İctimai nəzarətin formalaşdırılmasında MEDİANIN ROLU NECƏ OLMALIDIR? - MEDİA EKSPERTİ AÇIQLADI

İctimai nəzarətin formalaşdırılmasında MEDİANIN ROLU NECƏ OLMALIDIR? - MEDİA EKSPERTİ AÇIQLADI

"Ümumiyyətlə media dünyanın hər tərəfində insanların görən gözü, eşidən qulağı, eyni zamanda danışan dilidir. Yəni adi insanların deyə bilmədiyini media deyir, görə bilmədiyini media görür və eşidə bilmədiyini media eşidir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, bütün bu özəlliklər də medianın ictimai nəzarətin formalaşdırılmasında müstəsna rolunun olmasından xəbər verir: "Yəni bu imkanlar medianın ümumilikdə cəmiyyətdəki əskikliyinin görülməsi, diqqətə çatdırılması və aradan qaldırılmasında üstün bir rol oynamasına şərait yaradır. Mediaya jurnalist etikası baxımından yanaşıldığı təqdirdə xeyrə, faydalı işlərə xidmət etməlidir. Medianın məqsədi, məramı əskikləri görmək, onların düzəldilməsinə, aradan qaldırılmasına töhfə verməkdir. Bu baxımdan ictimai nəzarət həm cəmiyyət, həm dövlət, həm də ayrı-ayrı fərdlər üçün çox faydalıdır.

İctimai nəzarətin formalaşdırılmasında medianın oynadığı rol həm də cəmiyyətin özünün hərəkətlənməsinə səbəb olur. Media bir növ öndə gedərək insanları, ayrı-ayrı fərdləri ictimai nəzarət məsələlərində fəallaşdırır. İnsanlar bir problem haqqında məlumatı mediada gördükdə istər-istəməz səfərbər olurlar. Həmin problemin aradan qaldırılması üçün həmrəylik nümayiş etdirirlər. Göründüyü kimi burada hərəkətverici qüvvə mediadır. Bu baxımdan ictimai nəzarətin formalaşdırılmasında medianın rolu əvəzsizdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə