Sahəvi jurnalistikaya ehtiyac var - İDARƏ RƏİSİ AÇIQLADI

"İki günlük tədbir çərçivəsində biz gömrük sistemində aparılan islahatlar, onun nəticəsi və perspektivləri, gələcək islahatlar barəsində media nümayəndələrinə ətraflı məlumat verəcəyik". SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə kütləvi informasiya nümayəndələri üçün nəzərdə tutulan "Gömrük sistemində islahatlar: nəticələr perspektivlər" mövzusunda keçirilən tədbir zamanı media nümayəndələrinə verdiyi müsahibəsində, Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov deyib.

Nadir Axundov daha sonra təlimin əsas məqsədinin sahəvi jurnalistikanın inkişafı ilə bağlı olduğunu vurğulayıb: "Bu sahədə müəyyən formalaşdırmalar aparmaq istəyirik. Gömrük spesifik bir sahədir. Bu sahədə görülən işləri obyektiv və hərtərəfli işlıqlandırmaq üçün sahəvi jurnalistikaya ehtiyac var. Ümidvarıq ki, bu tədbir gələcək jurnalistikanın inkişafına öz töhfəsini verəcək".

O həmçinin bunun media nümayəndələri ilə 5-ci görüş olduğunu diqqətə çatdırıb: "Bu dəfəki təlimin fərqi ondan ibarətdir ki, biz bu tədbiri Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etmişik. Verilən dəstəyə görə də onlara təşəkkür edirik".

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə