Şəhidlər Xiyabanı 20 Yanvara necə hazırlaşır? - REPORTAJ

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır. SİA xəbər verir ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Məsələ ilə bağlı biz də Şəhidlər Xiyabanına yollandıq.

Şəhər sakini Pakizə Həmidova:
“Mən Salyan rayonunun Kürsəngi kəndindənəm. Özümə borc bildim Şəhidlər Xiyabanını ziyarət etməyi. Özüm də şəhid anasıyam.

2-ci Qarabağ müharibəsində şəhid olmuş xüsusi təyinatlı Əmrah Həmidovun anasıyam. Şəhidlərimizin sayəsində Azərbaycan xalqının başı hər zaman dik olub. Müharibədən sonra isə bu bir daha öz təstiqini tapdı. Bizim Qarabağımız qayıtdı. Artıq Qarabağda azad yaşayacağıq. Mən bütün bunlarla fəxr edirəm. Eynilə 20 Yanvar hadisəsi kimi sentybarın 27-də də mən belə bir şey olacağını gözləmirdim. Oğlumla artıq bir neçə gün idi ki, əlaqə saxlaya bilmirdik. 7 kəndin alınmasında mənim oğlum iştirak edib. Biz 4 dörd gün gəzdik tapa bilmədik, 7 gün komada qaldı, 3 dəfə isə beyin əməliyyatı keçirtdi. Bunlar ana beyninə elə dərindən həkk olunub ki, ölənədək silinməz. O məni özü ilə birgə öldürdü. Amma Qarabağımız işğaldan azad olundu. Cənab Prezidentimiz İlham Əliyevə və Mehriban xanım Əliyevaya da öz minnətdarlığımı bildirirəm”.

Şəhər sakini Maşallah Məmmədov:
“Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Millətimizdə şəhidlərimizə qarşı bu milli ruh hələ də yaşayır və yaşayacaq da. Biz nəinki ildönümü zamanı hər gün buranı ziyarətə gəlməliyik. Bu bizim vətəndaşlıq borcumuzdur. Mən bu günün öz gözlərimlə şahidi olmuşam. O zaman təhsil almaq üçün Bakıya gəlmişdim. Tankları, o zirehli qüvvələri gözlərimlə görməsəm də hər yerdən səsləri eşidilirdi. Həmin günün səhərini isə hər birimiz bu cür hüznlü xəbərlə açdıq. O zamandan bəri də mən hər zaman Şəhidlər Xiyabanını ziyarət edirəm. Bu hər birimizin vətəndaşlıq borcudur”.

Şəhər sakini Mənsubə Əfəndiyeva:
“Şagirdlərimiz 5-ci sinifdə təhsil alırlar. Bu beşincilərlə ilk dəfədi ziyarətə gəlmişik. Amma digər siniflərimlə birgə hər zaman ziyarətə gəlmişik. Bu dəfə isə uşaqların özlərinin təşəbbüsü ilə gəlmişik. Düzdür, pandemiya ilə əlaqədar olaraq çəkinirik uşaqlarla birgə harasa getməyə. Amma bura gəlmək də uşaqları gətirib, maarifləndirmək də borcumuzdur.

Eyni zamanda valideynlərin də dəstəyi böyükdür bu mövzuda. Məktəbdə də təbliğat geniş şəkildə aparılır. Hər il biz 20 Yanvar hadisəsini qeyd edirik. Bu proses aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər hər kəsi əhatə edir. Bununla yanaşı rəsm sərgiləri keçirilir tədbirlər olur. 20 Yanvar hadisəsinin baş vermə səbəbləri Azərbaycanın hər zaman müstəqilliyə can atan ölkə olması ilə ətrafında hər zaman dərslərdə uşaqlarla söhbətlər edirik”.

Şəhər sakini Elgün Əliyev:
“1990-cı il 20 yanvar gecəsi baş verən bu hadisəni hər kəs kimi mən də unutmuram. Mən həmin zaman 10-cu sinif şagirdi idim.

Neçə gün radio televiziyalar işləmədi. Əhali bir çox məlumatdan xəbərsiz oldu. Artıq bu hadisənin üstündən 32 il keçir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə yaşayacaq. Biz övladlarımızla birgə hər il Şəhidlər Xiyabanını ziyarət edirik. Bu bizim vətəndaşlıq borcumuzdur”.

Gül-çiçək dəstələrindən müxtəlif kompozisiyalar hazırlayan Gülər Məmmədova:
“Artıq 3 ildir davamlı olaraq burada çalışırıq. Güllərimiz Türkiyədən gəlir. Hər biri çox keyfiyyətli güllərdir. Güllərin dəqiq sayı isə hələ açıqlanmayıb. Çünki hələki işlər davam edir güldən istifadə olunur.

Bu ilki kompozisiyalarımızda digər illərdən daha fərqli təşkil olunub. Buradakı dekorların hər biri xüsusi olaraq hazırlanır. 100 nəfərdən artıq bir heyətlə artıq 3 gündür çalışırıq. Yanvarın 19-u tam olaraq bütün işimizi bitirəcəyik. Eyni zamanda biz işimizi görməklə yanaşı həm də öz vətəndaşlıq borcumuzu yerinə yetiririk”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə