Erkən nikahların baş verməsi NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR?- SORĞU

“Mənim hər zaman buna münasibətim birmənalı olub”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə deyib.

“Bunun qarşısı alınmalıdır, çünki bu, bir cinayətdir. 14 yaşlı qızın nişanlı olması ilə bağlı məsələyə dərhal reaksiya verildi. Lakin mən çox təəssüf edirəm ki, məktəb direktoru bu barədə bilib və bunu təkzib edib. Daha sonra məsələ ictimailəşdikdən sonra o qapıya gedib bunun qarşısını almağa cəhd göstərməsi, bu, o deməkdir ki, bəzən ikili oyunlar da gedir. Mən əlbəttə ki, inanmıram ki, 14 yaşlı qız bu münasibəti istəyib, onun istəyi əleyhinə olması daha böyük ehtimaldır. Burada valideynlər məsuliyyət daşımalıdır. Təəssüf ki, nişanlanmaq hələ evlənmək olmadığı üçün, burada uşağa qarşı cinsi hadisə baş vermədiyi üçün burada bir cinayət məsuliyyəti daşınmır. Lakin əlbəttə ki, qarşı tərəflər çağırılır, dindirilir, xəbərdarlıq olunur. Düşünürəm ki, bu məsələlərdə Ailə Məcəlləsində bəzi bəndlər bir qədər sərtləşdirilsə, valideynlər artıq bu qərarı, bu addımı atmaz və bununla da erkən nikahların qarşısı qismən də olsa alına bilər”.

Bu məsələyə mama-ginekoloq dr.Ləman Əliyeva da münasibət bildirdi. Onun sözlərinə görə, insan orqanizmində müəyyən yaşlarla bağlı inkişaf mərhələləri var. “Ana bətnində yumurta hüceyrənin mayalandığı dövrdən başlayaraq qadında uşağın oğlan və ya qız olmasından asılı olaraq onların müəyyən yaş mərhələləri var. 14 yaşında bir qızın cinsi yetişkənliyi inkişafı tam olaraq başa çatmamış olur. Təbii ki, adət görmə halları hər qadında eyni olmur. Bəzən görülür ki, 14 yaşlı bir qızın adət dönəmi başlamamış olur. Həmin qızın orqanizmi zəifdi, uşaq orqanizmidi, onun bədəni hamilə qalmağa hazır deyil. 14 yaşlı orqanizmin hamiləlik daşımağa gücü çatmaz. Ona görə, belə insanlar gələcəkdə problemlərlə də rastlaşa bilirlər, fizioloji və psixoloji tərəfdən də onlara çətin olur. Düşünürəm ki, hər şeyin öz vaxtında olması yaxşıdır. Təbii ki, belə hallar yolverilməzdir. 14 yaşında bir qız uşağının əqli inkişafı heç vaxt yetişkin bir adamın anlayacağı qədər ola bilməz, bu, mümkün deyil. Həmin uşaq gedib evi, ailəni idarə edə bilməz. Biz də hər zaman təbliğ etməliyik ki, belə halların qarşısını alınsın”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə