Təqaüdlərin artırılmasına tələbələrin münasibəti - SORĞU

Təqaüdlərin artırılmasına tələbələrin münasibəti - SORĞU

Prezident İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin artırılması barədə yeni sərəncam imzalayıb. Əlbəttə bu xəbər tələbələri sevindirən xəbərdir. Bəs görəsən tələbələr bu haqda nə fikirləşirlər? SİA olaraq tələbələr arasında sorğu keçirdik:

Milli Aviasiya Akademiyasının tələbəsi İbrahim Babayev: “Əlbəttə bu sevindirici haldır. Tələbə olduğumuz üçün ehtiyaclarımız da çox olur. Bəzən 1 aylıq stependiya belə kifayət etmirdi, ehtiyaclarımızı ödəmirdi. Lakin stependiyaların artması bütün tələbələr üçün müsbət haldır. Düşünürəm ki, 15 faiz təqaüdlərin artması nəticəsində biz tələbələr ehtiyaclarımızın müəyyən hissəsini təmin edə biləcəyik”.

İqtisad Universitetinin tələbəsi Zeynəb Məmmədova: “Düşünürəm ki, stependiyaların artırılması müsbət haldır, çünki çox tələbənin pula ehtiyacı var. Bir çox tələbə rayondan gəlir. Kirayə evlərdə qalmaq, gündəlik qida ehtiyyatlarını təmin etmək, yəni bunların hamısı müəyyən qədər pul tələb edir. Ona görə də təqaüdlərin artırılması tələbələrin xeyrinə olacaq”.

İqtisad Universitetinin tələbəsi Erkan Şentürk: “Stependiyalarda müəyyən qədər artımın olması tələbələrin xeyrinədir. Heç bir yerdən gəliri olmayan tələbələr üçün olduqca müsbət haldır ki, onlar bu stependiyalar ilə öz dolanışıqlarını təmin edirlər. Ən çox ona sevinirəm ki, tələbələri də düşünüb, onların da üzünü güldürdülər”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Əsmər Məmmədova: “Hər sahədə artımın baş verməsi insanların güzaranına mənfi təsir göstərmişdir. Düşünürəm ki, stependiyaların artırılması halları gözlənilən bir qərar idi və olduqca qənaətbəxşdir. Yəni artımın baş verməsi ilə yanaşı təqaüdlərin artırılması çox normal bir haldır. Bu nə təəccübləndirici, nə də sevindirici haldır. Amma yenə də tələbələrin xeyirinə bir qərar idi”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi İbrahim Hüseynov: “Təbii ki, tələbələrin stependiyasının qaldırılması olduqca yaxşı haldır. Hesab edirəm ki, bu tələbələrin güzəranının yaxşılaşmasına kömək edəcək. Bu artım eyni zamanda tələbələrin fikirlərini ancaq oxumağa yönəltməkdə faydalı olacaq”.

İqtisad Universitetinin tələbəsi Pərvanə İbadova: “Ölkədə baş verən balahaşma əlbəttə ki, tələbələrə də mənfi təsir etdi. Yəni ərzaq məhsullarının qiymətinin artırılması nəinki tələbələri hətta digər şəxsləri də çətin vəziyyətə salır. Cənab Prezident İlham Əliyevin tələbələrə göstərdiyi diqqət hər zaman göz qabağındadır. Bu dəfə də Prezident tələbələri fikirləşərək belə sərəncam imzalamışdır ki, bu tələbələr üçün olduqca sevindirici haldır”.

Milli Aviasiya Akademiyasının tələbəsi Mirsadiq Tağızadə: “Bu artım yaxşı oxuyan tələbələrin zəhmətinə verilən olduqca dəyərli bir artımdır. Düşünürəm ki, tələbə oxuduğu müddətdə iqtisadi məsələlərin dərdini çəkməməli və bütün düşüncəsini ancaq elmə həsr etməlidir. Bunun üçün isə heç olmasa onun özünə yetəcək qədər pulu olmalıdır. Buna görə də, bu artım tam yerində bir qərardır”.

Bakı Dövlət Universitetinin tələbəsi Fidan Kərimli: “Mən 2-ci kurs tələbəsiyəm və hesab edirəm ki, bəzi tələbələr də mənim kimi ailəsindən pul aldığı zaman çəkinirlər. Çalışırlar ki, stependiyaları ilə kifayətlənsinlər. Ona görə də stependiyaların artırılması bizim xeyrimizdədir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə