Əlilliyi olan şəxslər ƏƏSMN sistemində işləyə bilər? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

"Əlilliyi olan şəxslərin işlə təminatında nəinki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, ümumiyyətlə Respublikanın heç bir yerində məhdudiyyət yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, elə əlilliyi olan şəxslər var ki, onların əmək qabiliyyəti yoxdur: "Həmin insanlardan başqa digər şəxslər istənilən işdə işləyə bilərlər. Bu gün əlilliyi olan şəxslərin özünü məşğulluq proqramına cəlb edilməsi, həm dövlət, həm də özəl sektorlarda işlə təmin edilməsi, peşə bacarıqlarının yüksəldilməsi istiqamətində nazirlik həm maarifləndirmə, həm də təşviqedici işlər həyata keçirir.

Əlilliyi olan şəxslər nazirliklərdə istənilən sektor üzrə çalışırlar. Bundan əlavə yaradıcı, istedadlı əlilliyi olan şəxslərə də öz istedadlarına uyğun fəaliyyətlərinin inkişaf etdirilməsi üçün nazirlik tərəfindən işlər görülür. Bu kimi şəxslərin əl işlərinin sərgisi keçirilir, konsertləri, tamaşaları təşkil olunur. İnklüziv cəmiyyətin tələb etdiyi bütün elementləri biz tətbiq edərək onların fəaliyyətini stimullaşdırırıq. Artıq bir neçə ildir ki, nazirlik tərəfindən elan edilən əlillik qüsur deyil. Yaşamaq və yaratmaq üçün məhdudiyyət ola bilməz devizi bütün ölkədə maraqla qarşılanır və bu şüarımız altında biz müxtəlif tədbirlər və layihələr həyata keçirmişik".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə