Uşaqlara cinsi tərbiyəni NECƏ ÖYRƏTMƏLİYİK? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ümumiyyətlə, bu günün ən aktual mövzularından biri cinsi maarifləndirmə və cinsi tərbiyədir. Hansı ki, bu, bağçadan başlamalıdır, sonra məktəbdə, yəni tədris qaydasında uşaqlarla ən azından həftədə bir dəfə istər ictimai işlərlə məşğul olan bir insan, istərsə də məktəbin psixoloqu, cinsi maarifləndirmə aparmalıdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun psixoloqu Lalə Əhmədova deyib.

Psixoloq qeyd edib ki, cinsi maarifləndirmənin olması onlarda bir müdafiə mexanizmi yaradır, yəni deyək ki, hər hansı bir cinsi təcavüzə, cinsi istismara məruz qalan insan, həmin anda çox vaxt donub qalır və reaksiyaları dayanır, səsini belə çıxara bilmir: “Lakin cinsi maarifləndirmə apardığımız uşaqlar artıq bilir ki, onlara kimsə toxunarsa, hər hansısa cinsi təcavüz etməyə cəhd edərsə qışqırmalı, köməyə kimisə çağırmalı, böyüklərə bu barədə məlumat verməlidir. Çünki bəzən utancaqlıq dediyimiz qorxular, insanın bütün taleyi ilə oynaya bilər, hansı ki, çox-çox rast gəldiyim situasiyadır və mən onların böyümüş variantları ilə işləyirəm. İnanın ki, o travmaların qarşısını almaq mümkün olmur, onların həyatına çox böyük təsir edir ki, bu, tam cinsi təcavüz də ola bilər, natamam bir vəziyyət də ola bilər. Ancaq istər-istəməz uşağın psixikasına təsir edir. Bu vəziyyət qızlarda da, oğlanlarda da eynilə görülür, sadəcə olaraq, bildiyimiz kimi, qızlarda bu, daha çox bilinir, amma oğlanlarda da cinsi təcavüzə məruz qalan uşaqların sayı o qədər də az deyil. O baxımdan, cinsi maarifləndirmə məktəbdən başlayaraq aparılmalıdır və bu, bizim gələcəyimiz üçün ən doğru atılan addımlardan biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB