Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Müdrik liderlər gələcəyə yönələn bütün addımlarında gənclərə güvənir, onlardan güc alırlar. Müasir Azərbaycanın banisi, ulu öndər Heydər Əliyev də gəncləri ölkənin uğurlu sabahının təməl daşı hesab edirdi. Onun hakimiyyətinin ilk günlərindən qarşısına qoyduğu ən önəmli məsələ gənclərin həyatına, inkişafına yön vermək, onları bir strategiyada birləşdirmək oldu. Ümummilli liderin düşünülmüş addımları, uğurlu qərarları sayəsində bu gün Azərbaycan gənci inkişafının ən əlamətdar dövrünü yaşayır. Gələcək nəsillərə güclü, rəqabətə davamlı iqtisadiyyatın çatdırılması üçün ən etibarlı və sağlam yatırım məhz gənclərə yönəldilən kapitaldır. Dövlətin gənclərə yönəlik siyasəti, inkişaf strategiyası, qəbul edilən qanun və qərarlar, ard-arda həyata keçirilən dövlət proqramları Azərbaycan gəncliyinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi hədəfləyir.
Gələcəyin varisi olan gənclər ölkə rəhbərinin irəli sürdüyü qara qızılın insan kapitalına çevrilməsi strategiyasında önəmli pay sahibidirlər. Regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması da dövlətin gənclər siyasətində prioritet istiqamətlərdən biridir. Bü gün dövlət səviyyəsində diqqət və dəstək görən onlarla ideya gələcəkdə nəhəng layihələrin üzə çıxması üçün əvəzsiz stimuldur. Ölkəmiz qlobal fikir savaşının ön cəbhəsində, diplomatiya sahəsində də gənclərlə təmsil olunur. Azərbaycanın beynəlxalq imicinə yeni nəfəs gətirən mövqeyini gördükcə ölkəmizin gələcəyinin sağlam əllərə əmanət olunduğunun şahidi oluruq. Son illərdə müxtəlif proqramlar çərçivəsində minlərlə gəncin dövlət hesabına dünyanın ən məşhur universitetlərində təhsil alması ölkəmizin kadr potensialını əhəmiyyətli dərəcədə möhkəmləndirir. Dünyanın qabaqcıl texnologiyalarına, innovativ idarəetmə metodlarına yiyələnən yüzlərlə Azərbaycan gənci artıq ölkəmizdə milli kadrların hazırlanmasında estafeti ələ almaqdadır.
Azərbaycan gəncinin Vətən sevdası ruhuna hopub. Ona görə də bu Vətən uğrunda cismini fəda etməyə hər an hazırdır. 2016-ci il aprel döyüşləri, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin, əsgərinin nəyə qadir olduğu bir daha bütün dünyaya göstərdi.
Vətənpərər gənclər yetişdirmək, möhkəm özüllər üzərində qurulmuş dövlətçiliyin əsas şərtlərindəndir. Gələcəkdə ölkənin qoruyucuları, sahibləri olcaq şəxslər məhz millətini, xalqını qanı, canı bahsına qorumuş, Vətən torpaqlarına sonsuz sevgi bəsləyən təhsilli və bacarıqlı gənclər olmalıdır. İnsanda əsasən doğma vətənə məhəbbət gənclik yaşlarından təşəkkül tapır. Bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideyalarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini nə dərəcədə dərk etməsindən, Vətənini nə dərəcədə sevməsindən asılıdır. Biz gəncliyimizi xoşbəxt, əmin-aman görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Elə gəncləri yetişdirmək cəmiyyət olaraq hər birimizin borcudur. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış və bu işin Azərbycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: “Biz böyütməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu, bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır. Vətənpərvərlik tərbiyəsi Vətəni sevməkdən qaynaqlanır”.
Damarlarında Azərbaycanlı qanı axan, qəlbində Vətən sevgsi olan hər bir şəxs üçün sonsuz xoşbəxtliyə aparan, addım-addım yaxınlaşan tarix – 27 sentyabr 2020-ci il məhz bütün dünyaya igid Azərbaycan övladlarının Vətən sevgisinin əyani sübutu olmuşdur. Vətən, ana, Quran - müqəddəs olan and yerlərimiz. Bu danılmaz faktdır ki, Ali Baş Komandanımız və müzəffər Azərbaycan Ordusu bitmiş səbrlərin, tükənmiş rəhmin çarəsi oldu. Nəhayət ki bu qanla yazılmış qızıl tarix Qarabağa geri dönüş üçün başlanğıc oldu. Döyüşlər getdiyi zaman təmas xəttində mənfur düşmənin hər cür təxribatına inamla və uğurla cavab verən Azərbaycan əsgərinin hər an xalqın dəstəyini hiss etməsi gənclərimizin canı, qanı bahasına və Ali Baş Komandanımızın sınmaz iradəsi, tükənməz səbri, dünyanı heyran qoyan siyasətinin nəticəsində əldə edilmiş hədiyyəsi oldu. Məhz, 2020-ci ildə bütün dünya vətənpərvər Azərbaycan gəncliyinin “dəmir yumruq” olmasının, Vətən üçün cansa can, qansa qan qoymağa zərrə tərəddüd etmədən hər an hazır olmasının şahidi oldu.
Yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi televiziya və radio verlişlərinin hazırlanması və yayınlanması sağlam ruhlu gənclərin yetişdirilməsi yönündə yeni bir səhifədir. Elə gənclərin intellektual inkişafının artırılması və elmə marağın stimullaşdırılması məsələsi də çox önəmlidir.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində keçirilən tədbirlərin də uğurlu nəticələri var. Mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin dəstəklənməsində dövlət proqramının əhəmiyyətli rolu göz önündədir. Azərbaycan Avropa məkanında gənc ölkə olmasına baxmayaraq effektiv idarəetmə metodları, insan resurslarının düzgün istifadə və strateji düşüncənin praktiki tətbiqi nəticəsində bir çox sahələrdə regionun lider dövlətinə çevrilməyi bacarıb. Bu gün artıq digər ölkələrə örnək olan Azərbaycan gənclər siyasətində də dünyanın öncüllərindən sayılır. Elə multikulturalist mövqeyi baxımından da ölkəmiz diqqət mərkəzindədir. Dünyaya tolerantlıq və sülhsevərlik örnəyi olan Azərbaycan gənci qonaqpərvərliyini Avropaya nümayiş etdirməklə bir daha isbat edir ki, Azərbaycan Şərqlə Qərbin ayrıldığı deyil, onların birləşdiri məkandır.
“İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi” - Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda giriş nitqində deyib. Prezident qloballaşan dünyada informasiya müharibəsinin davam etdiyini və burada gənclərimizin rolunun hər zaman vacib olduğunu vurğulamaqla bərabər, eyni zamanda xaricdə təhsil, indiki zamanda xaricdə təhsil almış mütəxəssislərin ölkəyə qayıtmasının vacibliyi, inklüziv cəmiyyətin qurulmasında fiziki imkanları məhdud gənclərin iştirakı, gənc startapçıların öz biznes fəaliyyətlərini qurması, ermənilərin dağıtdığı ərazilərin təsviri incəsənət vasitəsilə tarixə yazılması, işğaldan azad edilmiş torpaqlara qayıdışımız və digər məsələlər barədə fikirlərini açıqladı.
Bu gün ümummmilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə gələcəyə addımlayan, Vətənini sevən, dəyərləri olan gənc daha böyük nailliyyətlər əldə etmək və qüdrətli Azərbaycanı gələcəyə aparmaq iqtidarındadır.
Fidan Əbdüləlizadə
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB