İnsanları aqressivləşdirən QİDALARIN ADLARI AÇIQLANDI - MÜSAHİBƏ
Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın SİA-ya verdiyi müsahibəni təqdim edirik.
- Göz üçün faydalı olan qidalar hansılardır?
- Qida və qidalanma elə bir mövzudur ki, indiki dövrdə hər gün müzakirə edilməlidir. Çünki hazırkı dövrdə bir çox xəstəliklər çoxalır və cavanlaşır. Bunun da mənbəyində qidalanma mütləq şəkildə öz rolunu göstərir. Bildiyimiz kimi, orqanizm çox mükəmməl quruluşa malikdir. Orqanizmdə makro və mikroorqanizmlərin faydası çox böyükdür. Bir vitaminin ən az çatışmazlığı belə gözdə korluğa və yaxud da gecə korluğuna səbəb ola bilər. Ümumiyyətlə, orqanizmin sağlamlığını qorumaq üçün A və E vitaminlərlə zəngin olan qidalara üstünlük verməliyik. Buna da biz əsasən kök, qızıl balıq kimi qidaları misal göstərə bilərik.
- Kiflənmiş qidaları yemək olarmı?
- Kiflənmiş qidaları istehlak etmək çox təhlükəlidir. Çünki bəzi qidalar var ki, onlar yüksək risk qrupuna daxildir. Həmin qidalar daha tez xarab olur. Bəzi insanlar kiflənmiş qidanın kiflənən hissəsini ataraq elə istifadə edirlər. Amma bu, ilk növbədə, mədə-bağırsaq və həzm sistemini, maddələr mübadiləsini sıradan çıxaran köhnə və zərərli qidalardır. Əgər bir qida köhnəlibsə və ya kiflənibsə, həmin qidaların istehlakı yolverilməzdir.
- İnsanları aqressivləşdirən qidalar hansılardır?
- İnsanlardakı bu aqressivliyin kökündə bəzi qidalar durur. Bu gün biznes marağı üçün qidalara qatılmayan maddə qalmayıb. Bəzi insanlar tərkibində qatqı maddəsi olan qidanı o qədər çox qəbul edir ki, bu, onun psixologiyasına, əhval-ruhiyyəsinə çox təsir edir. Əgər biz təbii şəkildə qidalansaq, insani xüsusiyyətlərimizi saxlasaq qarşımızda baş verən neqativ hadisələrə də normal reaksiya verəcəyik.
- Elə insanlar var ki, çox yeyir amma kökələ bilmir. Məsələn, iki qardaş evdə eyni miqdarda və eyni cür yemək yediyi halda biri kökəlir, digəri isə arıq qalır. Bunun səbəbi nədir?
- Hər bir insanın fərdi orqanizm xüsusiyyətləri var. Bundan əlavə maddələr mübadiləsi hər kəsdə eyni deyil. Əgər bir insan sağlam qidalanır və təmiz havada daha çox vaxt keçirirsə, o, yeməyi daha yaxşı həzm edəcək və daha çox enerjiyə çevirəcək.
- Ümumiyyətlə, ay ərzində maksimum neçə kiloqram arıqlamaq normal sayılır?
- Ümumiyyətlə, belə bir standart çəki yoxdur. Hər orqanizmə fərdi yanaşmalıyıq. Burada sümük çəkisi, yağ toxumalarının çəkisi, orqanizmin fizioloji quruluşu çox önəmlidir. Ona görə də mütləq şəkildə baxmaq lazımdır ki, həmin insan arıqlamaq istədiyi çəkini neçə müddətə yığıb və hansı səbəbdən yığıb. Bunların hamısını dəqiqləşdirdikdən sonra artıq biz həmin insana dəqiq olaraq nə qədər çəki atmasını tövsiyə verə bilərik. Çünki bəzən yanlış, kor-koranə istifadə olunmuş dietalar var ki, onlar orqanizmi birbaşa ölümə sürükləyir. İnsanların dietik çaylardan istifadə etməsini də düzgün hesab etmirəm. Bəzi biznes maraqlarına uyğun hazırlanmış çaylar var ki, biz onların içərisində nə olduğunu bilmirik və bu da güvənilir deyil. İnsanlar bir çox firmalar var ki, günün tələblərinə uyğun olan, insanların diqqətini çəkən və tənbəllərə reklam kimi göstərilən çaylardan uzaq dursunlar.
- Qida mədəniyyətindən söz düşmüşkən qidalanma tərzinə baxaraq hansısa insan haqqında fikir yürütmək mümkündürmü?
- Bir insanın, ümumiyyətlə, xarici görünüşünə baxdıqda onun hansı qidalarla qidalandığı, hansı həyat tərzi sürdüyü açıq-aydın görünür. Bu gün hər kəs tələsik əlüstü necə gəldi qidalanır. Əgər hər hansısa bir sağlam qidanı tələsik və neqativ bir şəkildə qəbul ediriksə, əminliklə deyə bilərəm ki, biz o qidadan faydalana bilməyəcəyik. Bir qidanı yedikdə ona 15-20 dəqiqəmizi ayırmalıyıq.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB