Sosioloq Elçin Bayramlı SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Son dövrlərdə tez-tez ailədaxili münaqişələr nəticəsində insanların bir-birini qətlə yetirməsi barəsində xəbərlər eşidirsiniz. Müasir dövrdə yaşamağımıza baxmayaraq belə hadisələr azalmaq əvəzinə çox təəəssüflər olsun ki, daha da artır. Bu hadisələrin qarşısını almaq üçün sizcə nə etmək lazımdır?
- Məhz müasir dövrdə yaşadığımız üçün ailədaxili münaqişələrin sayı artıb və artmaqdadır. Çünki son dövrlərdə tamamilə başqa bir həyat tərzi, psixologiya formalaşdı. Burada televiziyaların, mətbuatın çox böyük rolu var. Sovet dövründən sonra televiziyalarda təbliğ olunanlara baxsaq görərik ki, maddi həzlərə, maddi əyləncələrə üstünlük verən reklamları görərik. Ümumiyyətlə kütləvi informasiya vasitələri birbaşa alt şüura təsir edir. Bildiyimiz kimi alt şüur insanın xarakterini müəyyənləşdirir. Orada yığılan informasiyalar, həyatda gördükləri, eşitdikləri insanı formalaşdırır. Burada əsasən 3 faktorun rolu var. Bunlar ailə, cəmiyyət və şəxsiyyətin öz xarakteridir. Bir insanın formalaşmasında bu 3 faktorun əsas rolu var. Bu gün yetişmiş bir gənclik var. Hamı görür ki, onların həyat tərzləri, dəyərləri başqadır. Min illərdir ki, formalaşdırmış dəyərləri onlar qəbul etmirlər. Onlar əsasən Avropadan, Qərbdən gələn dəyərləri qəbul edirlər. Bu gün gənclər maddi dəyərlərə üstünlük verirlər. Amma bəzi insanlar başa düşürlər ki, maddi dəyərlərlə heç bir insani xüsusiyyətlər əldə etmək olmaz. Bu gün biz faktiki olaraq ailə inustitunu dağıtdıq. Boşanmalarda biz artıq ilk üçlükdəyik. Biz min illərdir ki, xalqımızın gətirdiyi dəyərləri növbəti nəsilə ötürə bilmədik. Biz öz mədəniyyətimizi, ailə dəyərlərimizi, ümumilikdə bütün mənəvi dəyərlərimizi yeni nəslə ötürə bilmədik. Əksinə bizim əvəzimizə onları xarici rejissorlar, xarici kinolar tərbiyə etdi. Biz nəsillərarası əlaqəni itirdik.
- Bildiyimiz kimi son zamanlar azyaşlı qız uşaqlarının ana olması xəbərlərini eşidirik. Ümumiyyətlə azyaşlı uşaqların təcavüzə uğraması hadisəsində valideyn diqqətsizliyi ola bilərmi?
- Azyaşlı uşaqların təcavüzə uğramasında yalnız valideyn diqqətsizliyi əsas rol oynayır. Son 30 ildə bizim cəmiyyət uşaqlara tərbiyə verməyin lazım olmadığına aldandılar. Biz bu gün bunun ağır və dəhşətli nəticələrini görürük. Uşaqlar ən azından 18 yaşına qədər tam nəzarətdə olmalıdırlar. Uşağın ətrafındakı dostlarından, onun ətraf mühitindən, necə tərzdə kinolara, verilişlərə baxması ilə onun hansı psixologiyada olduğunu bilirik. Yetkin bir insan əgər səhv edirsə, uşaq 5-10 dəfə həmin səhvi edəcək. Uşağın həyat tərcübəsi olmadığından etdiyi səhvin də fərqində olmur. Valideynlər mütləq uşaqlarına nəzarət etməlidirlər. Xüsusilə də qız uşaqlarına nəzarət etməlidirlər. İndiki dövrdə müasirlik deyib həddən artıq açıq-saçıq geyinir, artıq-əskik hərəkətlər edirlər. Bu uşaq valideynin gözünün qabağında bu cür formalaşır. Bu müasirlik deyil. Müasirlik yeni texnologiyalara, elmlərə, biliklərə yiyələnmək, dünyanı tanımaq, sağlamlığa diqqət etmək deməkdir. Müasirlik geyimlə, botoksla olmur. Dünyanın heç bir yerində müasirlik anlayışı bu cür qəbul edilmir. Zaman keçdikcə insanlar normal şeyləri anormal, anormal şeyləri isə normal qəbul edir. Bütün məsələlərin kökünə baxmaq lazımdır.
- Ümumiyyətlə Azərbaycanda yeni ailə quran gənclər övlad tərbiyəsinə hazır olurlar? Azərbaycanlı valideynlərin övlada verdiyi tərbiyəni qənaətbəxş hesab etmək olar?
- Buna sosial aspektdən yanaşmaq lazımdır? İnsanların ailə ilə bağlı, uşaq ilə bağlı problemlərinin ən azı 50%-i sosial məsələlərdir. Məsələn, Sovet dövründə uşaqlar məktəbdən çıxandan sonra musiqiyə, şahmata, idmana, texniki yaradıcılıq məktəblərinə gedirdi. Yəni dövlət uşaqların asudə vaxtlarını elə təşkil etmişdi ki, bir sözlə insanların mənfi şeylərə vaxtı qalmırdı. İndiki ailələrdə uşağını tərbiyə etmək üçün sosial imkanlar çatışmır. Bu gün valideyn bütün günü işləyir və uşağına lazımi olan tərbiyəni, diqqəti verə bilmir. Məsələn uşağını yaradıcılıq kursuna qoymaq istəyir, lakin ona imkanı, pulu çatmır. Nəticədə ya uşağın əlinə smartfon verirlər ki, onun başı qarışsın, ya da uşağı çölə buraxır. Uşaq da ətrafında olan pis insanların təsiri altına düşür. Bundan əlavə indiki ailələrin normal şəkildə yaşaması üçün ilk növbədə onların normal evi, normal gəlirli işi olmalıdır. Bu kimi problemlər ailənin normal inkişafına təkan vermir.
- Boşanmış, valideyni yanında olmayan uşaqlara necə tərbiyə verilməlidir?
- Boşanmış ailələrdə uşağın tərbiyə alması məsələsi biraz daha ağırdır. Elə ailələr var ki, hər iki valideyn də işləyir və uşağı baxçaya qoymağa imkanları yoxdur. Bu gün Azərbaycan orta aylıq əmək haqqı 2-3 nəfəri dolandıra bilməz. Ən azından ailədə iki nəfər işləməlidir. Amma boşanmış ailələrdə isə valideyn ailəni dolandırmaq üçün mütləq işləməlidir. Artıq bununla bağlı müxtəlif ölkələrdə sosial proqramlar var. Yəni işləyən ananın uşağına xüsusi diqqət və qayğı göstərilir. Təəssüf ki, bizdə bu cür proqramlar demək olar ki, yoxdur.
- Boşanmış ailələrdə atanın aliment ödəməməsi nə dərəcədə düzgündür? Bu uşağın tərbiyəsində və yaxud da gələcək həyatında hansı rolu oynayır?
- Ata uşağın məsuliyyətini, tərbiyəsini, ehtiyaclarını, bir sözlə hər şeyini ananın üstünə atmalı deyil. Ata uşağa vaxt ayırmalıdır. Ən azından işdən gələndən sonra uşaq ilə 1-2 saat məşğul olmalıdır. Ailədə bu kimi problemləri vəziyyətə uyğun, optimal şəkildə həll edilməlidir. Atanın aliment verməsi uşağın taleyinə təsir göstərmir. Ana ilə ata boşansalar da, ata daim kənardan da olsa, tərbiyəsinə, psixologiyasi fikir verməlidir. Atadan ayrı yaşasa da, uşaq hiss etməlidir ki, mənim atam var. Uşağın həmişə ona arxa dayaq olacaq, ona məsləhət verəcək birinə ehtiyacı var. Təbii ki, bu olmayandan sonra uşaq normal tərbiyə ala bilmir.
- Uşaqları müstəqil həyata necə hazırlaşdırmaq olar?
- Valideyn nəzarəti dedikdə uşağı təkcə böyütməkdən, ona bəzi şeyləri öyrətmək söhbət getmir. Valideyn uşağın dünyagörüşünün, onun dəyərlərə yiyələnməsinin, həyatda şəxsiyyət kimi formalaşmasının imkanlarını izah etməlidir. Uşağın hansı psixologiyada olmasının 50%-i ailədən asılıdır. İndiki dövrdə uşaq tərbiyəsi çox çətindir. Uşağa tərbiyə verərkən ən azından milli dəyərlərə, ənənələrə söykənmək lazımdır. Məsələn min illər boyu insanlar bunu edib fayda görüb və ya ziyan görüb. Bunu uşağa təcrübə ilə izah etmək lazımdır ki, sən əgər bu yolu getsən yaxşı olmayacaq və ya yaxşı olacaq. Uşağın qarşısına yaxşı və pisi qoyanda və real səbəblərini açıqlayanda artıq uşaq özü düzgün seçim edə bilir.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB