“Azərbaycan gəncliyi Vətənə bağlılığını 44 günlük müharibədə də təsdiq etdi” – DEPUTAT

“Azərbaycan gəncliyi Vətənə bağlılığını 44 günlük müharibədə də təsdiq etdi” – DEPUTAT

“Gənclik yeni nəfəs, yeni ruh, yeni düşüncə və yeni baxış deməkdir. Müasir dövrün gəncliyi Azərbaycanın sabaha olan inamı, əldə edəcəyimiz yeni-yeni uğurlara vəsilə olacaq stimuldur. Gənclik həm də sağlam düşüncədir, yenilikləri qavrayan, yeni bir qüvvə ilə sabaha, gələcəyə doğru addımlayan böyük qüvvədir. Gəncləri belə mütəşəkkil edən isə ona dövlətimiz, xüsusən də Cənab Prezident İlham Əliyev və gənclərə daim diqqət göstərən, daim onların yanında olan I vitse-prezident Mehriban xanım Əliyevadır. Dövlətin gənclər siyasəti milli dəyərlərə əsaslanır, həm də beynəlxalq təcrübəyə söykənir. Bunu nəzərə alan Azərbaycan dövləti gənclər siyasətini həyata keçirərkən bir sıra mühüm nəticələr əldə edib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti uğurlu inkişafımızın tərkib hissəsidir. Azərbaycan gəncliyi əksər tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Bu da təbii ki, dövlətimizin yaratdığı imkanlar sayəsində mümkün olub”. Bunu KİV-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb: "Bu gün Azərbaycan gəncliyinin səsi beynəlxalq tribunalardan eşidilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət-gənclər siyasəti, məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin məntiqi davamıdır. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında bir vəzifə qoyaraq deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Deputat əlavə edib ki, 1993-cü ildə ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə cəmiyyətin müxtəlif sahələrini əhatə edən islahatlar kimi, gənc nəslə diqqət və qayğı da dövlət siyasətinin prioritet sahələrindən birinə çevrilib: “Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də dövlətin bütün gənclərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu tarix Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə xidmət edəcəyi, firavan Azərbaycan uğrunda fəaliyyət göstərə biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Mövcud fəlsəfənin daha da sağlamlaşdırılması, uğurla realizə edilməsi bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib. Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaratdı. Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər. Fakt budur ki, Azərbaycan gəncləri problemlərini küçələrdə, qanunsuz fəaliyyət növləri ilə həll etmir, universitetlərdə, müxtəlif təhsil ocaqlarında və digər innovativ sahələrdə dialoq, sağlam ünsiyyət yolu ilə həll edir. Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı Onun gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Azərbaycan gəncliyi Vətənə bağlılığını 44 günlük müharibədə də təsdiq etdi. Ali Baş Komandanın bircə çağırışı ilə on minlərlə gənc səfərbər oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında mətanətlə döyüşən qəhrəman gənclərimiz öz adlarını tarixə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Son 18 ildə yetişən milli ruhlu gənclər torpaqlarımızı işğaldan azad etdilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə