Prezidentin 60 illik yubileyinə həsr olunmuş yubiley toplantısı keçirilib - FOTOLAR

Prezidentin 60 illik yubileyinə həsr olunmuş yubiley toplantısı keçirilib - FOTOLAR

Rus Kitab Evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş yubiley toplantısı keçirilib. SİA xəbər verir ki, toplantıda Azərbaycanın dövlət strukturlarının nümayəndələri, yaradıcı ziyalılar, diplomatik nümayəndəliklərin əməkdaşları, təhsil müəssisələrinin müəllimləri, ictimai təşkilatların rəhbərləri, Rus Kitab Evinin bütün dostları iştirak ediblər.

Görüş dəyirmi masa formatında keçirilib və Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın xalq yazıçısı Natiq Rəsulzadə, “İrs” mədəni-maarif mərkəzinin rəhbəri Solmaz Amanova, Azərbaycan Milli Məclisinin deputatı Rüfət Quliyev, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rossotrudniçestvo) Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurovun nümayəndəsi, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Psixoloji Portretologiya və Siyasi Təhlil Mərkəzinin rəhbəri Adgözəl Məmmədov və digər ictimai xadimlər iştirak edib, çıxışlar ediblər.

Görüşə həmçinin rus dilində Vətən mövzusunda ədəbi əsərlər ifa edəcək Azərbaycanın gənc vətəndaşları da dəvət olunub.

İlk öncə Rus Kitab Evinin direktoru İsrafil İsmayılov qonaqları salamladıqdan və tədbirdə iştirak etdikləri üçün onlara təşəkkür etdikdən sonra çıxış üçün ilk sözü “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycan bölməsinin rəhbəri Rauf Həsənova verib.

Rauf Həsənov əvvəlcə yeni il ərəfəsində Azərbaycan xalqına növbəti ildə daha böyük uğurlar arzulayıb, daha böyük inkişaf diləyib. O, qazandığımız Zəfərimizdə, Qələbəmizdə cənab Prezidentin rolunu xüsusilə vurğulayıb, 60 illik yübileyi münasibəti ilə səmimi təbriklərini dilə gətirib, ölkə başçısına daha böyük uğurlar arzulayıb. R.Həsənov Ulu Öndərin 60 illiyi ilə müqaisəli paralellər aparıb və cənab Prezidentin Ümummilli Liderin davamçısı olduğunu vurğulayıb.

Sonra məktəb şagirdlərinin söylədiyi şeirlər alqışlarla qarşılanıb.

Daha sonra söz Azərbaycanın xalq yazıcısı Çingiz Abdullayevə verilib. Xalq yazıçısı hamını salamlayıb və ölkəmizdə rus məktəblərinin olduğunu, cənab Prezidentin də bir zamanlar Moskva Dövlət Universitetində rus dilində dərs dediyini xatırladıb və qeyd edib ki, ermənilərin əsas tərəfdaş olduğu barədə özlərinin yaydığı fikirlərlə qətiyyən razılaşmır. Əksinə, bizim daha yaxın tərəfdaşlığımızın olduğunu diqqətə çatdırıb. Yazıçı cənab Prezidenti yubiley münasibəti ilə təbrik edib və deyib ki, cənab Prezidentin 44 günlük müharibədə qələbsində Ulu Öndərin də böyük payı var. O, nitqinin sonunda qarşıdan gələn bayramın, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün məhz qələbə əhval-ruhiyyəsində keçiriləcəyindən qürur duyduğunu və buna görə cənab Prezidentə minnətdar olduğunu qeyd edib.

Ardınca çıxış edən daha bir Azərbaycanın xalq yazıcısı Natiq Rəsulzadə ölkə rəhbəri ilə, Ulu Öndərlə bağlı xatirələrini, təəssüratlarını bölüşüb. Natiq öz çıxışında 60 illik yubiley münasibəti ilə ölkə rəhbərinə təbriklər ünvanlayıb və daha böyük uğurlar, qələbələr diləyib.

Tədbir Milli Məclisin deputatı Rüfət Quliyev, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rossotrudniçestvo) Bakıdakı nümayəndəliyinin rəhbəri İrek Zinnurovun nümayəndəsi, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Psixoloji Portretologiya və Siyasi Təhlil Mərkəzinin rəhbər Adgözəl Məmmədov və digər ictimai xadimlərin çıxışları ilə davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə