İnsanlar ən çox hansı markalı telefona üstünlük verir? - FOTOREPORTAJ
Xarici KİV-lərin məlumatına görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri mobil telefonların dünyada insanların ən vacib ehtiyaclarından birinə çevrildiyini və iqtisadi böhrana baxmayaraq onlara olan tələbatın azalmayacağını bildiriblər.
BTİ-nin hesabatına əsasən, mobil telefon abonentlərinin sayı 2000-ci ildən etibarən, hər il orta hesabla, 24 faiz artmağa başlayıb. İnsanlar artıq özlərini smartfonları olmadan təsəvvür edə bilmirlər. Bütün bu amilləri nəzərə alaraq mövzu ilə bağlı araşdırma etdik.
İlk olaraq mobil telefon mağazalarına yaxınlaşdıq.
“Mobi Mall” mağazasının işçisi Emin Məmmədov: “İnsanlar təbii ki, brend olaraq “İphone”na üstünlük verirlər. Amma funksialarını nəzərə aldıqda, “Samsung” telefonlarında daha çox funksiyalar mövcuddur. Musiqi dinləmək, kinoya baxmaq üçün bir çox pulsuz proqram yükləyib, istifadə etmək olur. Hətta çəkiliş baxımından elə “Samsung” telefonları var ki, çəkilişləri “İphone” modellərindən daha üstündür.
Amma yenə də insanlar daha çox brendə, ada üstünlük verirlər. “Andriod” və “İOS” arasındakı fərq də elə budur. “Xiaomi” modelləri də yaxşıdır. Amma “Samsung” modelləri ilə müqayisədə o qədər də tanınmamışdı. Hazırda isə yavaş-yavaş özünü doğruldur. Mağazamızda rəsmi servis xidmətimiz də mövcuddur. Həm öz müştərilərimizə, həm də digər müştərilərə də yüksək səviyyədə xidmət göstəririk. Məhsullarımızın da hər biri rəsmi şəkildə gəlir və rəsmi qeydiyyatları var. Müştərilər də bu cür mövzularla maraqlanırlar. Ümumiyyətlə əvvəllər elə idi ki, insanlar gəlib mağazada maraqlanırdılar. Qiymətləri, keyfiyyət dərəcəsini bilirdilər. Amma indi hər kəs evdə internet üzərindən maraqlanır. Mağazaya gəldiyi zaman artıq nə alacağını bilir. Buna görə də onsuz da indi heç kəsi aldatmaq, saxta mal vermək mümkün deyil. Biz özümüz rəsmi şəkildə işləyirik. Mağazamızda telefon aksesuarları da var. Təbiidir ki, gün ərzində 50 faiz telefon satılırsa, 70-80 faiz telefon aksesuarı satılır. Pandemiya bizə də öz təsirini göstərib. Bunun səbəbi isə həm pandemiya dövründə məhsul gətirə bilmirdik, həm də pandemiya bizneslərdə olduğu kimi, ailələrdə də öz mənfi təsirini göstərib”.
“West Telecom” mağazasının meneceri Seymur Rüstəmov: “Ümumiyyətlə aşağı seqmentli və yuxarı seqmentli telefonlar var. Hazırda ən çox “İphone” modellərinə üstünlük verilir. Eyni zamanda “Xiaomi” modelləri də sevilərək alınır. “Samsung” modelləri isə ən az satılan telefonlardır. “Xiaomi”nin çox alınma səbəbi isə qiymətinin uyğun olmasıdır. Buna görə də “Xiaomi”yə daha çox üstünlük verilir. “İphone”na üstünlük verilməsinin əsas səbəbi isə sırf brend olmasıdır. Təbii ki, onun qiymətləri də dördrəqəmlidir. Təbii olaraq pandemiyadan öncə satış səviyyəsi daha yuxarı idi. Hazırda isə çox zəifdir. Müştərilər isə daha çox kreditə üstünlük verir. Servis xidmətimiz də mövcuddur. Daha çox telefon alıcıların əllərindən yerə düşür, ekran və kameralarında çatlama sınma olduğu üçün müraciət edirlər.Mağazamızda mobil telefonlarla yanaşı, aksesuarları da satılır”.
“Bestmobile” mağazasının sahibi Kənan Orucov: “Telefon alan zaman çox insan brendə üstünlük verir. İlk növbədə ardıcıl olaraq İphone, Samsung, Xiomi modellərinə tələbat daha çoxdur. Brend olmsası ilə yanaşı kamerasının yaxşı olması, gücü və telefonun ümumi görünüşü də insanların diqqətini çəkən məqamlardandır. Pandemiyadan əvvəl, hətta deyərdim ki, son bir ildə belə satış səviyyəsi daha yüksək idi. Hazırda isə çox aşağıdır. Hətta 100 faizdən 10 faiz təşkil edir deyə bilərəm”.
“Alo Mobile” mağazasının sahibi Elnur Ağayev: “Əsasən mobil telefon alan zaman brend olmasına üstünlük verirlər. Hətta kreditlə belə olsa brend məhsul alırlar. Daha çox isə İphone və Samsung modelləri satılır. Lakin cibinə baxıb alanlar isə Redmi seçirlər.
Mobil telefon aldıqda isə xüsusilə çəkilişinə, ekranın yaxşı işləməyi və ram ilə maraqlanırlar. Servis xidmətimiz də mövcuddur. Pandemiyadan əvvəlki dövrlə indiki arasında isə yerlə göy qədər fərq var. Problem olmasına görə isə İphonelərdə problemlər daha az olur. Nəinki digər mobil telefonlarda”.
Daha sonra isə məsələ ilə bağlı eskpert rəyini aldıq.
Texnoloq Rəşad Cəfərov: “Bir neçə il bundan öncəki vəziyyəti sizin söylədiyiniz kimi qismən qiymətləndirmək olardı. Amma hazırda alıcılar smartfonlar aldıqları zaman onun xarakteristikası, özəllikləri ilə çox maraqlanırlar. Xüsusən yaddaş, kamera göstəricilərinə. İllər kecdikcə texnoloji savadlılıq çoxalır. Bu da alıcıların daha keyfiyətli və lazımı xarakteristikaları olan texnoloji cıhazlara üstünlük verməsi ilə nəticələnir. Çox az alıcı ola bilər buna fikir verməsin. Brend məhsulların da qiymət baxımından münasib təklifləri olur. Odur ki, alıcı onun məhsulları arasından da seçim edir. Qiymət və xarakteristikalarını müqayisə etməklə büdcəsinə uyğun ən yaxşı xüsusiyyətləri olan modeli alır”.
Mövzu ilə bağlı şəhər sakinlərinin fikrini öyrənmək üçün sorğu keçirdik:
Şəhər sakini Zərintac Məmmədova: “Redmi” markalı mobil telefondan istifadə edirəm. Aldığım zaman gücüm buna çatdığı üçün bunu seçmişdim. Ən böyük üstünlüyü isə videoçəkilişi yaxşı etməyin mümkün olmasıdır. Telefonumu dəyişdik də yenə “Redmi” marakasına müraciət edəcəm. Amma bu dəfə başqa bir modelini alacam”.
Şəhər sakini Könül Fətullayeva: “Samsung A70” mobil telefonunu istifadə edirəm. Güc və yaddaş məsələsi mənim üçün çox önəmlidir. Buna görə də bu telefon mənim çəkiliş və dizayn işlərimi görməkdə işimi daha da asandlaşdırır”.
Şəhər sakini Bəhram Nadirov: “İstifadə etdiyim telefon markası “Xiomi”dir. Telefonlarda əsas fikir verdiyim amil isə yaddaş və batereyanın yaxşı olmasıdır. Bundan əlavə video və foto çəkilişin də yaxşı olması mənim üçün önəmlidir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə