Yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib - YENİLƏNİB-FOTOLAR

Yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib - YENİLƏNİB-FOTOLAR

Fevralın 9-da “PAŞA Bank” tərəfindən Ədliyyə Nazirliyi ilə birgə çoxsaylı kütləvi informasiya vasitələrinin iştirakı ilə yeni istifadəyə verilən innovativ xidmətin ictimai təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu texnoloji həll ilkin mərhələdə müştərilərlə imzalanmış Ümumi Şərtlər Toplusuna zəruri əlavə və düzəlişlərin edilməsi üçün tətbiq olunacaq: "Bu yenilik bank-müştəri arasında sənədləşmə işlərinin daha etibarlı və əlavə vaxt itkisi olmadan həyata keçirilməsini təmin edəcək. Müştərilərə göstərilən xidmətlərin daim təkmilləşdirilməsi və bank əməliyyatına sərf olunan vaxta maksimum qənaət edilməsi “PAŞA Bank”ın əsas prioritetləri sırasındadır. Bu cür texnoloji həllərin tətbiqi isə təkcə müştərinin deyil, həm də dövlət və özəl sektor arasında təşkil edilən birgə xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verəcək”.

Tədbirə qatılan Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətində müasir texnologiyaların, o cümlədən əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətlərinin tətbiqindən danışıb.

Vətəndaşların ədliyyə xidmətlərinə əlçatanlığın artırılması, o cümlədən vaxtından və yerindən asılı olmadan peşəkar hüquqi yardım almaq imkanının təşkili məqsədilə 2019-cu ildən "Mobil notariat" tətbiqi uğurla istifadə olunur. Artıq 200 mindən çox istifadəçisi olan bu mobil tətbiq vasitəsilə çoxsaylı notariat əməliyyatlarının daha asan, rahat və məsafədən həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu doğurur.

Bu istiqamətdə görülən tədbirlər çərçivəsində ölkədə iqtisadi proseslərin tənzimlənməsində əhəmiyyətli rolu olan, cəmiyyətdə xüsusi nüfuza və çoxsaylı müştəri auditoriyasına malik PAŞA Bankın onlayn bank platforması ilə “Mobil notariat” tətbiqinin inteqrasiyası həm məsafədən təqdim olunan bank məhsullarının dairəsinin xeyli genişləndirilməsinə, həm də bu əməliyyatların etibarlığının artırılmasına xidmət edəcək və dövlət – özəl tərəfdaşlığın nümunəsi olaraq ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına xüsusi töhfə verəcəkdir”, - deyə, A.Səmədzadə bildirib.

Tədbirin sonunda sual-cavab sessiyası baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə