"Gənclərimiz həm döyüş meydanında, həm də informasiya savaşında öz sözlərini dedi" - "İRƏLİ"NİN SÖZÇÜSÜ DANIŞDI
“Gənclərə həmişə böyük qayğı və sevgi ilə yanaşmış ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə Gənclər Günü təsis edildi. Azərbaycanda Gənclər Günü artıq 25 ildir ki, qeyd olunur. Ancaq 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Gənclər Günü tam başqa bir ruhda, fərqli əhval-ruhiyyədə qeyd edilir”. Bu sözləri SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü, mətbuat katibi Əfsanə Şükürova deyib.
Onun sözlərinə görə, ümumiyyətlə bu bir faktdır ki, dövlətin, xalqın gələcəyi gənclərin əlindədir: “Azərbaycan isə gənclər ölkəsidir. Cəmiyyətimizdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi də məhz gənclər sayılır. Ölkədə aparılan kadr islahatlarında gənc kadrların dövlət strukturlarında məsuliyyətli vəzifələrə təyin edilməsi gəncliyə olan inamın, etimad və diqqətin bariz nümunəsidir. Azərbaycanın bugünkü dövlət siyasətində gəncliyə böyük diqqət ayrılır. Gəncliyin inkişafı, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların gələcək həyata hazırlanması, eyni zamanda, müasir dünyagörüşü ruhunda formalaşdırılması dövlətin müəyyənləşdirdiyi gənclər siyasətinin qarşısında duran ən vacib vəzifələrdən biridir. Gənclərə ayrılan diqqət və qayğının nəticəsidir ki, ölkədə gənclər üçün mühüm proqramlar müəyyənləşdirilib. Bu proqramlarda gənclərin yüksək biliklərə, təhsilə yiyələnməsi, vətənpərvərlik tərbiyəsi proqramın mühüm tərkib hissəsini təşkil edir”.
Əfsanə Şükürova sözlərinə belə davam edib: “Artıq uzun illərdir ki, Azərbaycanda müasir gənclər siyasəti yürüdülür. Bu siyasətin əsasını isə azərbaycançılıq ideologiyası təşkil edir. Hələ illər öncə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının hansı səviyyədə olmasından xəbər verirdi. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi quruldu və 40-dan çox Olimpiya İdman Mərkəzi tikildi ki, bütün bunlar da gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə, sağlamlığına hesablanıb. Bundan başqa Azərbaycanda uzun illər vətənpərvər gənclərin yetişməsi üçün də uğurlu addımlar atılıb. Çünki gənc nəslin vətənpərvərlik ruhunda daha geniş dünyagörüşünə malik olmasının təmin edilməsi, formalaşması dövlətin gənclər siyasətinin başlıca məqsədi olub. Görünür bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsində vətənpərvər gənclərimiz daha çox önə çıxdı. 44 günlük müharibə Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha ortaya qoydu.
Gənclərimiz həm döyüş meydanında, həm də arxa cəbhədə-informasiya savaşında aktiv fəaliyyətlərdə öz sözlərini dedilər. Təqdir olunası haldır ki, Azərbaycan gəncliyi xalqın, ölkənin ən ağır günlərində, tarixi Zəfərə aparan müharibə dövründə naümid olmadı. Əksinə, gənclərimiz silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda xeyli sayda qəhrəmanlıqlar göstərdi. Düşmənin genişmiqyaslı hərbi təxribatlarından sonra İkinci Qarabağ müharibəsi başlayan kimi on minlərlə vətəndaşımız könüllü kimi Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Onların da böyük əksəriyyəti məhz sonradan böyük qəhrəmanlıqlar göstərən həmin gənclər idi. Beləcə Azərbaycan Ordusu, Azərbaycan əsgəri hələ müharibin ilk günlərindən gənclərimizin dəstəyini, gücünü hiss etdi. Xalqımız isə bir daha onun şahidi oldu ki, gənclik uzun illər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin döyüş əmrini gözləyib, gənclər ordusunun düşüncələrində hər zaman şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının, oğul və qızlarımızın qisas hissi olub.
Təbii ki, Azərbaycan dövlətinin bu illər ərzində gənclərlə bağlı seçdiyi düzgün siyasi xətti də təqdir etmək lazımdır. Ölkədə sayı hesabı bilinməyən vətənpərvər gənclərin formalaşması məhz uğurlu gənclər siyasətinin nəticəsi idi. İşğalçı ordunu tarixi torpaqlarımızdan qovub çıxaran rəşadətli ordumuzun məhz həmin milli ruhda yetişdirilən gənclərdən ibarət olmasını müdrik gənclər siyasətinin bəhrəsi saymaq olar. Çünki Vətən müharibəsinin iştirakçıları təkcə peşəkar hərbçilər, orta yaşlı vətəndaşlarımız deyildi, döyüşə atılan qəhrəmanların əksəriyyəti qisas ruhu ilə alışıb yanan gənclərdən ibarət idi.
Bugünkü Azərbaycan gəncliyi şanslıdır, qürurludur! Bundan sonra Vətən müharibəsinin iştirakçıları olan gənclərimizin döyüş təəssüratları, qəhrəmanlıqları sonrakı nəsillərdə, gənclərimizdə vətənpərvərlik hissini, Vətənə bağlılığı daha da gücləndirəcək. Gələcək nəsil Zəfər tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı günlərini təqvimdə görməyəcək, onların işğaldan azad olunduğu günü qeyd edəcəklər. Onlar bugünkü gəncliyin şəhidliyi, qazi olması hesabına formalaşdırdığı yeni vətənpərvərlik məktəbinin ən yaxşı nümunəsi olmağa çalışacaq, bu məktəbi öyərənəcəklər. Müzəffər ordunun müzəffər gəncləri bundan sonra da tarix yazacaq, lazım gələrsə, müqəddəs savaş aparıb öz ölkəsinin ərazi bütövlüyünü qoruyacaqlar. Bu gün Azərbaycan gəncliyi, xalqa, Vətənə, dövlətçiliyə sədaqətli gənclərlə formalaşıb! Vətən müharibəsi isə Azərbaycanın peşəkar, müasir Ordusu ilə yanaşı Azərbaycan gənclərinin də qüdrətini dünyaya nümayiş etdirdi. Əminəm ki, gələcəkdə də qarşılaşa biləcəyimiz oxşar problemlərin həlli məhz bugünkü gəncliyin açdığı cığırla davam edəcək gənclərin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB