Yeni ildə uşaqlar üçün hansı əyləncələr təşkil olunur? FOTOREPORTAJ

Bir neçə gün sonra artıq yeni ilə keçid edəcəyik. Şəhərdə yeni il əhval-ruhiyyəsi özünü göstərir. Şəhərin hər tərəfində yeni il yolkaları quraşdırılıb, bütün ağaclar işıqlarla bəzənib. Sanki şəhər Yeni ilin gəlişini böyük həyəcanla gözləyir. Yeni il bayramını səbirsizliklə gözləyənlərdən biri isə uşaqlardır. Hər il şəhərdə uşaqlar üçün müxtəlif tamaşalar, oyunlar təşkil olunur. Pandemiyaya görə bu tədbirlər təxirə salınsa da, bu ildən etibarən yenidən pandemiya şərtlərinə uyğun olaraq fəaliyyət göstərməyə başlayıblar. Əlbəttə, Yeni il bayramı ilə əaqədar olaraq 31 dekardan 5 yanvar tarixinə qədər qeyri-iş günü sayılır və iş yerləri, həmçinin, təhsil ocaqları, məktəblər də tətilə buraxılır. Valideynlər övladlarının boş vaxtlarını səmərəli keşirməsi üçün onları ya rayonlara istirahətə, ya da şəhərdə əyləncə mərkəzlərinə, teatrlara aparırlar. SİA olaraq teatrlarda, sirkdə vəziyyətlə yaxından tanış olduq.

Əvvəlcə Bakı Dövlət Sirkinə yaxınlaşaraq “Ulduzlar meydanı” kompaniyasının meneceri Ülviyyə Bayramlının fikirlərini öyrəndik. O qeyd edib ki, Bakı Dövlət Sirkində 2021-ci il Yeni il Şousu öz yenilikləri ilə tamaşaçıları heyrətləndirməyə davam edir: “Belə ki, Monte Karloda keçirilən Ümumdünya Sirk Festivalının ali mükafatçısı Allahverdi İsrafilovun rəhbərliyi ilə Bakı Dövlət Sirki və Rusiyanın "Circus Triumf" şirkəti Azərbaycan xalqı üçün bu il yeni “Siqov” proqramını hazırlayıb. Kollektivimiz Rusiyadan, Ukraynadan, Brazilyadan gəlmiş 26 nəfər müxtəlif heyətdən ibarətdir.

Hər biri öz sehirli bacarıqları ilə tamaşaçılarının rəğbətini qazanmağı bacarmış və onları heyrətləndirməyə davam edirlər. Qeyd edim ki, sirk 17 dekardan 9 yanvara qədər fəaliyyət göstərir. Bu gün gündə 2 dəfə, lakin yanvar ayının 1-i, 2-si, 3-ü tələbat çox olduğu üçün saat 11:00, 15:00, 19:00 olmaqla gündə 3 dəfə tamaşaçılara təqdim olunur. Həmçinin, biletlərin qiyməti ön və arxa oturacaqlara uyğun olaraq 11-27 manat arasındadır. Sirkə təlabat olduqca çoxdur. Gələn qonaqların əylənməsi üçün hər cür şərait yaradılır. Pandemiya şəraitini nəzərə alaraq ara məsafəsini diqqətdə saxlayırıq”.

Sonra isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına üz tutduq. Dövlət Kukla Teatrının ədəbi-dram hissə müdiri Həmidə Rüstəmova bildirir ki, oktyabr ayının 1-dən etibarən Operativ Qərargah teatr konsert müəssisələrinin qismən fəaliyyətinə icazə verdi: “Həmin gündən etibarən Dövlət Kukla Teatrı repertuarındakı 28 tamaşanın böyük əksəriyyətini tamaşaçılara təqdim etdi. “Qızıl balıq” və “ Balaca qara balıq” tamaşalarının premyerasını tamaşaçılara təqdim etdik və qeyd etmək istərdim ki, “Qızıl balıq” tamaşasının premyerasına Vətən müharibəsi şəhidlərinin övladları dəvət olunmuşdur. Teatrda mütəmadi olaraq sosial-mədəni aksiyalar həyata keçiririk.

Qeyd edim ki, bu il Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illiyidir. Dekabrının 26-sı teatrın 90 illiyinə həsr olunmuş Səidə xanım Haqverdiyevanın səhnələşdirdiyi yubiley tamaşası təqdim edildi. 27 dekabr tarixində “Mənim atam qəhrəmandır” layihəsində olan Vətən müharibəsi qəhrəmanlarının övladlarını, həmçinin 28 dekabr tarixində autizm, daun sendromlu uşaqları, fiziki məhdudiyyətləri olan balacaları dəvət edərək onlara “Qış nağılı” adlı tamaşanın premyerasını təqdim etdik. Hər iki tamaşada Şaxta Baba tərəfindən uşaqlara hədiyyələr verildi. Bu, sırf bizim teatrın təşəbbüsü ilə həyata keçirildi. Bütün bunlar teatrımızın rəhbərliyi tərəfindən təmənnasız olaraq hayata keçirildi. Ümumiyyətlə, teatrımızın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə hər zaman qeyd edir ki, teatr təkcə tamaşaçıya bilet satmaqla bitmir, teatr mənəviyyat ocağıdır, teatr milli dəyərlərin təbliğ yeridir. Teatr uşaqlara, yetişən nəsillərə bərabərlik, sevgi, təəssübkeşlik kimi vacib dəyərlər də təlqin etməlidir.

Hər zaman bu prinsiplə yanaşırıq. Qeyd edim ki, 27 dekabrdan 10 yanvara qədər hər gün 4 seans, 12:00, 14:00, 16:00 və 18:00 saatlarında “Qış nağılı” adlı tamaşa izləyicilərə təqdim olunur. Tamaşanı səhnələşdirən və quruluşçu rejissor teatrımızın rejissoru Anar Məmmədovdur, quruluşçu rəssamı isə teatrımızın baş rəssamı İqbal Əliyevdir. Musiqili tamaşadır. Teatrımızın tamaşaçı tutumu 200 nəfərlikdir, lakin pandemiya şəraitinə görə zalın 50 faizi istifadə edilir, ara məsafəsi gözlənilir. Valideynlərin covid pasportu yoxlanılır. Həmçinin qeyd edim ki, biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün isə 3 manatdır. Qiymətlərin aşağı olmasının səbəbi biletlərin hamı üçün əlçatan olmasıdır. Biletləri Kukla Teatrının kassasına yaxınlaşıb əldə etmək mümkündür”.

Sonda Azərbaycan Dövlət Akademik Musiqili Teatırına üz tutduq. Bizi Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova qarşıladı. O bildirdi ki, balaca tamaşaçılarımızı sevindirmək naminə biz bu addımları atmışıq: "Təkcə Yeni il bayramına görə şənliklər təşkil olunmur. Uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün ay ərzində müntəzəm olaraq tamaşalar göstərilir. Bu ay ərzində müxtəlif tamaşalar göstərilmişdir. Dekabr ayının 29-dan yanvarın 4-nə qədər balaca dostlarımız üçün tamaşalar oynanılacaq. Hər gün 2 dəfə olmaqla 12:00, 14:00 saatlarında təqdim olunur. Qeyd edim ki, tamaşalar həm Azərbaycan dilində, həm də rus dilində təqdim olunur. Tamaşalara tələbat çoxdur, biletlər tez bitir. Hətta bəzi qonaqlarımız biletlərin tez bitməsindən narazıdırlar. “Qırmızı papaq”, “Qoğal”, “Bremen musiqiçiləri və Pen”, “Buratino”, “Düyməcik”, “Dəcəl çəpişlər” kimi tamaşalar yeni il ərəfəsində uşaqlara təqdim olunacaq. Bilirsiniz ki, pandemiya şəraiti olduğu üçün məsafəni qorumaq vacibdir. Zalın bir hissəsi hazırda istifadə edilir. Uşaqların sağlamlığı, xoş vaxt keçirməsi bizim üçün əsas məsələlərdəndir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə