Yeniyetmələrin sosial şəbəkələrə asılılığının səbəbləri nələrdir? - MARAQLI FAKTLAR - EKSPERTLƏR AÇIQLADI

Yeniyetmələrin sosial şəbəkələrə asılılığının səbəbləri nələrdir? - MARAQLI FAKTLAR - EKSPERTLƏR AÇIQLADI

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Son vaxtlar isə dünyanın ən müxtəlif yerlərindən ən fərqli insanların bir-biriləri ilə ünsiyyət qurduqları sosial şəbəkələrə maraq daha da artıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların, yeniyetmələrin sosial şəbəkə aludəçiliyi ciddi təhlükə həddindədir.

Mövzu ilə bağlı SİA sosioloq Rəşad Əsgərovun fikirlərini öyrənib. Rəşad Əsgərov bildirib ki, son zamanlar uşaqlar və yeniyetmələr arasında sosial mediaya, sosial şəbəkələrə bağlı meyillik daha da artıb: "Bunun bir çox səbəbləri var. Birincisi, müxtəlif bölgələrdə və regionlarda yaşayan uşaqların və yaxud da yeniyetmələrin asudə vaxtlarının səmərəli formada təşkil etməsi üçün ya əlverişli şərait, ya da infrastruktur yoxdur. İkincisi sosial media daha çevikdir. Burada cəmiyyətdə baş verən proseslər daha dinamik və adekvat olaraq tez canlandırılır. Bu da uşaqların, yeniyetmələrin, xüsusilə də gənc nəslin arasında sosial şəbəkələrə meyilliyi artırır. Üçüncü, bir məsələ isə insanlar sosial media vasitəsilə müxtəlif hadisələr haqqında xəbər tutmaq, bu məlumatları paylaşmaq və yaxud da müəyyən informasiya əldə etmək məqsədi ilə istifadə edirlər.

Dördüncü bir məqam isə gənclər, yeniyetmələr sosial media vasitələrindən istifadə edərək müəyyən hadisə və proseslər haqqında maarifləndirici məlumatlar əldə etmək üçün istifadə edirlər. Bu da onların sosial mediadakı fəaliyyətini artırır. Beşincisi isə, insanlar sosial media ilə sanki əlaqə quraraq müəyyən qədər asudə vaxtını burada keçirirlər. Sosial media vasitələrinə aludəçilik gənclər arasında assosiallıq meyillərini artırır. Onların virtual medianın imkanlarından istifadə etməsi onların davranışına, həyat tərzinə, digər tərəfdən də gənc və yeniyetmələrin psixoloji durumuna müəyyən qədər təsir göstərir. Onlar canlı ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verirlər. Sosial media vasitələrindən asılılıq onları cəmiyyətin digər üzvlərindən birbaşa təcrid edir. İnsanlar xüsusilə də gənclər və yeniyetmələr arasında sosial mediadan asılılığın qarşısını almaq üçün müəyyən qədər nəzarət mexanizmləri gücləndirilməlidir. Gənclərin daha aqressiv informasiya saytlarına girişinin qarşısını almaq lazımdır. Valideynlərin uşaqlar üzərindəki nəzarətinin artırılması vacibdir. Onların asudə vaxtlarında sosial media imkanlarından daha çox bir-biri ilə əlaqə və münasibətlərə şərait yaradılmalıdır. Onların intellektual potensialının inkişafı üçün jurnal, qəzet və kitabların mütaliəsinə daha geniş şərait yaradılmalıdır. Əgər, bu problemlər aradan qaldırılmasa, gənclərimiz və yeniyetmələrimizin sosial mediadan asılılığı gələcəkdə digər problemlərin yaranmasına səbəb ola bilər".

Mövzu ilə bağlı psixoloq Fərqanə Mehmanqızı bildirib ki, ümumiyyətlə, real həyatda ailəsi tərəfindən özünü təsdiq edə bilməyən uşaqlar, ailəsi tərəfindən qəbul olunmadığını düşünən uşaqların istər sosial şəbəkə asılılığı, istərsə də müxtəlif oyunlara asılılığı yaranır: "Çünki insanın xisləti budur. İnsan mütləq özünün tətmin etməlidir. Bu real həyatda olmayanda sosial şəbəkədə özünü göstərə bilir. Çünki sosial şəbəkədə belə bir qayda var ki, dostluq, bəyənmə çox olanda deməli artıq sən özünü tətmin edə bilirsən. Bunun verdiyi rahatçılıq da ora meylliyi daha da artırır və artıq uşaq asosyal olur. Real ətrafından daha da uzaqlaşır. Uşaq və yeniyetməlik dövründə uşaqları diqqətdən, sevgidən kənar qoymaq olmaz. Uşaqlar bizimlə psixoloji alyansı qırmasın".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə