Qanunla jurnalistlər mənzil şəraitini yaxşılaşdıra biləcək - TƏƏSSÜRATLAR - MEDİA NÜMAYƏNDƏLƏRİ DANIŞDI

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanundan irəli gələn məsələlərlə bağlı SİA ölkə jurnalistlərinin fikirlərini öyrənib.

Ölkə.az saytının məsul redaktoru Samir Mirzə: “Əvvəla onu deyim ki, qəbul olunan bütün qərarlara nikbin yanaşmanın tərəfdarıyam. Dəyişikliklərin hansısa inkişafa səbəb olacağını düşünürəm. MEDİA haqqında qərar çox müzakirə olunur. Burada neqativlərdən danışılsa da, pozitiv məqamlar da var. Ümid edirəm ki, yeni layihə ilə jurnalistikanı sadəcə öz maraqları üçün seçənlərin qarşısı alınacaq. Qadağan olunmuş informasiyaları yayanlar işinə məsuliyyətli yanaşacaq. İş yoxdur deyə, jurnalistikaya üz tutanlar bu peşənin əhəmiyyətini anlayacaq və bir daha bu barədə düşünəcək. Həmçinin qeyd edim ki, ən azından kolleci bitirmiş və hazırda jurnalist fəaliyyəti ilə məşğul olanların da dövlət reysterinə qəbul edilməsinin də tərəfdarıyam. Hər halda zaman göstərəcək ki, yeni qərarla hansı nəticələr əldə olundu. Ola bilsin, gələcəkdə yenidən hansısa bəndlərdə dəyişiklik olsun və ya hansısa əlavələr olsun. Qərar işə düşdükdən sonra onun effektivliyi, çatışmazlıqların olub-olmaması aydınlaşır. Zatən zamanla bütün qanunlar təkmilləşir”.

"Səs" İnformasiya Agentliyinin əməkdaşı Rövşən Rəsulov: “Media haqqında" qanunun cənab Prezident tərəfindən ratifikasiya edilməsi müasir dövrümüzün media tələblərinin daha mütəşəkkil icrasına və inkişaf xarakterli istiqamət almasına kifayət qədər zəmin yaradır. Xüsusilə, jurnalistika sahəsində qüsurların, arzuolunmaz halların, əsasən də reketçilik meyllərinin aradan qaldırılması yönündə qəbul edilən qanunun işlək mexanizmə çevrilməsinə böyük ümidlər bəsləyirik. Buna misal kimi, vahid kart sisteminin tətbiqini deyə bilərik. Bu kartlar vasitəsi ilə yanlış məqsədli fəaliyyətlərin qarşısı birdəfəlik alınacaq və özünü “jurnalist” kimi təqdim edən istənilən şəxsin qanunazidd, o cümlədən, peşəkar jurnalistikaya xələl vura biləcək maraqlarına son qoyulacaq. Biz bütün bu üstünlükləri qarşıdakı zamanlarda müşahidə edəcəyik. Əsas budur ki, qanun işlək vəziyyətdə olsun və media rəqabəti mühitinin tərəqqisinə yalnız uğurlu məqamları ilə xidmət etsin.

Daha bir mühüm nüans isə budur ki, jurnalistlərin sosial həyatlarında bir sıra yeniliklər yaranacaq, yəni müxtəlif sahələr üzrə güzəştlərin tətbiqindən tutmuş digər məsələlərə qədər qeyd edilmiş hər bir bənd, hər bir müddəa fəaliyyət perspektivimizə münbit stimullarını verəcək. Bütövlükdə isə "Media haqqında" qanunun milli mətbuatımız üçün uğurlu bir tandem olduğunu əminliklə qeyd edə bilərik”.

7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov: “Bildiyiniz kimi Azərbaycanda "Media haqqında" qanun qəbul olunmamışdan öncə geniş ictimaiyyət tərəfindən müzakirə olundu. Demək olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün klassik və yeni media Medianın İnkişafı Agentliyində görüş keçirdi. "Media haqqında" qanunun əlavə və dəyişiklikləri, demək olar ki, media camiəsinin bütün tərəfləri arasında müzakirə olundu, bütün təkliflər və tələblər hamısı dinlənildi.

Köhnə qanunda olan bəzi çatışmazlıqlar yeni dövrün tələblərinə uyğunlaşdırıldı və uzun müddət davam edən müzakirələrdən sonra "Media haqqında" qanun parlamentə çıxarıldı. Parlamentdə vitse-spiker Əli Hüseynlinin rəhbərliyi ilə "Media haqqında" qanun bir neçə gün müzakirə olundu. Müzakirədə vətəndaş cəmiyyətini narahat edən, ən çox sual doğuran məsələlərə aydınlıq gətirildi və daha sonra tam yetkinləşmiş, tam təhlil olunmuş qanun versiyası Milli Məclisə təqdim olundu və təsdiq olundu. Bilirsiniz ki, artıq cənab Prezident "Media haqqında" qanunu ötən gün təsdiqlədi və mən elə hesab edirəm ki, bu qanunun təsdiqlənməsi Azərbaycan media tarixində yeni səhifənin açılması ilə yadda qalacaq və eyni zamanda Azərbaycanda media ənənələrinin daha innovativ formaya inteqral etməsini stimullaşdıracaq.

Bundan başqa burada jurnalistlər üçün müxtəlif həm sosial paketlərin hazırlanması, həm mənzil şəraitlərinin yaxşılaşdırılması, eyni zamanda redaksiyalar üçün reklam mühitinin yaxşılaşdırılması və bütövlükdə Azərbaycanda sağlam media mühitinin qurulması ilə bağlı çox ciddi maddələr yer alıb. Bu maddələr hesab edirəm ki, bütövlükdə qanunun özü Azərbaycan mediasının qısa zamanda müsbət mənada yeni mərhələyə daşınmasını təmin edəcək”.

"Trend" İnformasiya Agentliyinin əməkdaşı Samir Əli: “Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Media haqqında” qanun bu sahədə olan çatışmazlıqların aradan qaldırılmasına yardım edəcək. Qanuna əsasən jurnalistlərə ipoteka kreditlərinin verilməsi isə media əməkdaşlarının ən çox əziyyət çəkdiyi problemlərdən birinin, bəlkə də ən vacibinin həlli deməkdir. Uzun illər media sahəsində çalışan şəxs evsiz olduğu halda, mənzil şəraitini yaxşılaşdıra bilmirdi. Heç bir bank və bank olmayan kredit təşkilatı jurnalistə nə kredit, nə də ipoteka vermirdi. Nəticədə yüzlərlə jurnalist evsiz, kirayələrdə yaşayırdı.

Düzdür, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət kifayət qədər tədbirlər görüb. Prezident İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün yaşayış binaları inşa edildi, 300-dən artıq jurnalist ailəsi həmin binalarda mənzillə təmin edildi. Bu proses hələ də davam edir. Amma bu proses jurnalistlərin mənzil problemini tam həll etmədi. Yeni qanun isə demək olar ki, jurnalistlərin bu probleminin tam həllinə nail olacaq. Bu qanunla ciddi media orqanında çalışan jurnalist rahat şəkildə istənilən bank və bank olmayan kredit təşkilatına müraciət edərək ev, mənzil problemini həll edəcək və ya mənzil şəraitini yaxşılaşdıra biləcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə