"SƏS" Media Qrupu 2021-ci ili NECƏ BAŞA VURUR? - TƏƏSSÜRATLAR

"SƏS" Media Qrupu 2021-ci ili NECƏ BAŞA VURUR? - TƏƏSSÜRATLAR

2021-ci ili yola salmağa artıq bir gün qalıb. 2020-ci ildə olduğu kimi, bu il də Azərbaycan bütün sahələrdə bir çox uğurlara imza atıb. Təbii ki, 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmiz bir çox uğurlarımızın davamını şərtləndirən əsas amillərdən biri oldu. Azərbaycan gün keçdikcə beynəlxalq arenada öz gücünə güc qatmaqla, regionda bir sıra məsələlərin həllində əsas aktorlardan birinə çevrilib. Sözsüz ki, ilin sonuna yaxınlaşdıqca bütün rəsmi və qeyri rəsmi qurumlar öz illik hesabatlarını ictimaiyyətin diqqətinə çatdırır. Hər zaman olduğu kimi, bu il də "SƏS" Media Qrupu üçün kifayət qədər səmərəli və məhsuldar il olub. SİA qurumun illik hesabatı ilə bağlı kiçik sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik.

“SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev: “XXI əsr mətbuatı çox tələbkar oxucu kütləsinə ünvanlanmış, müasir texnologiyalara yiyələnmiş və ciddi rəqabət mühitində fəaliyyət göstərən sektora çevrilib. Hər il bir hesabat olduğu kimi, 30-illik hesabat dövrünə qısa nəzər saldıqda görürük ki, əlimizdə olan bütün imkanlardan maksimum qaydada istifadə edərək, fəaliyyətimizin əhatə dairəsini daha da genişləndirmişik. Cəmiyyətdə baş verən müxtəlif vacib məsələlərin və hadisələrin dəyirmi masalar vasitəsilə ictimai müzakirəyə çıxarılması, həmçinin, regionlarda görülən işlər və problemlərlə bağlı geniş müzakirələrin təşkili də qəzetin fərqli yeniliklərindəndir. "SƏS"-in intellektual potensialından istifadə edərək müxtəlif dövrlərdə ulu öndər Heydər Əliyevin, Onun layiqli davamçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı film və multimedia diskləri hazırlanıb və geniş ictimaiyyətə təqdim edilmişdir. Yeni Azərbaycan Partiyasının ildönümlərində və siyasi hadisələr dönəmində də müxtəlif sənədli filmlər və analitik yazılarla "SƏS" qəzeti ictimaiyyətə öz töhfəsini veribdir.

Azərbaycanın müstəqil mətbuatında özünəməxsus yeri və rolu olan “SƏS” qəzeti müasir dünyamızın tələbləri ilə ayaqlaşmaqda və tərəqqi yolunu tutmaqda davam edir. Belə ki, qəzetimiz artıq oxucularının qarşısına rəngli formatda çıxaraq, dizayn üslubunu daha da genişləndirib. Nəfis tərtibatı ilə diqqət çəkən qəzet yenilənmiş manşeti ilə yanaşı, həm də oxucu auditoriyasının maraqlarına cavab verən sosial araşdırmaları, siyasi-analitik yazıları, iqtisadi təhlilləri, idman xəbərləri və s. sahələri əhatə edən şərhləri, fotosüjetləri ilə də öz inkişaf yolunu uğurla davam etdirməkdədir.

Artıq 2008-ci ildən qəzetin maddi və intellektual bazasında yaradılmış, müasir informasiya siyasətinə uyğunlaşan, üç dildə "SƏS" İnformasiya Agentliyi (sia.az) fəaliyyət göstərir ki, qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütəmadi izlədikləri bir internet resursa çevrilib.

Qəzetin onlayn (PDF) variantı və internet saytı ( sesqazeti.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləmək imkanına malik olurlar. Artıq ötən ilin ortalarından başlayaraq, qəzetimiz Quarkod (QR) vasitəsi ilə də Azərbaycanın müasir mətbuatında bir yeniliyə imza atdı. Azərbaycanda ilk dəfə olaraq videoqəzet formatında nəşrə başladı və qəzet üzərindən müxtəlif xəbərləri videogörüntü vasitəsilə izləmək mümkündür. Müasir informasiya texnologiyalarının imkanları bizim bu işi həyata keçirməyimizə təkan verdi.

Həmçinin qəzet, sayt, internet televiziyası fonunda eyniadlı böyük media qrupuna çevrilən “SƏS”in sosial şəbəkələrə çıxış imkanları kifayət qədər genişdir və ölkə daxilində və xaricində on minlərlə izləyiciləri var ki, “You Tube”, “Facebook” və s. şəbəkələrdə canlı yayımlarımızı, xəbər bülletenlərimizi izləyənlərin də sayı durmadan artır. “SƏS” Media Qrupunun tərkibində 2011-ci ildə yaranan televiziya tezliklə öz ətrafında çox böyük izləyici auditoriyası toplayıb. Bu yeniliklərin hər biri isə bilavasitə tarixi “SƏS” qəzetinin qlobal dünyanın çağırışlarına qoşulmasının göstəricisidir. Bax, bütün bu həqiqətlər bizlər üçün böyük şərəf, tükənməz fərəh hissləri olmaqla yanaşı, həmçinin mövcud fəaliyyətimizin də stimullaşdırıcısıdır”.

"SƏS" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəlili bildirib ki, şanlı tarixi olan Azərbaycan mətbuatı 2021-ci ildə də üzərinə düşən çətin və şərəfli missiyanı layiqincə yerinə yetirdi: “Səs" İnformasiya Agentliyi (SİA) də ölkə jurnalistikasının bir kəsimi kimi tarixi ənənələrə sadiq qalaraq əldə etdiyi uğurlarla bu ili yola saldı. Bu il Azərbaycan mətbuatı 146 yaşını qeyd etdi. 13 yaşlı "Səs" İnformasiya Agentliyi bazasında yarandığı “Səs” qəzetinin modernləşmə, yeniləşmə siyasətinə uyğun olaraq müasir dövrün tələblərinə cavab verən yeni media təsisatı olaraq imkanlarını ortaya qoydu və demək olar ki, builki məqsədlərinə çatdı. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizə qarşı yönələn informasiya hücumlarının qarşısında sipər olanlarla bir sırada durdu. Xaricdən idarə olunan müxtəlif adlı kolonlarla mübarizə apardı, müzəffər ordumuzun qəhrəmanlıqları barədə silsilə yazıların, filmlərin hazırlanmasında imkanlarını səfərbər etdi. Bir sözlə, vaxtımız və sərf etdiyimiz enerji hədər getmədi. SİA-nın hər bir əməkdaşının bu zəhmətdə payı var. Bir kollektiv olaraq, milli maraqlarımızından çıxış edərək Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında ingilis və rus dillərində olan platformamızdan geniş istifadə etdik”.

V.Vəlili vurğulayıb ki, artıq Milli Məclisin plenar iclasında üçüncü oxunuşa təqdim olunmuş “Media haqqında” yeni qanunun müzakirələrində yaxından iştirak etdik, irəli sürdüyümüz təkliflərin sənəddə öz əksini tapdığına, təbii ki, çox sevinirik: “İnanırıq ki, yeni ildən qüvvəyə minəcək yeni qanun jurnalistlərin fəaliyyətində, həyatında çox önəmli rol oynayacaq. SİA-nın mehriban kollektivinin timsalında bütün jurnalistləri, Qalib xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, yeni təqvim ilində uğurlarının bol olmasını arzulayıram”.

“SƏS” Media Qrupunun xüsusi müxbiri, siyasi analitik Rövşən Rəsulov qeyd edib ki, bu il də daha əvvəlki illər kimi “Səs” qəzeti üçün məhsuldar oldu: “Hətta belə desək, ötən hər bir ildə tarixi rolu və əhəmiyyəti olan qəzetimiz öz yenilikləri, modernləşmə siyasəti istiqamətində öz sözünü deməyi bacardı. Artıq qəzetimiz rəngli şəkildə oxucularının qarşısına çıxır və bu yenilikdən əvvəl isə ölkə mətbuatında ilk dəfə olaraq QR kodla dərc olunmağa başlamışdı. Əlbəttə ki, yeniliklərin əldə olunmasında qəzetimizin baş redaktoru, hörmətli Bəhruz Quliyevin xüsusi əməyi və zəhməti vardır və onu da qeyd edim ki, Bəhruz müəllim hər zaman bu nailiyyətləri redaksiyanın vahid uğuru kimi təqdim edir. Çüniki “Səs” qəzeti həm də bizlərin bir ocağı, ikinci evidir – istənilən çətinliklərin, enişli-yoxuşlu yolların aşılmasında biz bir ailə kimi birlikdə fəaliyyət göstəririk. Biz, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində dayanan jurnalistlərik və eyni zamanda, silahımız qələm olan əsgərlərik. Bax, bu mühüm faktor “Səs” qəzetinin daxili ənənəsi kimi formalaşıb”.

R.Rəsulov vurğulayıb ki, daha bir məsələ isə mövzuların rəngarəngliyi ilə bağlıdır: “Bildiyimiz kimi, “Səs” qəzetinin bazasında olan sayt, internet televiziyası birgə vahid informasiya bazası rolunu oynayır. Bu baxımdan, yola saldığımız ildən başlayaraq gənc nəslin nümayəndələri, ali təhsil müəssisələrində jurnalistika sahəsində biliklərə yiyələnən tələbələr Media Qrupuna işə cəlb olunublar. Artıq onların hazırladıqları və demək olar ki, bütün sahələri əhatə edən araşdırma və yazıları oxucularımızın rəğbətini qazanmaqdadır. Biz inkişaf edir və əldə etdiyimiz uğurlarımızla kifayətlənmirik. Çünki bizim amalımız Azərbaycanın müstəqil mətbuatında mediaya təqdim olunan bütün mümkün vasitələrdən maksimum yararlanmaq və nailiyyətlərimizi artırmaqdan ibarətdir. İnanırıq ki, builki uğurlarımızı yeni – 2022-ci ildə daha da artırmaqla ölkə mətbuatında öz sözümüzü, “SƏS”imizi ucaldacağıq”.

“SƏS” İnternet Televiziyasının redaktoru Cabir Məmməd qeyd edib ki, yola saldığımız 2021-ci il "Səs" İnternet Televiziyası üçün yeni uğurlarla yadda qalıb: “Onu da qeyd edim ki, internet televiziyamızın əsas xüsusiyyətlərindən biri də ölkədə və dünyada baş verən hadisələrin operativ və qərəzsiz şəkildə izləyicilərimizin diqqətinə çatdırmaqdır. Xüsusilə, Qarabağ zəfərində qazanılmış böyük qələbəmizin təbliğatı yüksək səviyyədə təmin olunub. Yuxarıda qeyd olunanlarla yanaşı, televiziyamızda cəmiyyətimizi maraqlandıran, narahat edən bir sıra hüquqi, siyasi, sosial məsələlər tanınmış ictimai-siyasi şəxslər tərəfindən şərh olunmaqdadır”.

C.Məmməd vurğulayıb ki, artıq 100 minlərlə “youtube” izləyicilərimiz "Səs" İnternet Televizyasının daimi tamaşaçılarına çevriliblər: “İstənilən mövzularda verlişlərimiz efirə canlı çıxır, şərh bölümlərində verilən suallara canlı şəkildə cavablar verilir, informasiya şəffaflığı təmin olunur. Qarşıda isə bizim yeni layihələrimiz təqdim olunacaq, ən maraqlı və keyfiyyətli verilişlərimiz izləyicilərimizin diqqətinə çatdırılacaq”.

"SƏS" Media Qrupunun şöbə müdiri Ceyhun Rasimoğlu: "Bilirsiniz ki, Azərbaycan mətbuatında çoxlu KİV qurumları olub ki, onlar fəaliyyətə hay-küylə başlasalar da bir müddət sonra ya maliyyə, ya rəhbərlik, ya da digər problemlər nəticəsində fəaliyyətlərinə xitam veriblər. "Səs" qəzeti mətbuata yeniliklər gətirib. Belə ki, qəzetin tərkibində Səs İnformasiya Agentliyi (SİA), daha sonra ilk internet televiziyalardan olan SƏS TV açılıb. Səs brendi ilə yaranan media qurumları yeni KİV texnologiyaların tətbiq edilməsi baxımından öz sözünü demiş və başqa media orqanlarına nümunə olmuş KİV qurumudur. Eyni zamanda, bu da daimi olaraq Azərbaycanda informasiya zənginliyinin yaranmasında, həmçinin, fikir plüralizminin formalaşmasında ciddi rol oynayıb. Ümumiyyətlə, SƏS Media Qrupuna daxil olan KİV qurumlarında cəmiyyətin bütün sferalarını əhatə edən və peşəkar informasiyalarla tanış olmaq mümkündür. Bu baxımdan "Səs" qəzetinin rəhbəri və orada çalışan bütün əməkdaşları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bu tip media qurumları daha uzun ömürlü olub, başqalarına da nümunə ola bilsinlər".

"Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev: “Son 18 il də Azərbaycanın sosial-iqtisadi sahədə, hərbi və diplomatik müstəvidə sürətli inkişafa nail olması aparılan düzgün, məqsədyönlü siyasətin bəhrəsidir. Bu uğurları əhalinin sosial rifahının yüksəldilməsində açıq şəkildə görə bilərik. Yalnız 2021-ci ilin yekunlarına əsasən demək olar ki, cari il də minimum əməkhaqqı və pensiyanın baza hissəsi ümumilikdə ötən illə müqayisədə 50 faiz artırılıb, 120 min nəfərə ünvanlı sosial yardım verilib, 50-dan çox tibb müəssisəsi, 85 məktəb tikilib istifadəyə verilib, 100 mindən çox iş yerləri açılıb”.

İ.Əliyev bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş daxili və xarici siyasəti Azərbaycan dövlətinə yeni-yeni uğurlar gətirməkdədir: “Təbii ki, qazanılan uğurların əsasını Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad olunması təşkil edir. Düşmən üzərində parlaq qələbə bütünlükdə Azərbaycan xalqının birliyinin sarsılmaz olduğunu göstərdi və bütün dünyaya yenilməz dövlət olduğuğunu nümayiş etdirdi. Bu gün işğal olunmuş torpaqlarımızda geniş quruculuq-abadlıq işləri aparılır. 2020-ci ildə başlanılan quruculuq işləri növbəti illərdə də davam etdiriləcək. Beləliklə, insanların öz yurdlarına qayıdış həsrətlərinə son qoyulacaq. Əminliklə demək olar ki, 2022-ci il yüz minlərlə soydaşımızın öz doğma yurd-yuvalarına qayıdış ili olacaq. Şuşada, Ağdamda, Zəngilanda, Hadrutda, Qubadlıda, Cəbrayılda, Laçında dalğalanan üç rəlgli bayrağımız Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə və digər torpaqlarımzıda da dalğalanacaq”.

Yazıçı-publisist o fikiri də vurğulayıb ki, 2021-ci il də qazanılan uğular sırasında “COVID-19” koronavirus pandemiyasına qarşı qabaqlayıcı, təsirli tədbirlərin görülməsi dayanır: “Məhz bu kimi sərt tədbirlərin gösrülməsi nəticəsində Azərbaycan dünyada pandemiyadan ən az əziyyət çəkən dövlətlərdəndir. Yoluxma və ölüm sayının az olmasıda bunu təsdiqləyir. Hazırda davam edən koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanın sosial-iqtisadi sahədə əldə olan nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət uğur olaraq qeyd olunur”.

İ.Əliyev 2021-ci il də Azərbaycan mətbuatının, peşəkar jurnalistlərin əldə etdikləri uğurlardan da bəhs edib. Bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı mövcuddur: “Prezident İlham Əliyevin sərəncamı ilə azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılıb. Nəticədə 500-dən çox jurnalist mənzillə təmin edilib, milli mətbuatın inkişafındakı xidmətlərinə görə onlarla jurnalist fəxri adlarla təltif olunublar. Eyni zamanda qəzet redaksiyalarının maddi-texniki təminatı təmin olunub. Gözlənilən hal ondan ibarətdir ki, növbəti mərhələdə mətbuatımız daha da inkişaf edəcək, jurnalistlərin maddi-sosial imkanları artacaq. Buna Milli Məclisin müzakirəsinə çıxarılan “Media haqqında qanun”u qəbul edilməsi yaradacaq. “Media haqqında qanun” yeni tendensiyalara, yeni çağırışlara tam cavab verir və medianın müasir dövrün tələblərinə uyğun unkişaflna yeni tövfələr verəcəyi şübhəsizdir”.

"SƏS" Media Qrupunun parlament müxbiri Aysel Məmmədova: Jurnalistika sahəsindəki ilk addımlarımı məhz SƏS İnformasiya Agentliyində atmışam. “SƏS” mənim üçün sadəcə iş yeri yox, həm də bir ailədir. El arasında belə bir misal var: “Qapın dəyişsə də, taleyin dəyişmir”. Vətənpərvər bir ailədə böyümüşəm. Gənclik illərimi isə yenə də vətənpərvər mühitdə olmaqdan qürur duyuram. “SƏS” mənə peşəkar jurnalistikanın sirrlərini öyrətməklə yanaşı həm də Azərbaycanı istər beynəlxalq arenada, istərsə də ölkə daxilində necə təbliğ etməli olduğumu öyrədib. 2021-ci il SİA üçün ötən illər kimi məhsuldar keçib. Bu il ərzində Azərbaycan bir çox beynəlxalq tədbirlərə layiqli şəkildə ev sahibliyi edib. Sözsüz ki, Azərbaycanın bu sahədə də gördüyü işlər digər bir çox dövlətlər üçün nümunə olub. Biz də SİA-nın əməkdaşı olaraq dövlətimizin sosial, iqtisadi, siyasi və diplomatik sahədə gördüyü bütün işləri, əldə etdiyi nailiyyətləri işıqlandırmağa çalışmışıq. SƏS Media Qrupu hər zaman yenilikçi addımları ilə tanınıb. İnanıram ki, yeni ildə də media sahəsində bir çox uğurlara və yeniliklərə imza atacağıq. Fürsətdən istifadə edərək 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə başda müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla Azərbaycan xalqını təbrik edirəm. Birliyimiz gücümüzdür. Arzu edirəm ki, Azərbaycan xalqı olaraq hər zaman həmrəy olaq!

"SƏS" Media Qrupunun İqtisadiyyat şöbəsinin müxbiri İnam Hacıyev: "SƏS" Media Qrupu hər il olduğu kimi, bu ili də uğurla başa vurur. İnformasiyaların operativ şəkildə yayımlanması, məlumatların ən tez zamanda və qərəzsiz olaraq ictimaiyyətə çatdırılması ilə yanaşı, istər ölkə, istərsə də dünyanın gündəmində olan ən aktual məsələlərin şərh edilməsi, təhlil edilməsi oxucularımız tərəfindən maraqla qarşılanıb. Təsadüfi deyil ki, oxucularımızın, izləyicilərimizin sayı gündən-günə, durmadan artır və bu bizi sevindirməklə yanaşı, həm də ruhlandırır, daha operativ çalışmağa sövq edir. Bu baxımdan, ümid edirik ki, növbəti ildə, gələn ildə də uğurlarımız bol olacaq və oxucu, dinləyici auditoriyamız daha da artacaq.

Başa vurmaqda olduğumuz bu ildə "SƏS" Media Qrupu uğurlarla yanaşı, yeniliklərə də imza atıb. Bu ənənəni gələn ildə də davam etdirəcəyimizə əminik və daha böyük uğurlara imza atacağımıza ümid edirik. Fürsətdən istifadə edərək, kollektivimizi, oxucularımızı, dinləyicilərimizi və başda cənab Prezidentimiz olmaqla, bütövlükdə Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm".

"SƏS" Media Qrupunda yeni fəaliyyətə başlamış gənc jurnalist Abutel İsmayılova: "4 aya yaxın bir müddətdir ki, “Səs" İnformasiya Agentliyində çalışıram. Səmimi, gülərüz kollektivlə işləmək hamının arzusudur. Kollektivdə yeni işləməyə başlasam da, elə bilirəm ki, uzun müddətdir burada işləyirəm. Burada hər kəs bir-birinə kömək edir, hər kəs bir-birinə qarşı mehribandır. Deyirlər iş insanın ikinci evidir. Əvvəl bu sözün mənasını dərk etməsəm də indi çox gözəl anlayıram. Bilmədiyimiz bir məsələdə böyüklərimiz bizi istiqamətləndirirlər. Burada yeni təcrübələr əldə etdim. Bilmədiyim çox şeyi öyrəndim və öyrənməyə də davam edirəm. Qeyd etmək istərdim ki, mən 4-cü kurs tələbəsiyəm və mütəmadi olaraq dərslərdə iştirak etməli oluram. Baş redaktorumuz bunu anlayışla qarşılayır və bir çox güzəştlər göstərir. Bu kollektivdə işlədiyim üçün özümü şanslı hiss edirəm".

"SƏS" İnformasiya Agentliyində yeni fəaliyyətə başlamış gənc jurnalist Ayşən Sadıxzadə: "Artıq bir ilə yaxındır "Səs" İnformasiya Agentliyində çalışıram. Hal-hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsiyəm. Mən jurnalistika ilə bağlı 90 faiz praktik bilgiləri “SƏS" Media Qrupunda almışam, burada öyrənmişəm. Yeni gələndə praktik bilgilərim çox zəif idi. Bunların hamısını mənə “SƏS" Media Qrupunun şöbə müdiri Ceyhun Rasimoğlu bir-bir səbrlə öyrədib. Həmçinin, iqtisadiyyat bölməsinin əməkdaşı İnam Hacıyev də bilmədiyimiz bütün məsələlərə aydınlıq gətirərək mənə və yoldaşlarıma kömək edib”.

A.Sadıxzadə əlavə edib ki, "SƏS"in kollektivi çox mehribandır: “Burada çalışmaqdan çox məmnunam. Adətən insan yeni çalışdığı yerdə sıxılır. İlk təcrübəm olsa da "SƏS"də onu yaşamadım. Başda "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev olmaqla bütün kollektivə doğma münasibət üçün təşəkkürümü bildirirəm”.

"SƏS" İnformasiya Agentliyində yeni fəaliyyətə başlamış gənc jurnalist Səbinə Hüseynli: "Bir aydı işə başlamağıma baxmayaraq, düşünürəm ki, bu bir ayda qazanıla biləcək qədər təcrübə qazanmışam. Burada kollektivin və iş sisteminin rolu böyükdür. Bunu əminliklə deyə bilməyimin səbəbi isə daha əvvəl praktikada olduğum sayt və qəzetlərin 4-cü kurs jurnalistika tələbəsinə təcrübəni bu cür normal aşılaya bilməməsidir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə