Hamımızın gözü aydın olsun - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Bu gün işğaldan azad edilmiş torpaqlarımızın hər birində cənab Prezidentin verdiyi təlimatlar əsasında yenidənqurma, abadlıq işləri aparılır. Yeni yaşayış binaları, mədəniyyət evləri, təhsil kompleksləri tikilir. Gəliş-gedişi təmin etmək üçün yollar səliqəyə salınır. Artıq bu gündən etibarən mədəniyyətimizin beşiyi sayılan gözəl Şuşamıza, eləcə də işğaldan azad olunmuş digər ərazilərimizə ilk avtobus reysləri fəaliyyət göstərməyə başlayıb. Bəs görəsən şəhər səkinlərimizin bu sevindirici xəbərə münasibətləri necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Eldar Yusifov: "Sevindirici haldır ki, artıq Şuşaya avtobuslar fəaliyyət göstərir. Xalqımızın gözü aydın olsun. Neçə ildir ki, həsrətlə gözlədiyimiz vaxt gəlib çatıb. Yurdunu görmək istəyənlər artıq rahat bir şəkildə gedib ziyarət edə bilərlər".

Şəhər sakini İradə İlyasova: "Şükürlər olsun ki, bu günləri də gördük. Düşünürəm ki, qiymətlər də münasibdir. Rahatlıqla Şuşaya gedib-gəlmək olacaq. Şuşalı vətəndaşlarımıza də göz aydınlığı verirəm. İnşAllah digər bölgələrimizə də gediş-gəliş üçün nəqliyyat vasitələri açılar".

Şəhər sakini Məhəmməd Ağayev: "Təbii ki, çox gözəl bir hadisədir. Hamımızın gözü aydın olsun. Qarabağlıları təbrik edirəm. İnşAllah yaxın zamanda digər ərazilərə də avtobuslar fəaliyyət göstərər. Düşünürəm ki, qiymətlər də münasibdir. İstəyən könül rahatlığı ilə öz Vətənini gedib görə bilər".

Şəhər sakini Leyla Ağayeva: "Əlbəttə, çox sevindirici bir haldır. Neçə ildir biz torpaqlarımızın işğaldan azad olmağını gözləmişik. Torpaqlarımız işğaldan azad edildikdən sonra qısa bir zamanda həmin ərazilər təmir edildi. Düzdür bəzi bölgələrdə hələ də quruculuq işləri davam edir. Amma düşünürəm ki, qısa zamanda Qarabağ bölgəmiz cənnətə çevriləcəkdir".

Şəhər sakini Əli Mehdizadə: "Hesab edirəm ki, bu hələ başlanğıcdır. Gün gələcək bütün işğaldan azad edilmiş rayonlarımıza rahatlıqla gedib-gələcəyik. Bütün həmvətənlərimi təbrik edirəm".

Şəhər sakini Nərgiz Hüseynli: "Mən Şuşalıyam. Bu mənim üçün olduqca sevindiririci haldır. Şükür bu günləri də gördük. Neçə ildir bu günü gözləyirdim. Həmişə deyirdim ki, kaş Şuşamın işğaldan azad olduğu günləri görərdim".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə