Bu region Azərbaycanın gələcəyinin modeli ola bilər - Qarabağ Dirçəliş Fondunun sədri

Bu region Azərbaycanın gələcəyinin modeli ola bilər - Qarabağ Dirçəliş Fondunun sədri

"Azərbaycanın müasir tarixində misilsiz rol oynamış Yeni Azərbaycan Partiyasının adı respublikamızın banisi, Ümummilli lider Heydər Əliyev və onun davamçısı, xalqımızın tarixində ən önəmli qələbənin müəllifi olan möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin adları ilə bağlıdır. Əminəm ki, Yeni Azərbaycan Partiyası ölkəmizin həyatında öz mühüm missiyasını gerçəkləşdirməyə davam edəcək". SİA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev deyib.

Qurum rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Qarabağın uzun onilliklər ərzində davam edən işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin edib: "Əlbəttə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı da üzə çıxdı. Lakin, eyni zamanda tariximizdə əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində də yeni reallıq yaratdı. Bu gün işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin təşkili, burada dayanıqlı iqtisadiyyatın qurulması, ümumilikdə Qarabağın dirçəlişi bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdən biridir.

Bildiyiniz kimi, möhtərəm cənab Prezident tərəfindən imzalanan "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəddə Qarabağa “Böyük Qayıdış” 5 ümummilli prioritet arasında xüsusi yer alıb. Sözsüz ki, bu təsadüfi deyil. Yalnız geniş ictimaiyyətin (o cümlədən diasporun) və dövlətin sinerjisi tələb olunan resursları təmin edərək bərpa prosesinin daha sürətlə həyata keçirilməsinə imkan yaradacaq. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənlərimiz və şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə ianə ediblər. Bu bir az öncə qeyd etdiyim həmrəyliyin birmənalı təzahürüdür. Mən bunu bir də qeyd etmək istərdim - ölkə rəhbəri tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün dövlətin, ölkə cəmiyyətinin və diasporumuzun səylərininin birləşdirilməsi olduqca vacibdir. Bu üçlüyün səylərinin birləşməsi bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə və nəticədə Böyük Qayıdışın daha qısa zamanda həyata keçirilməsinə imkan yaradacaq".

Fond sədri əlavə edib ki, dağıdılmış infrastrukturun, yaşayış binalarının, sosial obyektlərin, eləcə də sənaye və kənd təsərrüfatı obyektlərinin bərpası təkcə əmlakın "əvvəlki halına gətirilərək" bərpa edilməsi demək deyil, həm də əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq və bərpa olunmuş regionun iqtisadi məhsuldarlığını artırmaq üçün yeni standartların, texnologiyaların və bütövlükdə innovativ yanaşmaların tətbiqi üçün fürsətlər deməkdir: "Bu baxımdan bərpa işlərinin aparılmasında dövlət başçısı - Prezident İlham Əliyevin müəyyən etdiyi ən müasir standartların və innovativ həllərin tətbiqi konsepsiyası (məs. Ağıllı kənd və şəhərlər, yaşıl enerji, yeni idarəetmə prinsipləri və s.) xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş torpaqların müəyyən mənada "innovasiyalar üçün poliqon" rolunu oynaması artıq sınanmış yeni həlləri gələcəkdə "Bütün Azərbaycan"a "təkrar ixrac etməyə" imkan verəcəkdir. Bu baxımdan, Qarabağda islahatlar və innovasiyalar daha da ciddi əhəmiyyət kəsb etməyə başlayır, çünki bu region müəyyən mənada bizim üçün Azərbaycanın “gələcəyinin modeli” ola bilər. Bu yanaşma müasir dövrdə ən qabaqcıl dövlətlər tərəfindən istifadə olunan “Daha Da Yaxşı Quruculuq” (Building Back Better) yanaşmasının bir təzahürü kimi də qəbul oluna bilər. Qarabağda bərpa işlərinin məhz bu tipli vizyon çərçivəsində aparılması son dərəcədə vacibdir. Bu, bir tərəfdən, bütün işlərin ən qabaqcıl standartlara uyğun şəkildə aparıldığını, digər tərəfdən isə buraya qayıdan sakinlər üçün layiqli həyat şəraitinin təmin olunacağını sübut edir.Qarabağ Dirçəliş Fondu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin dayanıqlı gələcəyi üçün öz töhfəsini verməyə çalışacaq".

R.Hacıyev vurğulayıb ki, Müşahidə Şurasının qərarı ilə Fondun 2022-2025-ci illər üçün prioritet strateji istiqamətlər də məhz buna işarə edir: "Həmin istiqamətlər aşağıdakı kimi müəyyən edilib:

Bərpa və yenidənqurma...Dayanıqlı məskunlaşma...İnsan kapitalının və bacarıqların inkişafı (nəhayət) Ekoloji tarazlığın bərpası istiqamətində aparılan işlərə dəstəyin göstərilməsi. Və Qarabağın investisiya və işgüzar potensialının təşviqi".

"Xüsusən qeyd olunmalıdır ki, işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritetli məsələlərdən biridir. Bu işlərdə QDF müvafiq dövlət qurumları və Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq etməkdədir. Eyni zamanda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə abidələrin konservasiyası barədə də müzakirələr aparılır və razılıq əldə olunacağı təqdirdə müvafiq işlərə başlanılacaq. Qeyd olunmalıdır ki, Fond işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə Memorandum imzalayıb. Digər təşkilatlar da bu Memoranduma qoşularaq qeyd olunan istiqamətlər üzrə əməkdaşlığa qoşula bilərlər. 17 dekabr tarixindən “Paşa Holdinq” və “Universal Qrup” şirkətlərinin dəstəyi ilə “Zəfərdən dirçəlişə” şüarı altında Zəngilanda meşə massivinin salınması layihəsinə start verilib. Bu layihə çərçivəsində 30 000 ağacın əkilməsi planlaşdırılır. Bu təşəbbüs əlbəttə ki, bir rayonla məhdudlaşmayacaq, işğaldan azad edilən digər ərazilərdə də mütəmadi olaraq davam etdiriləcək. Mən hər birinizi bu tipli təşəbbüslərə qoşulmağa dəvət edirəm. Sonda bir də qeyd etmək istərdim ki, “Dövlət – Biznes - Cəmiyyət” sinergiyası bərpa və yenidənqurma işlərinin sürətləndirməklə “Böyük Qayıdış”ın daha tez bir zamanda həyata keçirilməsinə imkan yaradacaq. Yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlı Qarabağın dayanıqlı və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə qoşulmalı, dövlətin bu istiqamətdə apardığı siyasətini dəstəkləməli və ianə edərək bərpa prosesində aktiv şəkildə iştirak etməlidir. Əminəm ki, birlikdə biz Qarabağı daha da gözəl bərpa edəcəyik!"- deyə Rəhman Hacıyev sonda nəzərə çatdırıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə