Yeni il alış-verişi edərkən ilk olaraq nələrə diqqət yetirilməlidir? - MARAQLI MƏQAMLAR AÇIQLANDI

Yeni il alış-verişi edərkən ilk olaraq nələrə diqqət yetirilməlidir? - MARAQLI MƏQAMLAR AÇIQLANDI

"Bayram günlərini daha yaddaqalan və təmtəraqlı qeyd etmək üçün insanlar qida məhsulları hazırlayaraq, min bir neymətlə süfrələrini bəzəyirlər. Həmin qidaları hazırlamamışdan öncə insanlar ənənəvi olaraq bayram bazarlığı edirlər. Bəs gəlin görək yeni il alış-verişi edərkən əsas nələrə diqqət edilməlidir? Bu məsələ ilə bağlı SİA sosioloq və iqtisadçıların fikirlərini öyrənib.

İqtisadçı Ruslan Atakişiyevin sözlərinə görə, insanlar alış-veriş etməmişdən öncə ailənin ümumi gəlirini nəzərə almalıdırlar.

Əsasən büdcənin hansı səviyyədə olmasından asılı olaraq ona uyğun bir şəkildə hərəkət etməlidirlər. Aşağı və orta gəlirli insanlar əsasən özləri üçün zəruri olan məhsullara üstün vermələri daha məqsədə uyğundur. Xüsusilə bayram günlərində bir çox insanlar bədxərc davranırlar və ayın sonunda artıq ailə büdcəsində kasıblaşma əmələ gəlir. Alış-verişə getməmişdən öncə nələrin alınması barədə siyahı hazırlanmalıdır ki, siz bazara və yaxuda da, supermarketə gedərkən zəruri məhsullar yaddan çıxmasın. İnsanlar çox zaman ucuz məhsullara önəm verirlər. Lakin bilməlidirlər ki, məhsulun sərfəli olması ilə yanaşı keyfiyyəti də önəmlidir.

Sosioloq Rəşad Əsgərovun sözlərinə görə, hər il olduğu kimi insanlar bu ildə bayram alış-verişi etməyə hazırlaşır.

Aydındır ki, Yeni ilə bərabər 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd olunur. Xalqımız bu günü xüsusi təmtəraqlı şəkildə keçirir. Bayram ərəfəsində insanları düşündürən əsas məsələlərdən biri də, alış-veriş etməkdir. Bazarlıq edərkən, insanlar aldıqları qidaların keyfiyyətinə və qiymətinə fikir verməlidirlər. Maddi cəhətdən imkanlı təbəqənin nümayəndələri üçün bayram bazarlığı etmək o qədər də çətinlik yaratmır. Onlar istədikləri məhsulları rahatlıqla əldə edə bilirlər. Burada əsas aşağı təbəqənin nümayəndələridir ki, xüsusilə də təqaüdçülər, dövlət qulluqçuları, muzdlu işçilər üçün bayram bazarlığı etmək çətinlik yaradır. Bu təbəqənin insanları bazarlıq edərkən daha sərfəli məhsullara üstünlük verirlər və daha çox sərfəli bazarlara üz tuturlar. Burada əsas məhsul alarkən sağlamlığa heç bir zərəri olmayan qidalara üstünlük verməlidirlər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə