Şəhid Əli Məmmədzadənin anım tədbiri keçirilib

“Sübhnur” Tədris Mərkəzi ənənəsinə sadiq qalaraq daha bir şəhid vətən oğlu barədə geniş tədbir keçirib. İkinci Qarabağ müharibəsində canını doğma vətəninə fəda edən şəhid Əli Məmmədzadənin anım tədbiri keçirilib. “Sübhnur” Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova çıxış edərək bildirib ki, rəhbərlik etdiyi Mərkəz müqəddəs torpaqlarımız uğrunda canını fəda edən vətən qəhrəmanlarını gələcək nəsillərə tanıtdırmaq, onlarda vətənpərvərlik ruhunu aşılamaq üçün daima şəhidlərimizlə bağlı silsilə tədbirlər keçirir, onların qəhrəmanlıqları barədə ədəbi kompozisiyalar hazırlayır: “Tədris Mərkəzi bu qəhrəman insanlar barədə, onların qəhrəmanlıqları haqqında bu cür gözəl, xeyirxah tədbirlər keçirməklə gələcək nəsillərin daha vətənpərvər, xalqına, yurduna bağlı dəyərli vətəndaşlar kimi böyümələri üçün gözəl ənənələrin əsasını qoyur. Bu məqam olduqca önəmlidir. Çünki bir xalqın gələcəyi onun körpə fidanlarının hansı ruhda tərbiyə olunmasından, vətəninə, torpağına hədsiz və təmənnasız sevgisindən keçir. Bu, birmənalı belədir. Əgər bütün tədris mərkəzləri, tədris prosesi ilə məğqul olan qurumlar bu cür tədbirləri ardıcıl olaraq davam etdirsələr, bu ümumilikdə gələcək nəsillərin dərin vətənpərvərlik ruhunda böyümələri üçün olduqca böyük stimul olardı. Mən daima bizim tədbirlərimizdə fəal iştirak edən bütün vətənpərvər insanlara bu dəstəklərinə görə təşəkkür edirəm. Vətən uğrunda canını əsirgəməyən oğulları ilə ucalır!.”

Şəhid Əli Məmmədzadənin anası Xuraman xanım oğlunun xatirəsinə göstərilən ehtirama görə Tədris Mərkəzinə təşəkkür edib, hər bir gəncimizin vətənpərvərlik ruhunda böyüməsi və igid qəhrəmanlarımızın gələcək nəsillərə tanıdılması üçün mütamadi olaraq belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.

İctimai xadim, yazıçı Fəxrəddin Meydanlı çıxış edərək, dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Cəbrayıl rayonu akademik Mehdi Mehdizadə adına orta məktəbin 6-cı sinif şagirdi Mələkxanım Əsgərova şəhid Əli Məmmədzadəyə xitabən “Şəhid” və “Yaşa Azərbaycan” mahnılarını ifa edib, bir gecədə hazırlayıb bitirdiyi əl işini şəhidin anası Xuraman xanıma hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə