Eynək seçərkən diqqət edilməli MƏQAMLAR - FOTOREPORTAJ

Eynək görməyi yaxşılaşdırmaq üçün istifadə olunur. Doğru eynəyi vaxtında, düzgün seçilmiş şüşə və çərçivə ilə taxmaq görmə və həyat keyfiyyəti üçün çox vacibdir. Eynək taxmaq və ya taxmamaq gözün görmə səviyyəsini artırmır yaxud da azaltmır.

Eynəklərin məqsədi görməni təmin etməkdir. Ancaq uşaqlarda normaldan daha yüksək bir refraktiv səhv varsa eynək taxmamaq gözün dönməz tənbəlliyinə səbəb ola bilər.

Hazırkı dövrümüzdə də eynəkdən istifadə edənlərin sayının artmasını nəzərə alaraq bu mövzu ilə bağlı insanların, eyni zamanda mütəxəssisin rəyini aldıq.


İlk olaraq Bakıda yerləşən “Majesty” eynək mağazasına yaxınlaşdıq.


Mağaza meneceri Heydər Əliyev:
“Vətəndaşlar eynək seçimi etdikdə ilk olaraq keyfiyyət və orjinal olması ilə maraqlanırlar. Daha sonra isə üz quruluşuna uyğun olan eynəyin seçilməsinə diqqət edirlər. Çərçivələr adətən xüsusi ağac növlərindən, titan, gümüş, qızıl matreallarından hazırlandığına görə qiymətləri də dəyişir. Optik eynək də təbii ki, əsas şüşənin keyfiyyətli olmasıdır. Optik şüşələr də keyfiyyətinə, fərqli ölkə istehsalı olmasına görə müxtəlifdir. “Premium klass” şüşələrin isə adətən daxilində istehsalçını təsdiqləyən loqo olur. Eynək müştəriyə təhvil verilən zaman üzərindəki loqo müştəriyə göstərilib təhvil verilir. Bu zaman müştəri də ona verilən eynəyin orijinal olmasından əmin olur. Qiymətlər isə şüşənin qoruma təbəqəli olmasına, incəlmə indeksinə, qırılmağa davamlı, cızılmaya dayanıqlı, tez təmizlənmə, parı daha tez aradan qaldıra bilməsi xüsusiyyətlərinə görə dəyişir. Bu göstəricilərə sahib olmasına görə Yaponiyanın “Hoya” firmasının şüşələrini misal çəkə bilərik. Qiymətlər isə qoruma təbəqəli olmaqla 52 AZN-dən başlayır. Loqolu (qalaqramalı) cızılmaya qarşı daha dayanıqlı şüşələrin qiyməti isə 70 AZN-dən başlayır. Mağazamızda oftolmoloq da fəaliyyət göstərir. Müştərilərin istəyinə uyğun olaraq göz müayinələri də etmək mümkündür. Bunlardan əlavə mağazamızda eynəklərin təmiri də mövcuddur. Vətəndaşlar adətən eynəyin buruncuqlarının təmiri, dəyişdirilməsi, yaxud da eynəyin üz quruluşuna uyğun olaraq tarazlığının bərpa edilməsi və s. bu kimi problemlərlə yaxınlaşırlar. Mağazamızın peşəkar ustaları tərəfindən problemləri aradan qaldırılır”.


Mövzu ilə bağlı mütəxəssis rəyini almaq üçün isə oftomoloq Paşa Qəlbinura müraciət etdik: “Eynək seçmək çox insana adi bir şey kimi görünsə də, çox ciddi bir məsələdir. Çünki yanlış seçilmiş bir eynək xəstəliyin üzərinə xəstəlik gətirə bilər. Xarici aləmlə insan arasındakı əlaqə təhrif olunmuş olur. Birinci olaraq, eynəyi həkim məshələti ilə almaq lazımdır. Yəni metro tinlərində, küçələrdə qurulmuş stendlərdən eynək almaq düzgün deyil. Bu zaman həkim müayinəsində olmadan, dərəcə müəyyən edilmədən eynəyi seçirlər. Gözlərinə uyğun olduğunu düşünüb alırlar. Amma ki, bu daha sonra çox böyük fəsadlara yol aça bilər. Keyfiyyətsiz şüşədən hazırlanmış eynəklərdən istifadə etmək də gözdə olan problemlərin artmasına səbəb olur. Buna görə də eynəkləri rəsmi mağazalardan əldə etmək lazımdır. Ümumiyyətlə göz ilə bağlı olan xəstəliklər hədsiz çoxdur. Buna görə də ciddi yanaşmaq lazımdır. Gün eynəklərinin də seçimi müxtəlifdir. Sağlam gözə istənilən gün eynəyindən istifadə etmək olar. Amma problemli gözlərdə gün eynəyinin də seçimində diqqətli olmaq lazımdır”.

Son olaraq isə mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu apardıq:
Tanınmış Azərbaycan aktyoru Bəhram Bağırzadə: “Birincisi cibimə baxıram ki, bəyəndiyim eynəyi almağa gücüm çatır, ya yox. Rəhmətlik atam deyirdi ki, “evə pişik də alanda yaxşısını alın”. Eynəy də elə bir şeydir ki, onun ən bahalısını da yox, ən keyfiyyətlisini almaq lazımdır. Çünki gözlə zarafat etmək olmaz. Apravanə keyfiyyətsiz, ucuz almaq olar. Amma şüşə seçimində xüsusilə diqqətli olmaq lazımdır. Mən adətən Yapon, Almaniya, İsveçrə və Türkiyə şüşələrinə üstünlük verirəm. Bir vətəndaş kimi irad odur ki, insanlar eynək alırlarsa ən keyfiyyətlisini alsınlar. Partlamış qarğıdalı, dönər, pambıq almasınlar, amma yaxşı eynək alsınlar”.

Şəhər sakini Əli Zülfüqarov: “Eynək alarkən ilkin olaraq şüşənin keyfiyyəti nəzərə alınmalıdır, daha sonra formasına baxılmalıdır. Ümumiyyətlə düşünürəm ki, eynək seçimi etməzdən əvvəl mütləq həkim müayinəsində olmalı, eynək seçimi ilə bağlı onun məsləhətini almaq lazımdır.”

Şəhər sakini Sona Şixəmirli:
“Elə bu yaxınlarda eynək almışam. Təbii ki, keyfiyyətli eynəyi seçə bilmək məni yetərli qədər narahat edirdi, buna baxmayaraq görünüşünə də önəm verirəm. Çünki kompleksli biri deyiləm, amma yenə də görünüşünün yaxşı olmasına çox önəm verirəm”.

Şəhər sakini Fehruz Rzayev: “Ümumiyyətlə eynək alanda həm keyfiyyəti, həm də görünüşü nəzərə alınmalıdır. Çünki bəzən eynək taxanlara münasibət birmənalı olmur, buna görə də formasına üstünlük verilir”.

Şəhər sakini Orxan Şahbazov: “Ümumiyyətlə eynək istifadəsi zaman əsas iki şeyə fikir verirəm. Şüşəsinin keyfiyyətli olması və markası mənim üçün böyük əhəmiyyət kəsb edir. Marka düşkünü deyiləm, amma yaxşı marakalara pul verməyə dəyər. Hazırda istifadə etdiyim eynək İtaliya markasıdır, şüşəsi isə Türkiyə istehsalıdır. Türkiyənin istehsal etdiyi şüşələri daha çox bəyənirəm”.

Şəhər sakini Rüstəm Rəhimov: “Eynək aldığım zaman təbii ki, birinci şüşənin keyfiyyətini nəzərə alıram. Adətən Rusiya, Almaniya istehsalı şüşələri tərifləyirlər. Amma bəzən Almaniya adı ilə keyfiyyətsiz şüşələri də satırlar. Bunu öyrənməyin ən yaxşı yolu da həkimin məsləhət görməsidir”.​

Şəhər sakini Zeynəb Allahquliyeva:“Ümumiyyətlə eynəklərdən mütəmadi olaraq istifadə etmirəm. Ancaq fəsillərə uyğun olaraq istifadə edirəm. Xüsusilə də şüaya qarşı eynəklərdən istifadə edirəm. Şüaya qarşı istifadə etdiyim eynəklərdə formasına, keyfiyyətinə üstünlük versəm də, günəş üçün eynəklərdə bunlara o qədər də fikir vermirəm”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə