Əhalinin sosial müdafiəsi çoxşaxəlidir - DEPUTAT ŞƏRH ETDİ

Əhalinin sosial müdafiəsi çoxşaxəlidir - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan sosial dövlətdir və hər bir sosial dövlətdə olduğu kim Azərbaycanda da əhalinin sosial müdafiəsi, xüsusilə də aztəminatlı insanlara dövlət dəstəyi və qayğısı dövlətin daxili siyasətinin prioritet istiqamətidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin komitə sədri Musa Quliyev deyib.

“Cənab Prezident də həmişə öz çıxışlarında doğru olaraq vurğulayır ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı və Azərbaycan vətəndaşının sosial müdafiəsi, sosial rifahı dayanır. Məhz buradan qaynaqlanaraq Azərbaycanın sosial-iqtisadi inkişafında əldə etdiyi nailiyyətlər birbaşa əhalinin sosial rifah halının gücləndirilməsinə yönəldilir. Əlbəttə ki, əhalinin sosial müdafiəsi çoxşaxəlidir və burada əsas iki prioritet istiqaməti şərtləndirmək olar: Aktiv sosial müdafiə tədbirləri və passiv sosial müdafiə tədbirləri. Aktiv sosial müdafiə tədbirlərinə əhalinin layiqli iş yeri ilə təmin olunması, əmək hüquqlarının qorunması, əmək şəraitinin getdikcə yaxşılaşdırılması və təhlükəsizliyin olması, sosial rifahını təmin edəcək əməkhaqqı ilə təminatın həyata keçirilməsi aiddir. Bununla əlaqədar olaraq bizim kifayət qədər qanunlarımız var, o cümlədən Məşğulluq haqqında, Əmək Məcəlləsi, sığortalarla bağlı qanunlar sistemimiz vardır. Eyni zamanda bu təminatları həyata keçirmək üçün müxtəlif strukturlar da yaradılmışdır və bu strukturlar vasitəsilə də Azərbaycan vətəndaşlarının əmək hüquqları həyata keçirilir. Azərbaycanda il ərzində 100 000-dən çox iş yerləri açılır ki, bu da vətəndaşlarımızın məşğulluğunun təmin edilməsinə yönəldilmişdir.

Digər tərəfdən yeni peşələrin hazırlanması, xüsusən son dövrlərdə informasiya-kommunikasiya texnologiyaların, rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar olaraq yeni peşə standartlarının müəyyənləşməsi və bu peşələrin hazırlanması istiqamətində də dövlətimizin siyasəti vardır. Həm özəl, həm də dövlət sektorunda, dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışan vətəndaşlarımızın əmək hüquqlarının qorunması və layiqli əməkhaqqı ilə təmin olunması da dövlətin əsas sosial siyasətindən biridir. Eyni zamanda cənab Prezidentin müəyyən etdiyi və son 4 ildə uğurla həyata keçirilən özünəməşğulluq proqramı da məşğulluq proqramlarından biridir. Bütövlükdə isə əməkhaqlarının artımı demək olar ki, hər il həyata keçirilir və bu il də təxminən 20% əməkhaqlarının artırılması barəsində həm qanunlar qəbul olunmuş, həm də cənab Prezidentin sərəncamları olmuşdur. Minimum əməkhaqqının artırılması ilə həm dövlət, həm də özəl sektorda çalışan insanların əməkhaqları qaldırılır. Minimum əməkhaqqı ötən ildəki 250 manatdan bu il 300 manata çatdırılmışdır.

Son 3 il ərzində isə Azərbaycanda minimum əməkhaqqı təxminən 2 dəfəyə yaxın artmışdır. Digər sosial müdafiə tədbirləri passiv sosial müdafiə tədbirləri adlanır və əsasən aztəminatlı insanların sosial müdafiəsinə yönəlmişdir. Burada uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilir, təxminən 11 sosial müavinət növü müəyyənləşdirilmişdir. Əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlər sistemi həyata keçirilir, onların pensiya, müavinət təminatı, onlara Prezident təqaüdü verilməsi, onların reabilitasiyası ilə bağlı görülən tədbirlər, o cümlədən sağlamlığının bərpa olunması, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiya, yeni peşələr əldə edilməsi və işə düzəlməsi ilə bağlı reabilitasiya tədbirləri də peşə reabilitasiyası adlanır. Xüsusi kateqoriya bizdə Qarabağ müharibəsinin şəhidləri və əlilləridir ki, onlara qayğı həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən olduqca yüksək səviyyədə göstərilir. Cənab Prezidentin bu barədə həm sərəncamları var, həm də birbaşa öz çıxışlarında xalqa və vətəndaşlara, o cümlədən məmurlara tapşırıqları, müraciətləri var. Bu kateqoriya insanların həm pensiya təminatı, sosial sığorta təminatı, Prezident təqaüdü təminatı ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar dövlət proqramı var və bu vətəndaşların demək olar ki, ehtiyacı olan hər biri dövlət tərəfindən tikilmiş və yaxud da hazır şəkildə alınmış, hər cür şəraiti olan mənzillərlə təmin olunur. Ötən il 3000 nəfər Qarabağ müharibəsi şəhidin və əlillərin ailəsi belə mənzillərlə təmin olunmuşlar.

Ümumiyyətlə 2014-cü ilə qədər növbədə duran bütün I Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin hamısı mənzillə təmin olunmuşdur. 2014-cü ildən sonra növbəyə duran I Qarabağ müharibəsi qazi və şəhidlərinin yaxın 3 ildə, yəni 2025-ci ilə qədər mənzillərinin təminatının tam həyata keçirilməsi nəzərdə tutulur. II Vətən müharibəsi qaziləri və şəhid ailələrinin mənzil təminatının da qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur. Qarabağ əlillərinin tibbi göstərişi olanlara avtomobil nəqliyyatının verilməsi, motorlu arabaların verilməsi, onların ən müasir rəqəmsal texnologiya ilə çalışan protezlərlə təmin olunması da dövlət qayğısının ifadəsidir. Pensiyaçıların sosial müdafiəsi ilə də bağlı həm qanunumuz, həm də cənab Prezidentin fərman və sərəncamları vardır, pensiyaların da ilbəil artırılması və pensiyaçıların digər sosial müdafiə tədbirlərinin, o cümlədən onlara evdə xidmət tədbirlərinin, sanator-kurort müalicəsinin həyata keçirilməsi də dövlətin sosial siyasətinin tərkib hissəsidir. Pensiyaların minimum məbləği mövcud ötən ilki 200 manatdan 240 manata qaldırmaqla təxminən 80 000-ə yaxın pensiyaçının sosial müdafiəsi gücləndirilmiş oldu. Digər pensiyaçıların pensiyaları isə ötən ildəki orta əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir ki, pensiyaçılarımızın da sosial müdafiəsi hər il yaxşılaşmış olsun. Bütövlükdə götürüləndə istər özünəməşğulluq tədbirləri, ünvanlı sosial yardım tədbirləri, hansı ki, ən yoxsul əhaliyə göstərilir, pensiya müavinət, təqaüdlə təmin olunma səviyyəsi və onların daim artırılması məsələləri, məşğulluq, əmək hüquqlarının qorunması məsələləri, Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətləridir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə