"Ümumiyyətlə, gün ərzində 2 stəkan çay içmək yetərlidir. Daha çox qəbul edilməsinə ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ofelya Tahirova bildirib.

Onun sözlərinə görə, hazırda qara çayların tərkibinin tam təbii olması belə sual altındadır: “Bəzən rənginin daha tünd olması üçün ona müəyyən rəngləndiricilər əlavə edirlər. Bunları nəzərə aldıqda biz dəqiq bilmirik ki, içdiyimiz çay təbiidir, yoxsa yox. Ümumiyyətlə, bitki çaylarına üstünlük verməyi məsləhət görürəm. Lakin bunları da gün ərzində 1-2 stəkandan artıq içməyə ehtiyac yoxdur. Bitki çayları içərisində, xüsusilə, yaşıl çayın tərkibi çox zəngindir. Toksinləri bədəndən çıxara bilir, sidikqovucudur. Eyni zamanda, insanı uzun zaman kəsiyində tox tutmaq qabiliyyətinə də malikdir. Sadəcə olaraq, təzyiqi aşağı olan insanlara o qədər də məsləhət görülmür. Çünki çox içildikdə qan təzyiqinin düşməsinə təsir edə bilir. Eyni zamanda, kəklikotu, itburnu, razyana çayları da məsləhətlidir. Ümumiyyətlə, bitki çayları insan orqanizmi üçün daha əhəmiyyətlidir, nəinki digər çaylar. Sakitləşdirici effektə malik çaylar da mövcuddur. Bu tip çaylara “Melisa” çayını misal göstərə bilərik. “Melisa” çayı olduqca sakitləşdirici effektə malikdir. Həmçinin, “çobanyastığı” çayının da bu cür özəlliyi var. “Çobanyastığı” çayını iltihab əleyhinə də istifadə edirlər. Çox yaxşı təsir göstərir. Çay növləri içərisində ən yanlış arıqlamaq üçün istifadə olunan çaylardır. Bu cür çayların insan orqanizminə fəsadları çoxdur. Heç bir faydası da yoxdur. Sadəcə olaraq, reklam məqsədilə satılır. Hətta demək olar arıqladıcı xarakteri də yoxdur. Bunlardan istifadə edən insanlar özləri də təstiq edə bilərlər ki, sadəcə 3-5 kq verə bilirlər. Sonra isə artıq çəki atmaq mümkün olmur bu çaylar vasitəsilə. Çünki həmin çaylar orqanizmdən maye atımına səbəb olurlar. Bu zaman da insan bədəninin də suyu quruyur. Buna görə də tərəzidə 3-5 kq itirildiyini görə bilirik. Amma bu, o demək deyil ki, həqiqətən çəki atılıb. Burada məqsəd sadəcə biznesdir. Bu çaylar da biznes məqsədilə satılır. Orqanizmə də çox böyük təsiri var. İlk öncə bağırsaq xərçəngi riskini artırır. Çünki həmin çaylar bağırsaq mikroflorasını zədələyir və tamamilə məhvinə səbəb ola bilir. Buna görə də, ümumiyyətlə, arıqlama çaylarına birmənalı olaraq çox mənfi münasibətdəyəm. Təəssüflər olsun ki, bu cür arıqlama çaylarını hazırda məşhur insanlar reklam edirlər. İzləyicilər də onlardan ilhamlanaraq, inanıb bu cür çaylardan istifadə edirlər. Buna görə də yanlış yönləndirilmiş olurlar. Arıqlama çaylarının bir çox ziyanları var. İnsan orqanizmində bu risklər bir müddət ərzində də özünü göstərə bilər. Hətta bu cür çaylar çox istifadə olunduqda insan həyatının itirilməsinə də səbəb ola bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB