"Media haqqında" yeni qanun layihəsinə baxış jurnalistlərin gözü ilə - SORĞU

"Media haqqında" yeni qanun layihəsinə baxış jurnalistlərin gözü ilə - SORĞU

Dekabrın 28-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşdan sonra geniş ictimai müzakirələri keçirilib. İclasda ölkənin aparıcı media orqanlarının və qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. SİA "Media haqqında" yeni qanun layihəsi ilə bağlı jurnalistlər arasında sorğu keçirib.

"Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli SİA-ya bildirib ki, dünən “Media haqqında” yeni qanun layihəsi növbəti dəfə Milli Məclisdə müzakirə olunub: "Müzakirələrdə bütün tərəflərə fikir söyləmək üçün imkanlar yaradılıb. Müzakirələrə qanun layihəsini tənqid edən şəxslər dəvət edilsələr də, nədənsə onlar iştirak etmədi. Görünür ki, onların artıq deməyə, tənqid etməyə sözləri qalmayıb. Bu qanunun qəbuluna çoxdan ehtiyac var idi. Çünki Əli Həsənovun dövründə mediamızda xaoitik vəziyyət hökm sürürdü. Bəzən elə olurdu ki, adam jurnalist olduğunu deməkdən utanırdı, jurnalistlərin nüfuzu qalmamışdı. Ancaq 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyev və onun köməkçisi Hikmət müəllim Hacıyevin xarici ölkə jurnalistlərinin suallarına öz dillərində məntiqli və əhatəli cavab verməsi Azərbaycanın müstəqil media tarixində dönüş yaratdı. Cənab Prezidentin “Jurnalistlər mənim köməkçilərimdir” deməsi bu peşəyə inamımızı artırdı".

Vasif Həsənli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bir qrupun tənqid etdiyi Vahid Reyestr məsələsinə də toxunmaq lazımdır: "Media haqqında qanun layihəsində yeniliklərdən biri də Jurnalistlərin Media Reyestrinin yaradılmasıdır. Reyestrin bir çox üstünlükləri var, xüsusilə güzəştlərin edilməsi baxımından. Reyestr güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsinin müəyyənləşdirilməsinə kömək edəcək. MEDİA Agentliyi jurnalistlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə layihələr həyata keçirəndə bu Reyestrdən istifadə edə biləcək. Misal üçün, jurnalistlər üçün güzəştli kreditlərin verilməsindən tutmuş ictimai nəqliyyatdan istifadəyə qədər bir çox sahədə güzəştlər edilə bilər. Bu, başqa ölkələrin təcrübəsində də var. Təbii ki, reyestr könüllü xarakter daşıyır, media orqanları öz vəsiqələrini verməkdə müstəqildirlər. Reyestr həm də jurnalist adından istifadə edərək, reketçilikdə məşğul olanlarla mübarizəyə də kömək edə bilər. Son günlər "Media haqqında" qanun layihəsi ətrafında müxtəlif manipulyasiyalar edilir. Halbuki, layihəyə nəzər yetirmək belə iddiaların qərəzli olduğunu görməyə imkan verir. Qanun sosial şəbəkələrin və “blogger”lərin fəaliyyətini tənzimləmir. Yəni heç kimin şəxsi profilinə müdaxilədən söhbət belə gedə bilməz. Eyni zamanda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar da öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün də dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Odur ki, narahat olmağa dəyməz".

TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlının sözlərinə görə, qanunun əsas prinsiplərindən biri də informasiya istehsalçısı və yayımçılarının müəlliflik hüquqlarının qorunması ilə bağlıdır: "Qanun layihəsində mediada dərc olunan, yayımlanan informasiya və ya hər hansı material ilə bağlı konkret və dəqiq tələblərin müəyyən edilməsi jurnalist peşəkarlığının, sosial məsuliyyətinin artmasında mühüm əhəmiyyət kəsb edəcək. Bu, xüsusilə də onlayn media vasitələrinin “copy-paste” prinsipi əsasında çalışmasının qarşısını alacaq və jurnalistlərin məsuliyyətini artıracaq. Hər hansı bir araşdırma, müsahibə, reportajı əziyyət, vaxt, enerji, vəsait xərcləyib hazırlayan media vasitəsindən hazır materialı götürüb yayıb müəllifdən daha çox bəhrələnmək ədalətli deyil. Qanun bu məsələdə konkret olaraq ədaləti bərqərar edir. Ümumiyyətlə, bu qanun media fəaliyyətinin yeni trendlərə adekvat şəkildə müasirləşdirilməsi, əqli mülkiyyət və müəllif hüquqlarının qorunması, media və jurnalist adından sui-istifadə hallarının aradan qaldırılması kimi problemləri həll edə bilər. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək".

Media haqqında qanun layihəsində ən təqdir edilən bənd jurnalistlərin vahid reyestrinin yaradılması və jurnalistlərə ümumi vəsiqələrin verilməsi ilə bağlı müddəalar olduğunu qeyd edən Yeni Azərbaycan qəzetinin müxbiri İlhamə Rəsulova bildirib ki, nədənsə bir qrup jurnalist ümumi reyestrin yaranması ilə bağlı fikri hay-küylə qarşıladılar: "Zənnimcə vahid reyestr olarsa, reketçilik aradan qalxacaq. Ümumiyyətlə adımızın qeydiyyata alınması hüquqlarımızın qorunması anlamına gəlir, bundan nə üçün qorxmalıyıq? Peşəkar jurnalistika ilə məşğul olanları bu fikir qorxutmamalıdır. Ümumi jurnalist vəsiqəsinin verilməsi itmiş jurnalist nüfuzunun dirçəlməsinə, jurnalist adının təmizə çıxarılmasına xidmət edəcək. Bu gün media ilə yaxından-uzaqdan əlaqəsi olmayan, ömründə iki fikri ard-arda məntiqli şəkildə düzə bilməyən yüzlərlə adam əlində "press kart"larla rayonlarda müxtəlif təşkilatlardan hədə-qorxu yolu ilə pul yığmaqla, qazanc əldə etməklə məşğuldurlar. Ən pisi də onlar özlərinə o qədər gurultuyla jurnalistəm deyirlər ki, əsl peşəkarlar bu ifadəni dilə gətirməyə artıq utanır. Lakin ümumi vəsiqələrin verilməsinə güclü nəzarət lazımdır. Əks halda, həmin saxtakarlar hansı yollarla ümumi vəsiqəni əldə etsə, saxtasını çıxarsa qılınclarının dalı da kəsəcək, qabağı da. Çünki bu dəfə dövlət reyestrindən qeydiyyatdan keçmiş, əsl jurnalsit vəsiqəsinə sahib olacaqlar, bu addan sui- istifadə edəcəklər. Bu yolverilməzdir. İnanıram ki, MEDİA Agentliyinin bu məsələyə nəzarət prinsipi yaxşı işləyəcək. Media haqqında ilk qanunun qəbulundan artıq 20 il keçib. Yeni qanun layihəsinə ehtiyac var idi".

İlhamə Nəsirova həmçinin qeyd edib ki, müzakirələrin davam edilməsində fayda var: "Çünki deyilənlərin hamısı doğma deyil, dəyişdirilə də bilər. Bu fikir də dünənki müzakirələrdə də səsləndi. Parapsixologiya, ekstrasenslik, falçılıqla bağlı yazıların qadağan edilməsi ilə bağlı bəndi bir qədər anlamadım. Bu yəqin ki, sözügedən sahələrin təbliğinin qadağası ilə bağlıdır. Hesab edirəm ki, bu sahədə maarifləndirici yazılara ehtiyac var. İnsanlar şarlatanların toruna düşməsinlər deyə. Plagiatla bağlı mübarizəyə də yer ayrılmalıdır. Bu gün bir-birinin müsahibələrini, reportajlarını götürüb öz adına çıxan onlarla “yazar” və sayt var. Bu əməyə hörmətsizlik, intellektual mülkiyyət oğurluğu sayıla bilər. Qanun layihəsi sosial şəbəkələri, yutuber və bloggerlərin fəaliyyətini əhatə etmir. Məncə bu anlamda sərhədlərimizin dəqiqləşdirilməsinə də ehtiyac var idi. Yeni qanun layihəsinin bunun öhdəsindən gələcəyinə ümid edirəm. Ümumilikdə, yeni qanun layihəsi medianın inkişafına xidmət edəcək, müəyyən imtiyazlar verəcək. Bu da çox müsbət haldır".

ASAN Radionun baş redaktoru İlkin Kərimov bildirib ki, dünən Parlamentdə komitələrlə birlikdə media nümayəndələri ilə növbəti müzakirələrdə iştirak edib: "Media haqqında" yeni qanunun qəbulunun tərəfdarıyam. Amma onun işlək olması üçün müəyyən mexanizmlər olmalıdır. Düşünürəm ki, yeni layihə daha dəqiq, innovativ inkişafa doğru addım olacaq. Xüsusilə də nəzərə alınmalıdır ki, artıq qurumlar mediaya açıq olmağa başlayıb. Layihədə önəm daşıyan məsələlərdən də biri istinad mədəniyyətinin formalaşdırılmasıdır. Bu məqamı təqdir edirəm. Bundan əlavə jurnalistlərin reyestrinin yaradılmasıdır. Jurnalist adının şanı, şöhrətini bildiyimiz kimi qaytarmaq çox çətindir. Təəssüf ki, bəzi “həmkarlar”ım bunu başqa mənada anlayıb, qəbul edirlər. Məncə, bu nüfuzu qaytarmaq üçün hansısa ələmələr olmalıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə