1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilərin azərbaycanlılara qarşı məkrli niyyəti tarix boyu olub. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmayıb. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Lakin azğınlaşmış ermənilər həmin gecə vətəndaşlarımıza qarşı dünyada misli görünməmiş vəhşilik törədiblər. Bəs, şəhər sakinləri Xocalı soyqırımı haqqında nə bilirlər?
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini İbrahim Seyidaslanov: “Ümumiyyətlə ermənilər xalqımıza qarşı dünya üzrə misli görünməmiş vəhşiliklər törədiblər. Bu gün biz əlimizdən gələni edirik ki, Xocalı faciəsini bilməyən, eşitməyən hər kəs ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bilsinlər, eşitsinlər. Biz ömür boyu Xocalı faciəsini unutmayacağıq və unutdurmayacağıq”.
Şəhər sakini Ceyla Əlimuradova: “Bir gənc olaraq bizim bütün beynəlxalq platformalarda Xocalı faciəsi ilə bağlı fikirlərimizi çatdırmaq borcumuzdur. Heç bir ölkədə belə bir faciə yaşanmayıb, heç bir xalqın başına belə bir faciə gəlməyib. Xocalı bizim qan yaddaşımızdır. Bu qan yaddaşını gələcək nəsillərə ötürməliyik. Xocalı hər zaman bizim yaddaşımızdadır və biz bunu unutmayacağıq”.
Şəhər sakini Elton Qurbanov: “Bu il Xocalı faciəsinin 30-cu ildönümüdür. Xocalı hər bir azərbaycanlının ürəyinə sanki bir dağ çəkib. Həmin tarixdə bizim minlərlə insanımız şəhid oldular, körpələrimizin, gənclərimizin başına min-bir oyun açdılar. Əlbəttə biz bunları unutmamışıq və unutmayacağıq. Biz bu gün ermənilərdən qisasımızı almışıq. Artıq Azərbaycan torpaqları azaddır. Azərbaycan bayrağı bu gün Qarabağda dalğalanır. Biz torpaqlarımızı işğaldan azad etməklə onlara layiqli cavabı vermişik”.
Şəhər sakini Qürbət Məmmədova: “Xocalı bizim əbədi yaddaşımızda qalacaqdır. Ermənilər bizim xalqımıza qarşı çox böyük qətliam törədib. Bizim ən böyük arzularımızdan biri Xocalı sakinlərinin öz yurduna qayıtmasıdır. Düşünürəm ki, Xocalı faciəsi ilə bağlı bütün dünya bizim səsimizə səs verməli, bu faciəyə hüquqi qiymət verməlidir. Dünya xırda bir məsələni böyüdüb, onu qlobal problemə çevirirsə, bizim də məsələyə hüquqi qiymət verməlidirlər”.
Şəhər sakini Əli Sultanov: “Ermənilər Azərbaycana qarşı hər zaman faşizm mövqedə olublar. Onlar günahsız, əli-yalın insanlara qarşı dünya üzərində görülməmiş soyqırım törədiblər. Yüzlərlə Xocalı sakini həmin gecə ermənilər tərəfindən min-bir vəhşiliklərlə şəhid oldular. Biz bunu heç vaxt unutmayacağıq, unuda bilmərik”.
Şəhər sakini Mətanət Zamanova: “Xocalı faciəsi tarixdə misli görünməmiş bir faciədir. Xocalı faciəsi ürəyimizə dağ çəkdi. Düşünürəm ki, Xocalı faciəsini bilməyən, eşitməyən olmaz. Biz ermənilərdən qisasımızı aldıq. Amma heç vaxt biz Xocalı faciəsini unutmayacağıq. Çünki Xocalı bizim qan yaddaşımızdır”.
Şəhər sakini Əlibaba Quliyev: “Xocalının adı gələndə hər bir azərbaycanlının ürəyi qan ağlayır. Xocalı bizim yaralı yerimizdir. Biz bu hadisəni unutmayacağıq, əksinə bütün dünyaya çatdırmağa çalışırıq. Ümid edirəm ki, bütün dünya bir gün Xocalı faciəsini tanıyacaq. Ermənilər necə insanlığa aid olmayan vəhşilikləri törətdiyini öyrənəcəklər. Bu gün biz torpaqlarımızı azad etmişik, onlardan qisasımızı almışıq. Amma Xocalı hər zaman bizim ürəyimizdə olacaq. Biz vətəndaşlarımıza qarşı törədilən bu soyqırımı heç vaxt unutmayacağıq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB