“Meyvəçi usta” proqramı üzrə peşə hazırlığı kurslarına başlanacaq

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Dövlət Məşğulluq Agentliyinin tabeliyində olan Göyçay Peşə Hazırlığı Mərkəzi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən görüləcək işlər müzakirə olunub.

SİA xəbər verir ki, institutdan verilən məlumata görə, bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə və Göyçay Peşə Hazırlığı Mərkəzinin direktoru Əzizağa Atakişiyev Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər.

İlkin mərhələdə aqrar sahədə ixtisaslı kadrların hazırlanması məqsədilə birgə “Meyvəçi usta” proqramı üzrə peşə hazırlığı kurslarının başlanması üçün təlim vəsaitlərinin çap olunmasına və institutun Göyçayda yerləşən Dayaq Məntəqəsində kiçik nümayiş bağlarının yaradılmasına dair razılığa gəlinib.

Əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzinin müdavimləri institutun bir sıra layihələrinin icrasına qoşulacaq, işlə təmin olunacaqlar.

Qonaqlar biotexnologiya laboratoriyasına, istixana kompleksinə, təcrübə sahəsində yerləşən “Ağıllı bağ”a və tinglik sahələrinə baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə