Uşaqlar neçə yaşında sərbəst cümlə qurmalıdır? -LOQOPED AÇIQLADI

"Bildiyiniz kimi, son zamanlarda uşaqlarda gec danışma halları artıb. Bu gecdanışmanın səbəbi hamiləlik dövründən başlayır". Bu sözləri SİA-ya açıqlamasında baş loqoped Günel Azimova bildirib.

Onun sözlərinə görə, ana hamilə olduğu ilk 3 ayda keçirdiyi infeksion xəstəliklər nəticəsində (buna qripi misal gətirmək olar) və beyinə hava getməməsi nəticəsində uşaqda bir çox problemlər yaranır və bu da daha çox uşaqların nitqinə böyük təsir göstərir.

Normalda uşaqlar neçə yaşında sərbəst cümlə qurmalıdırlar?

Əslində, nitqin ümumi vəziyyəti belədir. Bir yaşında olan uşaq 10-12 söz bilməlidir, yəni sözlərlə birlikdə fikrini bildirmək üçün işarələrdən istifadə edirlər. Bir yaş 6 aylıq uşaqlarda bu rəqəm 30-40 söz arası olur və bu dövrdə nitqi anlamaq, təqlid etmək, ümumiləşdirmə bacarığı sürətlə inkişaf edir, həmçinin sadə göstərişləri başa düşür, bir sıra tanıdığı işarələrdən, jestlərdən və sözə oxşar kəlimələrdən istifadə edir. Məsələn, kənardan gələn səsin mənbəyini bilir, axtarır, nəyə və kimə aid olduğunu dərk edir. Həmçinin, bəzi heyvanların səslərini belə təqlid edirlər. 2-3 yaşında isə uşaqlar təxmini 200-300 söz bilməlidir. Bu yaş dövrü, əslində, uşaqların lüğət tərkibinin kəskin artması dövrüdür. Yəni uşaq əşyaların xassələri ilə tanış olur. Onlar haqqında qısa mülahizələr yürüdə bilir. 2-3 sözdən ibarət cümlələr qura bilir. Sözləri daha aydın tələffüz etməyə başlayırlar. Ancaq bu dövrdə nitq hələ də mükəmməl olmur. 3-4 yaş aralığında olan uşaqlar 800-1000 arası söz, 4-5 yaşında 2000-2500 söz, 5-6 yaşında isə 2500-3500 söz bilməlidir. Bu zaman uşaqlarda mürəkkəb cümlələr qurma bacarığı inkişaf edir. Atalar sözlərinin mənasını başa düşə bilirlər, sevinc, kədər, təəssüf hisslərini intonasiya vasitəsi ilə ifadə edə bilirlər. Samit və sait səsləri bir-birindən ayıra bilir. Cümlə qurarkən fikirləşirlər.

Bəs hansı əlamətləri gördükdə mütəxəssisə müraciət edilməlidir?

Uşaqda diqqət əksikliyi varsa,

Uşaq göz kontaktı qura bilmirsə,

Fikri dağınıqdırsa,

Çağırıldığı istiqamətə baxmırsa,

Əgər 3 yaşı varsa və o hələ də 8-10 söz bilirsə.

Bir sözlə, bu hallarla qarşılaşırsınızsa, demək, övladınızda nitqin ləngiməsi hadisəsi baş verir. Belə olduğu təqdirdə uşağın mütəxəssis yanına getməsi məsləhətlidir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə