Qızıldan daha bahalı Lənkəran çayı - FOTOLAR

Bir qismimiz gündəlik istifadədə marketdə satılan çaylardan istifadə etsək də, böyük bir qismimiz isə bölgələrdən xüsusi ilə də cənub bölgəsi olan Lənkərandan gətirilib kilo ilə satılan çaylara üstünlük veririk. Çünki bu çayların qatqısız və orqanik olduğunu düşünürük.

Bəs Lənkəran çayları niyə bu qədər bahadır?

Lənkəran sakini çayçı Rəşad Babayev SİA-ya açıqlamasında deyib ki, onların satdığı Lənkəran çayları qatqısız, əlavə maddələr qatılmadan və rəng maddəsi olmadan istehsal olunur.

Onun sözlərinə görə çay pürrəngi olmalıdır: “Bəzi müştərilər deyirlər ki, niyə çayın rəngi tünd deyil? Çünki çaya əlavə maddələr qatılanda tündləşir. Bəzən fincan və çaydanlarınızda qara ərpi görürsünüz. Baxın o rəng tərkibli maddələrdir. Bəli, biz çayları 300, 500, 700 manata satırıq. Çünki biz o çayları səhər saat 6-da şeh üzərində dəririk. Bu çayların özəlliyi isə çayın özəyi yox, sırf üst yarpaqlarının dərilməsindədir. Bu çayları qiymətinin baha olmasına görə hər adam ala bilmir, amma neynəmək olar biz də əziyyət çəkirik”.

Necə deyərlər "hər bir dərdin dərmanı çay". Dərdinizin dərmanı çaydırsa, əliniz cibinizdə olsun.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə