Qafqaz Müsəlmanları İdarəsi ləğv edilir? - DİQQƏT! - SORĞU

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər. Bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinat səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. Bu qanunun 8-ci maddəsinin hazırkı variantı isə belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”. Başqa sözlə, məscidlərə imam təyinatı artıq QMİ-dən alınaraq dövlət komitəsinə veriləcək.

Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə edilməsi nəzərdə tutulur. Əgər dəyişikliklər reallaşarsa, bu, faktiki olaraq QMİ-nin məscidlər üzərində təsirini sıfıra endirəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm, Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır.

Mövzu ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşır Paşazadə SİA-ya bildirib ki, bu dövlətin etdiyi islahatlardır və bu islahatlara normal baxmaq lazımdır. Təbii ki, bu barədə dəyişikliklərə komitə iclasında baxıldı. Qanunda dəyişikliklər var. Əvvəl “Dini etiqad azadlığı haqqında” qanundakı müəyyən məsələlərə Qafqaz Müsəlmanları İdarəsi baxırdı. İndi isə bu məsələlərə aidiyyatı strukturların baxılması müzakirəsi gedir. Qanun qəbul edildikdən sonra bütün bunların hamısı dəqiq bilinəcək”.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı SİA-ya bildirib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda bir sıra dəyişiklərin edilməsi dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi daşıyır: "Bu gün müsəlman ölkələrində cərəyan edən proseslərin təhlili bir sıra hallarda həmin ölkələrdə sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə olunduğunu müşahidə göstərir. Hazırda müsəlman ölkələrinin qarşısında duran mühüm vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Bəzi müsəlman ölkələri bu sahədə uğurlu siyasət həyata keçirə bilsələr də, qarşımızda bir çox uğursuz nümunələr də var. Bu acı reallıqlardan ciddi nəticə çıxarmalı və gələcəkdə bu kimi hallardan sığortalanmaq üçün mühüm addımlar atmalıyıq. Bu baxımdan sözügedən Qanuna edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Qanuna əsas dəyişikliklərin biri qeydiyyat prosesi ilə bağlıdır. Əvvəlki dövrdə sənədlər dini icmalar tərəfindən dini mərkəzlərə, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Son dəyişikliklərə əsasən sənədlər birbaşa müvafiq mərkəzi icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə təkan verəcək.

Ceyhun Məmmədov sözlərinə davam edərək həmçinin qeyd edib ki, digər mühüm dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlıdır: "Dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirir. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərə bilərik. Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycanda elə məscidlər var ki, Cümə günləri oraya 10 min insan toplaşır. Bu insanlara xitab edənlərin yüksək dini bilikləri və dövlətçilik mövqelərinin olması çox önəmlidir. Dini ibadət yerlərinə təyin olunan din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir. Digər mühüm bir dəyişiklik dini qurumlara ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda YAŞAT Fondunun nümunəsi var. Hesab edirəm belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...