Sosial şəbəkələrdə saxta profil açanlara HANSI CƏZA ÜSULU SEÇİLMƏLİDİR? - SORĞU

Sosial şəbəkələrdə saxta profil açanlara HANSI CƏZA ÜSULU SEÇİLMƏLİDİR? - SORĞU

İnsanlar sosial şəbəkələrdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Təəssüf ki, çox zaman insanlar sosial şəbəkələrdə saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırlar. Saxta profil və səhifələr isə müxtəlif məqsədlər üçün yaradılır. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq və bu yolla gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir. Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsa, ətrafı tərəfindən yaxşı qarşılanmaz. Lakin sosial şəbəkələrdəki mövcud norma və qaydalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur. Hər bir şəxs öz adı ilə qeydiyyatdan keçməli və özünə yalnız bir hesab açmalıdır. Şəxs sosial şəbəkədə şəxsi hesab yaradarkən irəli sürülmüş bütün şərtlərlə razılaşır və həmin şərtlərin pozulmasına görə üzərinə qoyulmuş məsuliyyəti qəbul edir.

SİA məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli SİA-ya bildirib ki, sosial şəbəkələr informasiya manipulyasiyaları üçün texniki baxımından çox geniş problemlər yaradır: "Sosial şəbəkələr ümumiyyətlə bir texnologiya olaraq informasiya manipulyasiyalarının və saxta məlumatların yayılması üçün çox geniş bir məkandır. Təəssüf ki, bu texniki imkanlardan bəzi qüvvələr, şəxslər tərəfindən sui-istifadə olunur və həm rəsmi şəxslərin, həm də sadə insanların adından bəzən xoşagəlməz, yalançı profillər yaradılaraq xoşagələz informasiyalar yayılır. Bunu nəzərə alaraq Azərbaycan qanunvericiliyində müvafiq dəyişikliklər edilərək sosial şəbəkələrdə saxta profillərin yaradılması qanunla qadağan edilib. Bu baxımdan qanunvericilik imkan verir ki, bu cür əməlləri törətmiş şəxslər barədə ciddi şəkildə ölçü götürülsün. Dövlət Təhlükəsizliyi Xidməti öncədən xəbərdarlıq etməklə bu məsələnin üzərinə getməsi çox yaxşı haldır. Çünki bu şəxslər cəzalanmasa, haqlarında hüquqi ölçü götürülməsə, bu kimi hallar daha ciddi nəticələnə bilər. Bu baxımdan sosial şəbəkələrdə manipulyativ məqsədlər üçün istifadə edənlər, saxta profil yaradanlar, başqalarının hüquqlarına müdaxilə edən şəxslər haqqında ölçü götürülməlidir ki, bu hal digər şəxslərə də bir nümunə olsun".

Media eksperti Azər Həsrət SİA-ya açıqlamasında bildirib ki, sosial mediada saxta adlar altında gizlənib başqalarına qarşı təbliğat aparan, təhqir edən, böhtanlar yağdıran, yalan məlumatlar yayan şəxslər illərdir həqiqətən də cəmiyyətin ən ciddi problemlərindən birinə çevrilib: "Demokratiya, ifadə azadlığı, media azadlığı bunlar yaxşı şeylərdir. Lakin bu dəyərlərdən sui-istifadə yolverilməzdir. DTX-nın belə bir təşəbbüsdə olması şəxsən məni sevindirir. Çünki illərdir ki, bu məsələ ilə bağlı çağırışlar edirəm. Bizim kimi ifadə azadlığıma sadiq insanlar fikirlərimizi öz imzamız ilə, öz adımız altında ifadə edirik. Hətta ən sərt tənqidləri belə öz imzamız ilə təqdim edirik. Cəmiyyət də bunu normal qəbul edir. Təəssüflər olsun ki, bəzi onlayn media parazitləri saxta adlar altında gizlənərək cəmiyyətdə qarma-qarışıqlıq yaratmağa, üzdə olan şəxsləri gözdən salmağa çalışır və ümumiyyətlə normal müzakirələrin getməsini əngəlləyir. Əlbəttə ki, bu kimi insanlara qarşı tədbirlərin görülməsi çox vacibdir. Bu baxımdan DTX, eyni zamanda digər müvafiq hüquq-mühafizə orqanları çox ciddi və təxirəsalınmaz tədbirlər görməlidirlər ki, cəmiyyətdə normal müzakirə gedə bilsin. Yəni Azərbaycan elə bir ölkə deyil ki, burada kimlərsə fikirlərinə görə təqib edilsin. Heç kim təqib edilmir. Hər kəs öz fikrini açıq-aşkar şəkildə ifadə edə bilər. Belə olan şəraitdə niyə bəzi insanlar saxta ad altında gizlənərək onlayn platformaları söyüş meydanına qəsti-qərəz meydanına çevrilməlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə