20 Yanvar faciəsinin ildönümü Xocavənddə qeyd edilib

20 Yanvar faciəsinin 32-ci ildönümü Xocavənd rayonunda silsilə tədbirlərlə qeyd edilib. Rayonun ümumtəhsil məktəblərində 20 Yanvar şəhidləri anılıb, müxtəlif anım tədbirləri, şəhidlərin xatirəsində şahmat və güləş yarışları təşkil olunub.

SİA xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətində "20 Yanvar faciəsi şagirdlərin dili ilə" adlı tədbir keçirilib. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Qanlı Yanvara həsr olunmuş videoçarx göstərilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq salnaməsi, qürur günü kimi daxil olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi və onun dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Diqqətə çatdırıb ki, dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. İmperiya cəlladları həmin gün neçə-neçə igid oğul və qızımızın qanını töksə də, xalqımızı müstəqillik, azadlıq yolundan döndərə bilmədi. Əksinə, azadlıq əzmini daha da gücləndirdi və qısa müddətdə Vətənimizin mərd övladları öz amalına qovuşdu.

Tədbirdə digər çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, 32 il əvvəl baş verən hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyələndiriblər.

Məktəblilərin vətənpərvərlik dolu çıxışları bir daha əmin etdi ki, gənclərimiz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklər. Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Bu məşəl öz odunu, alovunu şəhidlərimizin Vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə