Azərbaycan bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur.
Bu barədə Prezident İlham Əliyev 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib.
Prezident qeyd edib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. “Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir.
Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Bizim ölkələr energetika sahəsində OPEC+ formatında fəal əməkdaşlıq edir. OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynamışdır. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.
Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir.
Sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyulur.
Bu fikirləri Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında layihənin investoru Akvopao şirkəti haqqında danışarkən söyləyib.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.
Ölkə əhalisi artır, tələbat artır. Ona görə enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.
Səbinə Şahverdiyeva
Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin “İlk partiya təşkilatı”nın sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB