İnsanlarda hansı peşəyə qarşı maraq yoxdur? - TƏHSİL EKSPERTİ AÇIQLADI
"Azərbaycanda, həqiqətən də, elə peşələr var ki, onlara maraq yoxdur. Peşələr bir neçə növlərə bölünür. Bunlara klassik peşələr, yeni dövrün tələblərinə uyğun peşələr aiddir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, bu baxımdan klassik peşə dedikdə, toxuculuq, dülgərlik kimi peşələr nəzərdə tutulur: "Bu peşələr insan cəmiyyəti təşəkkül tapdıqdan sonra, artıq həmin peşələrə insanlar meyil salıblar və uzun müddət keçsə belə, bu peşələr aradan çıxmayacaq. Yeni peşələr isə müvafiq olaraq dövrün tələblərinə uyğun olaraq yaranırlar. Komputer mühəndisliyi, komputer ustası, telefon ustası kimi peşələrdir. Bu peşələr artıq Bakı Peşə Mərkəzində də tədris olunurlar. Ona görə də, ümumiyyətlə, Azərbaycanda peşə təhsilinə maraq düşünmürəm ki, azdır. Sadəcə, peşə təhsili verən müəssisələrimizin sayı çox azdır. Əlbəttə ki, insanlar övladlarının ali təhsil almasına daha çox maraqlıdır. Amma valideynlər bəzən unudurlar ki, yaxşı peşə təhsili görmüş bir gəncin əmək bazarında özünə yer tapması, daha tez iş tapmaq imkanı əldə etməsi baxımından daha əhəmiyyətli ola bilər. Bu gün Azərbaycanda çox az sayda peşə məktəbləri qalıb. Təhsil Nazirliyi həmin peşə məktəblərinin bərpası istiqamətində işlər görür. Bundan əlavə həmin peşə məktəblərinin maddi infrastrukturunu yenidən qurmaq, onları müasir tələblərə cavab verən səviyyədə yenidən təşkil etməkdən ibarətdir. Peşə məktəbi həmin bölgə üçün lazımi kadrları yetişdirir. Bundan əlavə həmin rayonun təbii-coğrafi şəraiti baxımından da çox önəmlidir. Onu qeyd edim ki, artıq bu sahədə ciddi işlərə başlanılıb".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB