Prezidentin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsinə söz ardı

Prezidentin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsinə söz ardı

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində Avropa İttifaqının səyləri böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının sülh prosesinə dəstəyi çox önəmlidir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Eynilə insan hüquqları məsələsi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır.

ATƏT-in mandatına əsasən Minsk qrupu 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Minsk qrupu ötən il noyabrın sonunadək, Azərbaycan 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdi. Minsk qrupunun fəaliyyəti uğursuz idi. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi.

Azərbaycanda neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı mütləq çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Lakin ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, əlamətdar nəticədir.

İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur.

Azərbaycan Avrasiyanın nəqliyyat habına çevrilir. Azərbaycanda altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Birinin açılışı artıq olub. Ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollar var. Davos Forumunun reytinqinə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı xidməti və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.

İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq.

Nəcmin Cabbarov – Masallı rayon Lürən kənd sakini

Bütün xəbərlər Facebook səhifəmizdə