Sevgililər günü: 14 fevralda yoxsa 30 iyunda qeyd olunmalıdı? - SORĞU
Sevgi insan hisslərinin ən gözəli, ən mərhəmətlisi, ən alisidir. Sevgi yaşadığımız dünyanı gözəlləşdirən, yaşamağa dəyər bir dünyanın mövcud olduğunu göstərən bir amildir. O sevgi ki, 20 yanvar günü vətənini, xalqını qorumaq üçün özünü tankın qarşısına atan İlhamın ölümünə dözə bilməyən Fərizənin intahara cəhd etməsidir.
Dünya xalqları hər il sevgililər gününü böyük bir təntənə ilə qeyd edirlər. Dünyada "Sevgililər günü" 14 fevral tarixində keçirilir. Azərbaycan da isə "Sevgililər günü" hər il qeyri-formal olaraq 2004-cü ildən etibarən 30 iyun (İlham və Fərizənin toy günü) tarixində keçirilir.
Bəs görəsən şəhərimizin sakinləri sevgililər gününün14 fevral tarixində yoxsa 30 iyun tarixində keçirilməsini məqbul sayırlar? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Aida Qaraqaşayeva: "Sevgi müqəddəs bir hisdir. Sevgi təkcə qarşı cinsə duyulan bir hiss deyil. Övlada qarşı, valideynə qarşı, vətənə qarşı da duyula bilər. Bəli, hər il dünyada "Sevgililər günü" qeyd olunur. Azərbaycanda da bu qeyd olunur. Amma mən düşünürəm ki, əgər qeyd ediləcəksə bu, məhz 30 iyun tarixində qeyd olunmalıdır".
Şəhər sakini Günay Didari: "Məncə, Azərbaycanda əgər "Sevgililər günü" qeyd olunursa bu 30 iyun tarixində olmalıdır. İlham və Fərizə özləri də bilmədən sevgi dastanının baş qəhrəmanlarıdır. Bir qadının həyat yoldaşına olan sevgisinin biz şahidi olduq. Bəlkə də çox insan heç bilmirlər 30 iyun nə günüdür. Ona görə fikirləşirəm ki, bu 30 iyun olmalıdır".
Şəhər sakini Bəxtiyar Əliyev: "Məncə, sevgi yoxdur. Şəxsən mən inanmıram. Amma hər il qeyd edirlər. Hər 14 fevral günü şəhər sevgililərlə dolu olur. Yəni bizim ölkədə sevgililər gününü 14 fevralda qeyd edirlər. Məncə də əgər keçiriləcək bu elə 30 iyun tarixində keçirilsin".
Şəhər sakini Röya Məmmədova: "Bu günün keçirilməsi o qədər də əhəmiyyətli deyil. Sadəcə kim istəyir keçirə bilər. Sevgi önəmli bir hissdir. Ümumiyyətlə sevmək, sevilmək gözəl bir hissdir. Azərbaycanda İlham və Fərizəni tanımayan yoxdur. Allah onlara rəhmət eləsin. Məncə, "Sevgililər günü" 30 iyun tarixində qeyd olunmalıdır".
Şəhər sakini İmarət Ziyəddinova: "Hər kəs üçün sevgi fərqli bir anayışdır. Sevgi məncə, hörmətdir. Bir insanın digərinin yanında özünü yaxşı hiss etməsidir. Azərbaycanda hamı14 fevralı "Sevgililər günü" kimi keçirirlər. 30 iyunun nə günü olduğunu bilmirlər. Məncə, ona görə 14 fevralda qeyd edirlər".
Şəhər sakini Muxtar Əzimov: "14 fevral "Sevgililər günü" bizim bayramımız deyil. Xristianların bayramıdır. Onlar "Valentin günü" kimi hər il qeyd edirlər. Sadəcə son vaxtlar həmin gün bizim ölkədə də qeyd olunur. Məncə, sevginin günü yoxdur. Amma bizdə də keçiriləcəksə, məncə, 30 iyunda keçirilməlidir. İlham və Fərizə əsl sevgini nümayiş etdiriblər. Elə ona görə də məhz o gün keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB