün vaqe olan bu əhvalarların bir-birinə bənzəri həddən ziyadə çoxdur. Söhbət “Sərgüzəşti-vəziri–xani–Lənkəran”-dan getmir, bu dəfə məsələ başqadır və buna elə “sərgüzəşti-qlavpoçt” desək cümləmizə xoş gələcəyini güman edirəm. Əlbəttə ki, haqqında ərz edəcəyim bu poçtda müşahidə edildiyi üçün mən bu qənaətdəyən, ey əhli-müsəlmanlar.

Rəhmətlik Mirzə Cəlilin sözləri hələ də qullarlarda mis kimi cingildəyir: "Ey mənim müsəlman qardaşlarım! Əgər məndən gülməli nə isə eşitsəniz... düşünməyin ki, siz Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Kimə güldüyünüzü bilmək istəyirsinizsə, qarşınıza güzgü qoyun və əksinizə diqqətlə baxın". Bu sözlərlə Cəlil Məmmədquluzadə eybləri axtarmağı, çatışmazlıqları ayinədə görməyi övladi-vətən üçün tövsiyyə edir və elə bizim də məramımız məhz bundan ibarətdir. Ondan ibarətdir ki, poçt qutusu qarşısında saatlarla oturub gözləyən təkcə Novruzəli deyilmiş, hələ çox belə hallara şahid olacağıqmış və indi növbəmizin çatacağını uzun müddət gözləyərkən bizim Novruzəliyə gülməyimiz həm də Mirzə Cəlilin güzgü barədə dediklərini bir daha xatırladır.

Sözümün mabədi isə ondan ibarətdir ki, məmləkətimizdə əlahəzrət hökumətin yaratmış olduğu bu qədər imkanların, şəraitin müqabilində hələ də poçt qutusu önündə də yox, elə poçtun daxilində, özü də “Qlavpoçt” dediyimiz mərkəzi poçtun özündə oturub uzun zaman gözləyənlər var və onlar mənə Novruzəlini xatırlatdı. Halbuki, daha tez xidmət etmək, insanları tez yola salmaq üçün çoxlu sayda “qutu” ilə poçtumuz dövlət tərəfindən təmin edilib və indi kompyuter deyilən bu sürətli qutuların köməyi ilə elə etmək olar ki, biz özümüzü poçt qutusunun önündə gözləyən Novruzəlinin yerində görməyək, yetər ki, buna cani-könüldən çalışan olsun. Ən dəhşətlisi odur ki, söhbət hansısa ucqar kənddə bina edilən poçtdan da getmir. Əsla. Məsələ burasındadır ki, barəsində nəql etdiyim məmləkətin düz paytaxtında müşahidə edilir, özü də hansısa sıradan bir poçt şöbəsində də yox, mərkəzi poçtda, “qlavpoçt” dediyimiz poçtda.

Sən demə, günlərin bir günündə mən bəndeyi-fəqir özüm də poçt məsələsində giriftar olacağammış. Xülasə, ərz edim ki, iştən izn alıb barəsində nəql etdiyim poçta yollandım ki, komunal ödənişimi edim və həmən tez geri, işimin başına dönüm. Fəqət mərkəzi poçta daxil olar-olmaz tez növbə götürüb zamanımı, növbəmin çatacağını gözləməli oldum. Amma necə deyərlər, sən saydığını say. Əlqərəz, bir də baxdım ki, xeyli vaxtdır gözləməkdəyəm, amma bu gedişlə mənə növbə çatacağı dəryada balıq sevdasına bənzər və axşama qədər burda qalmalı olacağam. Məsələ burasındadır ki, gözləyən tək mən deyildim və içəridəki adamlar cəmi ikicə nəfər poçt əməkdaşının, necə deyərlər ümidinə qalmışdılar. Bir tərəfdən də növbəyə düzülənlərin sayının artmasına baxmayaraq, bu iki nəfərin sayı heç artmırdı ki, artmırdı. Vəziyyətin, halın nə yerdə olduğunu zamanı gələndə sübut etmək imkanı üçün əşyayi-dəlilə ehtiyac duyulurdu və bu məqamda mənzərənin foto şəklini telefonumla çəkmək qərarına gəldim. Elə bir-iki şəkil çəkmişdim ki, bir də gördüm mühafizəçi gəlib başımın üstünü kəsdirdi ki, bəs çəkdiklərini sil. Əhli-qələm, KİV nümayəndəsi olduğumu təsdiq edən sənədi təqdim etdikdən sonra mühafizəçi məni rəhbərlik kimi təqdim etdiyi bir nəfərin hüzuruna apardı və eyni ilə “bombarabatay” deyən girdəvoy kimi məsələni nəql etməklə özünü qəhrəman olaraq göstərdi. Pəjmürdəliyimin səbəbini ərz etdikdən sonra bu “rəhbərlik” kimi təqdim olunanın cavabı bu oldu ki, iki nəfər elə bu qədər adama yetərmiş, hələ artıq da imiş. Nə qədər gözlədiyimi növbə çekinin köməyi ilə subutalnı-dokumentalnı göstərdikdən sonra belə məlum oldu ki, bu adi hal imiş.

And olsun ki, ay haray deyib, haray-həşir, qara-qışqırıq, vay-şüvən qoparmadım. Zalda gözləyənlərdən fərqli olaraq, Novruzəliyə yox, mən daha çox Məmmədhəsən əmiyə bənzəyə bilərdim, özüm də heç bir iddiada deyildim, öz eşşəyimi, əstəğfirullah, haqqımı tələb edirdim ki, çox gözləməyim. Söhbət nədənsə getmir ha, söhbət vnimatelni olmaqdan gedir. İndi mənim yazmağımdan inciyənlər gərək vaxtında biləydilər ki, qayda belədir, səm mənə vnimatelni olarsan, mən də sənə.

Xülaseyi-kəlam, bu dünyada hali-həyatımızda hələ tez-tez bu halla qarşılaşmalı olacağıqmış. Elə biz özümüz də, dost-aşnalarımız da nə vəqt isə eynən Novruzəli kimi gözləməli olduğumuzu anladığımdan canıma vəlvələ düşdü. İntəhası, buna bir əlac qılınacağına, əncam çəkiləcəyinə ümidimiz də var. Necə deyərlər, ümidsiz şeytan olsun!.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə