Təhsil işçilərinin sosial müdafiəsi yeni sosial islahatların mühüm tərkib hissəsidir

Təhsil işçilərinin sosial müdafiəsi yeni sosial islahatların mühüm tərkib hissəsidir

Azərbaycan Respublikası vətəndaşlarının rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının yeni Fərman və Sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinə qədəm qoymasına imkan yaradıb.

Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il oktyabrın 16-da imzaladığı Sərəncamına əsasən yeni islahatlar mərhələsinə başlanılıb. Bu islahatlar üzrə əmək haqlarında, müavinət və təqaüdlərdə artımlar 2022-ci ilin əvvəlindən tətbiq olunacaq. 2,1 milyondan çox şəxsi əhatə edən yeni artımlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub.

Respublikada baş verən islahatların əhəmiyyətini və miqyasını dəyərləndirən zaman bir neçə əsas amili nəzərə almaq lazımdır. Belə ki, hazırda pandemiya şəraiti davam edir və dövlət müharibədən sonrakı mərhələni yaşayır. Tarixən digər dövlətlərin analoji vəziyyətdən sonrakı inkişafını araşdırsaq, onu qeyd edə bilərik ki, Azərbaycan sayca azlıq təşkil edən dövlətlərdəndir ki, adı çəkilən amillərə baxmayaraq dövlətin inkişafı, ələxsus sosial rifahın artırılması istiqamətində görülməsi planlaşdırılan işlər öz axarında davamlı şəkildə icra olunur. Bu da dövlət başçısının siyasətinin möhkəm təməl üzərində qurulmuş olduğunu sübut edir.

2018-2019-cu illərdən başlanan sosial islahatların vacib istiqaməti və tərkib hissəsi birbaşa həssas təbəqələrin gəlirlərinin artırılmasına hədəflənib. İlk mühüm sosial islahat tədbiri minimum əmək haqqının 300 manata çatdırılmasıdır.

Artımın təsir dairəsi də genişdir və minimum əməkhaqqı artımı 800 min nəfər vətəndaşın gəlirlərinə müsbət təsir edəcək. Onlardan 400 min nəfəri dövlət sektorunda, təxminən o qədər hissəsi də özəl sektorda çalışır. Bu, ümumilikdə ölkədə orta əməkhaqqının yüksəlməsi üçün də təkan olacaq. Habelə, vahid tarif cədvəli üzrə bütün əməkhaqqı pillələri üzrə artım olacaq. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda sosial yönümlü siyasət davam edir. Dövlət başçısının Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcək.

Sosial islahatlar aparılarkən onlar müxtəlif nöqteyi-nəzərdən qiymətləndirilir və hesablamalar aparılır. Yaxşı haldır ki, həmin artımlar inflyasiyanı üstələyir. Son 3-4 ildə aparılan sosial islahatlara baxsaq, onların minimum əməkhaqqı, minimum pensiya, son 3-4 ildə alınan təqaüdlərə baxsaq, onların da məbləğinın iki dəfə artdığını görərik. İndi minimum əmək haqqından söhbət getsə də, minimum pensiyalar da son üç ildə iki dəfə artıb. Ən həssas təbəqələrin gəlirlərinə təsir göstərən sosial alətlər və sosial ödənişlər artırılır. Son dörd ildə sosial ödənişlər ümumilikdə 60 faiz, pensiya xərcləri 50 faizdən çox artıb. Bu, ondan irəli gəlir ki, sosial islahatların əsas mənbələrindən biri sosial rifahın yaxşılaşdırılması, gəlirlərin artırılmasıdır.

Minimum əməkhaqqının artırılması əmək bazarına da birbaşa təsir edir, işçi qüvvəsinin məhsuldarlığını artırır. Eyni zamanda, vətəndaşların öz əmək hüququndan istifadə etməsi üçün onunla əmək müqavilələri bağlanılmalıdır ki, işçi bundan irəli gələn imtiyaz və güzəştlərdən istifadə edə bilsin. Minimum əməkhaqqı artdıqca əmək müqavilələrinin bağlanılması daha cəlbedici olur. Əmək müqavilələrinin bağlanılması ilə onlar əmək haqqının vaxtlı-vaxtında və sistemli şəkildə almaq imkanı qazanırlar, xəstələnəndə müavinət ala bilirlər, məzuniyyət və pensiyaya çıxanda pensiya kapitalından istifadə edirlər. İşin bu cür təşkili həm dövlət, həm də özəl sektorda rəqabətə də təsir edəcək.

Ümummilli lider, Ulu öndər Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.” Həqiqətən də, bir dövlətin inkişaf etmiş olmasını o zaman deyə bilərik ki, bu dövlətdə insanlar sağlam, savadlı və yüksək sosial rifaha malikdirlər. Cəmiyyətə savadlı vətəndaş yetişdirmək bilavasitə təhsil işçilərinin üzərinə düşür. Hər bir sahədə olduğu kimi təhsil sahəsində çalışan insanların da hər zaman motivasiyaya ehtiyacı vardır.

Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

Bütün bunlar deməyə əsas verir ki, iqtisadi inkişaf prosesi hazırda uğurla davam etdirilir və bu, sosial sahədə də geniş islahatların aparılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə real imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən güclü, nüfuzlu ölkəsi olmaqla yanaşı, 2020-ci il BMT-nin tərtib etdiyi hesabata əsasən, yüksək insan inkişafı indeksinə malik ölkələrdən biri kimi qiymətləndirilir və xalqımızın firavan gələcəyə ümidlərini daha da artırır.

Musa Rzayev

Xəzər rayonu, İ.Tağıyev adına 26№li tam orta məktəbin direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə