Bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinin başlangıcı - MƏQALƏ

“Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 yanvar tarixində Gülüstan sarayında təməlqoyma mərasimi keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ilə bağlı ilkin fikirlərini təməlqoyma mərasimindən bir gün öncə yerli kütləvi informasiya vasitələrinə müsahibəsi zamanı bu sözlərlə bəyan etdi. Ölkə başçımızın da dediyi kimi, bu layihə ölkəmizin həyatında xüsusi dəyərə malik, əlamətdar hadisələrdən biri oldu. İlk öncə ona görə ki, layihənin maliyyə yükü tamamilə investorlar tərəfindən qarşılandı və dövlət bu mənada heç bir əlavə vəsait xərcləməli olmadı. İndiki şəraitdə, yəni dünyanın pandemiya, ərzaq qıtlığı və daha bir çox problemlərlə üz-üzə qaldığı bir dövrdə Azərbaycana bu qədər böyük həcmli investisiyanın qoyulması şübhəsiz ki, ölkəmizin inkişafına, gələcəyinə inamın ən bariz təzahürüdür. Əlbəttə ki, ölkəmizin bu inamı qazanması əbəs deyil. Bu inamın arxasında illərdir sözü də imzası qədər dəyərli olan bir dövlət və onun liderinin gərgin əməyi durur. Bu gün Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər və tam əmindirlər ki, bizim sözümüz imzamız qədər qiymətli və dəyərlidir. Xatırladaq ki, 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə də Azərbaycanın münasibəti tamamilə bənzərdir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib və xarici investorlar ölkəmizə etdiyi yatırımın gələcəyi ilə bağlı heç bir tərəddüd daşımır.

Bu məsələ ilə bağlı diqqət çəkmək zərurəti hiss etdiyimiz nüanslardan biri də investisiyanın Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti tərəfindən qoyulması faktıdır. Məlumdur ki, sözügedən şirkət Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış tanınmış şirkətidir. Şirkətin Azərbaycana maraq göstərməsi olduqca vacib və əlamətdardır. Məlumat üçün qeyd edək ki, layihənin reallaşdırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulmuşdur. Bu stansiyanın istifadəyə verilməsi ilə il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Beləliklə, layihənin həyata keçirilməsi ölkəmizdə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinin başlamasına rəvac verəcəkdir. Layihə Azərbaycanda enerji mənbələrini şaxələndirmək məqsədilə bərpaolunan enerjinin payının artırılmasına töhvə verərək yeni xidmət sahələrinin, sənaye sektorunun və münasib iş imkanlarının yaradılması ilə bağlı da yeniliklərə yol açacaqdır.

Qeyd edək ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin Günəş enerjisi potensialı 4 min meqavat, külək enerjisi potensialı isə 500 meqavatdır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir.

Ölkə başçımız cənab İlham Əliyev təməlqoyma mərasimindəki çıxışı zamanı bütün bu məsələlərlə yanaşı çox vacib bir nüansı da vurğuladı. Belə ki, dövlət başçısı Səudiyyə Ərəbistanın Azərbaycana işğal dövründə daim siyasi dəstək verdiyini və işğala görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmadığını bildirdi. Təbii olaraq Azərbaycan xalqı bunu yüksək qiymətləndirir və gələcəkdə də qiymətləndirməyə davam edəcək. Çünki ölkə başçımızın da dediyi kimi qaliblərin dostu çox olur amma sözügedən ölkə işğal dövründə də Azərbaycanı dəstəkləyib və öz qardaş münasibətini sübut edib.

Emin Süleymanov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...