Prezident mükafatçıları təəssüratlarını SİA ilə bölüşdü - SORĞU

Prezident mükafatçıları təəssüratlarını SİA ilə bölüşdü - SORĞU

Xəbər verdiyimiz kimi fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda Prezident İlham Əliyev başda olmaqla gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər. Tədbirin sonunda isə cənab Prezident bir sıra gəncləri müxtəlif sahələr üzrə mükafatlandırıb.

Forumdan dərhal sonra SİA Prezident mükafatçılarının təəssüratlarını öyrənib və onları sizə təqdim edirik.

Mədəniyyət sahəsi üzrə Prezident mükafatçısı Azər Quliyev: "Cənab Prezident tərəfindən mükafatlanmaq çox böyük və qürurlu bir hissdir. Əlbəttə ki, hər kim bu mükafat layiq görülübsə, bu etimadı gələcəkdə doğrultmalıdır. Müasir Azərbaycan gənci mənim düşüncəmdə vətənpərvər ruhda yetişən, müasir və gələcək Azərbaycanın quruculuq prinsipində ən vacib elementlərdən biridir".

Elm sahəsi üzrə Prezident mükafatçısı Lalə Axundova: "Mən Axundova Lalə Əhməd qızı Milli Elmlər Akademiyasının nümayəndəsi, eyni zamanda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktorant və əməkdaşam. 2 fevral 2022-ci ildə Gülüstan sarayında cənab Prezident İlham Əliyev mənim elmi fəaliyyətimi və əməyimi çox böyük mükafatla qiymətləndirib. Buna görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. O cümlədən də valideynlərimə, elmi rəhbərlərimə mənə daim dəstək olduqlarına görə dərin təşəkkürlərimi bildirmək istəyirəm".

Naxçıvan Dövlət Universitetinin müəllimi, Prezident mükafatçısı Əziz Qasımov: "Cənab Prezident tərəfindən mükafatlanacağımı eşidəndə çox sevindim. Bu mükafat təkcə mənə verilən dəyər deyil, eyni zamanda Naxçıvan Muxtar Respublikasının gənclərinə verilən dəyərdir. Azərbaycan gəncləri bu gün həqiqətən də çox aktivdirlər. Onlar ölkəmizin, müstəqilliyimizin inkişafı naminə daim xidmət göstərirlər. Bizim fəaliyyətimizin Prezident tərəfindən qiymətləndirilməsi həqiqətən bizi çox sevindirdi. Dövlət başçısının insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi strategiya bu gün Azərbaycanda gənclər siyasətini tamamilə yeni mərhələyə yüksəldib. Azərbaycan artıq bu gün dünyada vətənpərvər və istedadlı gənclər ölkəsi kimi tanınır. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq".

Gənclərin inkişaf və karyera mərkəzinin Abşeron nümayəndliyinin direktoru, Prezident mükafatçısı Coşqun Hidayətov: "Azərbaycanda gənclər siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Gənclər siyasətində aparılan islahatların nəticəsi idi ki, məhz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 1994-ci ildə yaradıldı. Ardıcıl olaraq Gənclərin Qurultayı, forumları keçirildi. Bundan əlavə Gənclər Fondu, QHT-lər, gənclərlə fəaliyyət göstərən gənclər təşkilatları yaradıldı. Bu da gənclər siyasətinin uğurlu göstəricilərindən biri idi. Hansı ki, Vətən müharibəsinə qədər olan gənclər siyasətini dəyərləndirmiş olsaq görəcəyik ki, ölkə başçısının da vurğuladığı kimi Vətən müharibəsində bütün nəsillərin nümayəndələri iştirak etdi. Lakin əsas missiyanı məhz cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişmiş müasir Azərbaycan gəncləri yerinə yetirdi. Bu bir daha onun göstəricisidir ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilib. Hansı ki, 44 günlük Vətən müharibəsində heç kim geriyə baxmadı. Yalnız bir məqsəd var idi ki, torpaqlarımızı işğaldan azad edək. Hazırda gənclərin üzərinə yenə də böyük missiyalar düşür.

Gənclərin missiyası Vətən müharibəsindəki Zəfərlə yekunlaşmır. Ölkədəki gənclər siyasəti ilə bağlı ümumi dəyərləndirmə aparsaq Vətən müharibəsinə qədər və Vətən müharibəsindən sonra olmaqla iki hissəyə ayırmaq olar. Vətən müharibəsinə qədər bizim əsas missiyamız torpaqlarımızın işğaldan azad olunması üçün səfərbər olmaq, gəncləri vətənpərvər ruhda yetişdirmək və digəri ümummilli maraqlar idi. Vətən müharibəsindən sonra təbii ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində daha da böyük işlər həyata keçirilib. Bununla da paralel olaraq müasir Azərbaycan gəncinin əsas missiyasından biri də Qarabağımızın dirçəldilməsidir. Bu prosesdə Azərbaycan gəncləri fəal iştirak etməlidir. Bundan əlavə biz təhsilimizi artırmalı, bilik və bacarıqlarımızı inkişaf etdirməli, ölkəmizin inkişafı naminə birgə fəaliyyət göstərməli və Azərbaycan gəncliyi olaraq daha böyük uğurlar əldə etməliyik".

“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, Prezident mükafatçısı Səyyarə Gülaliyeva: "2 fevral 2022-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən "Gənclər üçün Prezident Mükafatı" ilə təltif olunan gənclərdən biri də mənəm. Bu yüksək etimada layiq görüldüyüm üçün çox qürurluyam və buna görə cənab Prezidentə təşəkkür edirəm. Bu mükafatı dövlət başçısının şəxsən özündən qəbul etmək isə daha böyük həyəcan və qürurverici bir hadisə idi. Düşünürəm ki, bu Forum mənim gənclik həyatımdan ən əlamətdar bir tədbir kimi xatirimdə qalacaq.

Çalışacağam gələcək fəaliyyətimdə də bu etimadı hər zaman doğruldum, qazandığım bilik və bacarıqları, təcrübələri ölkəmizin inkişafı istiqamətində sərf edim. Gənclər gününün 25-ci ilinə həsr edilmiş Forum nəinki iştirakçı gənclər üçün, bütün Azərbaycan gəncliyi üçün stimul mənbəyi oldu. İnanıram ki, bundan sonra hər bir Azərbaycan gənci görüşdə cənab Prezident tərəfindən səsləndirilən dəyərli fikirləri rəhbər tutaraq inamla və daha həvəslə fəaliyyət göstərəcəkdir.

Qeyd edim ki, mən bakalavr təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almışam. Elə tələbəlik illərindən ölkəmizdə gənclər üçün yaradılan böyük imkanlardan istifadə edərək bir çox yerli və xarici layihə və tədbirlərin iştirakçısı olmuşam. 2018 –ci ildən isə könüllü olaraq “Regional İnkişaf” İctimai Birliyinə qoşuldum. Göstərdiyim ictimai fəallığın nəticəsi olaraq təhsilimi başa vurduqdan sonra əməkdaş olaraq “Regional İnkişaf” İctimai Birliyində çalışmağa başladım. Bu mənim üçün böyük bir şans idi. Bir gənc kimi “Regional İnkişaf” İctimai Birliyində istər könüllü, istərsə də əməkdaş olaraq iştirak etdiyim yerli və beynəlxalq layihələr, tədbirlər gələcək karyeram üçün mənə bir çox faydalı təcrübələr qazandırıb.

2020-ci ildə RİİB tərəfindən yaradılan fürsətdən istifadə edərək xaricdə təhsil proqramına da müraciət etdim. Hal-hazırda İtaliyada magistr dərəcəsi üzrə təhsil alıram, pandemiya ilə əlaqədar olaraq təhsilimiz onlayn formatda davam edir.

Bu günlərdə ölkə gündəmində olan əsas mövzu gənclərdir. Ümummilli lider Heydər Əliyev 1996-cı il 2 fevral tarixində keçirilən I Gənclər forumundan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - Azərbaycan Gəncləri günü elan etmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasındadır. Elə “Regional İnkişaf” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkənin mədəni, sosial həyatında gənclərin məşğulluğunu təmin etmək, layihə və proqramlar həyata keçirmək, dövlət tərəfindən gənclər siyasətinə və bu qəbildən olan tədbirlərə öz dəstəyini göstərməkdir. “Regional İnkişaf” İctimai Birliyi davamlı olaraq region gənclərinin şəxsi inkişafları üçün layihələr həyata keçirir, proqramlar hazırlayır, gənclərin ictimai nəzarət proseslərinə cəlb edir. Mən də fəaliyyətə başladığım dövrdən bu layihələrin fəal iştirakçısı və təşkilatçılarından olmuşam. Təbii ki, gənclərlə işləmək həm maraqlı, həm də öyrədici bir təcrübədir.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Bu, böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövrünün, qüdrətli Azərbaycanın, qalib xalqın gəncləriyik. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu imkanları bizə yaratdığına görə gənclər adından cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm".

Gənclər Təşkilatları Milli Şurasının sədri, Prezident mükafatçısı Azər Əliyev: "Xüsusuilə vurğulamaq istərdim ki, bu formatda keçirilən görüş kifayət qədər təqdirəlayiqdir. Forumda onlarla gəncin sualı birbaşa Prezident tərəfindən cavablandırıldı. Bu cavablar sırf cənab Prezidentin zəngin təcrübəsinə söykənərək dediyi fikirlər idi. Bu cavablar gənclərimiz üçün yol xəritəsi oldu. Müəyyən mənada gənclərimizin fikirləri aydınlandı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti, gənclərin dostu cənab İlham Əliyevdir. Bu gün bütün gənclərimiz dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Belə bir mükafatı alacağımı heç vaxt düşünməzdim. Çox qürurluyam və sevincliyəm ki, cənab Prezident tərəfindən Gənclər mükafatına layiq görülmüşəm. Mükafatın birbaşa cənab Prezident tərəfindən təqdim olunması böyük bir qürurdur”.

"AzAstro" Texnologiyaları MMC-nin həmtəsisçisi və icraçı direktor müavini, Prezident mükafatçısı Suad Muradov: "Azərbaycan gəncliyi zənnimcə çox hədəfyönlü, məqsədyönlü şəxslərdən ibarətdir. Ümumilikdə Azərbaycanda gənclik arasındakı rəqabət mühiti demək olar ki, xüsusən sosial sahədə formalaşıb. İstərdik ki, texnologiya sahəsində də bu rəqabət artsın. Ümumiyyətlə universitetlərdə bu sahə üzrə proqramların keçirilməsi çox gözəl ola bilərdi. Çünki mühəndislik günümüzün ən önəmli sahələrindən biridir. Bizim şirkətimizin də bu baxımdan korluq çəkməsi gənclərimizin hələ bu sahəyə tam şəkildə hazır olmamasından irəli gəlir".

Süni intellekt üzrə mütəxəssis, Prezident mükafatçısı Əliqənbər Xəlilli: "Cənab Prezident tərəfindən elm sahəsi üzrə mükafatlanmağım çox böyük motivasiya oldu. Bundan əlavə ətrafımda olan gənclər də bu hadisədən böyük motivasiya qazandılar. Çünki bu zəhmətlərin dövlət tərəfindən qiymətləndirilməsi hər kəs üçün böyük inam və motivasiyadır. Öz sahəm üzrə əminliklə deyə bilərəm ki, Azərbaycanda çox savadlı gənclər var. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ciddi planlar üzrə işləyir. Bu planlar savadlı gəncləri üzə çıxarmaq və onlara dəstək olmaqdan ibarətdir. Düşünürəm ki, Azərbaycan növbəti iki ildə öz məhsullarını bu sahə üzrə dünyaya çatdıra biləcək. Bu bizim üçün çox önəmlidir. Çünki bu sahə yeni inkişaf edir. Azərbaycan da bu sahədə öz sözünü deyəcək. Çünki Azərbaycan gəncləri çox savadlıdır".

"Baku Chamber Orchestra" kamera orkestrinin artisti, Prezident mükafatçısı Orxan Hüseynov: "Bu yaşıma qədər çəkdiyim bütün zəhmətin ölkə Prezidenti tərəfindən qiymətləndirilməsi, bu mükafata layiq görülmək sözlə ifadə olunmayacaq dərəcədə gözəl hissdir. Şəxsən mənə bundan sonra daha əzmli bir şəkildə daha əmin, daha həvəsli çalışmağıma çox qüvvətli təkandır. Digər gənclərə zəhmətlərinin, əməklərinin daim diqqət mərkəzində olacağına örnəkdir.

Düşünürəm ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan gəncliyi öz üzərinə düşən ağır məsuliyyəti, vəzifələri çox yaxşı anlamış və qarşıya qoyulan hədəflərə doğru irəliləyərkən çox əzimli, bilikli, hazırlıqlı, təcrübəli, vətənpərvər bir mövhum olaraq formalaşıb. Bu, dövlət rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olub. Gənclər üçün xüsusi dövlət proqramları yaradılıb.

Ölkəmizdə gənclərin keyfiyyətli təhsil almaları, özlərini inkişaf etdirmələri üçün zəruri şərait yaradılıb, xüsusi fərqlənən gənclərin dövlət hesabına xaricdə təhsil almaları üçün xüsusi proqramlar hazırlanıb. Gənclərimizin motivasiyası üçün xüsusi mükafatlar, prezident təqaüdü təsis olunub. Azərbaycanda çox sayda beynəlxalq əhəmiyyətli forumlar, konfranslar, festivallar və s. keçirilir və bu tədbirlərin hər birində gənclərin iştirakına xüsusi imkan yaradılır və önəm verilir. Hazırda Azərbaycan gənclərinin önündə rəngarəng perspektivlər, böyük imkanlar və yeni hədəflər var. Gənclərimizin gələcəyinin parlaq olduğuna inanıram".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə