“Azərbaycanda sosial şəbəkələr sürətlə enerji təminatçısına çevrilir”

"Sosial şəbəkələr artıq həyatımızın bir parçasıdır. Biz həyatımızı sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Bu sözləri SİA-ya açıqlamasında Seymur Verdizadə bildirib.

Onun sözlərinə görə, hətta elə bir vəziyyət yaranıb ki, ailədə ata oğulla, ana qızı ilə də bəzən sosial şəbəkələr vasitəsilə ünsiyyətdən qurur: “Bu baxımdan sosial şəbəkələrdəki problemlərdən çıxış yolu tapmaq, problemlərin kökünə enmək hər birimizi narahat edir. Təəssüflə qeyd etmək istərdim ki, xüsusilə son illərdə Azərbaycanda sosial şəbəkələr sürətlə enerji təminatçısına çevrilir. Dünən sosial şəbəkələrə daxil olduqda qarşıma ilk çıxan paylaşım həm gülməli idi, həm də ağlamalı. Bir qadın evində olan çirkli qabların şəklini paylaşmışdı. Altına isə “görün mən necə tənbəl qadınam” yazısını qeyd etmişdi. Bir jurnalist olaraq mənim üçün bundan daha faciəli, acınacaqlı mənzərə ola bilməz. Həmin qadına potensial oxucu kimi baxıram. Buna görə də istərəm ki, o mənə görmədiyim qüsurlarımı göstərsin, amma o evindəki çirkli boşqabların şəklini göstərir. Təəssüflər olsun ki, sosial şəbəkələr günümüzə bu qədər ucuzlaşıb dəyərini itirib. Lakin öz fikirləri ilə cəmiyyətə yararlı olacaq insanlar isə sırf bu cür hallara görə sosial şəbəkələrdən qaçmağa çalışırlar. Sosial şəbəkələr adından da görünür ki, kütləvi xarakter daşıyır. Buna görə də burada tam peşəkarlıq tələb edə bilmərik. Məsələ burasındadır ki, sosial şəbəkə kütləvidir. Kütlənin isə tənqidə, irada özünəməxsus yanaşma tərzi var. Biz illərdir jurnalist fəaliyyəti göstəririk. Hər zaman tənqidlə də məşğul olmuşuq. Amma problem budur ki, biz tənqid edirik, sosial şəbəkələr isə təhqir edir. Biz kütlənin arxasınca sürünməməliyik. Əgər azadıqsa kütləni öz arxamızca aparmalıyıq. Ən azından kütləyə qoşulmamalıyıq. Amma həqiqətdir ki, bəzi hallarda sosial şəbəkələrdən mənbə kimi istifadə edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə