Gənclər siyasətinin təməlində duran Ulu Öndər Heydər Əliyevin siyasi irsi
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.
HEYDƏR ƏLİYEV
Gənclik - gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasi qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Hələ 1999-cu ildə ölkə prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmiş “Dövlət Gənclər Siyasəti haqqında” fərman dövlət gənclər siyasətinin həyata keçirilməsinə, uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsinə, uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaratmışdır.Həmin fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə 1999-2004-cü illər ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən, normativ və hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm (indiki Gənclər və İdman) Nazirliyi, Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılmışdır.Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlerinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata keçirilən gənclər siyasətini tənzimləmək məqsədi ilə 2002-ci ildə “Gənclər Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qebul edilmişdir.Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçillik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət- ənənələrinə, dövlət dilinə və ümummilli problemlərin həllinə,hüquq və azadlıqların hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Azərbaycan Respublikasının Gənclər Fondu - 7 mart 2018-ci il tarixində yenidən yaradılan, Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur. Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2011-ci il tarixli 826 nömrəli fərmanı ilə təsis olunmuşdur. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011–2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planın 6.1.4-cü bəndinə əsasən yaradılmışdır.
Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Rufanə Cabbarlı
Xəzər rayonu, 230 №li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB